McDonald`s ideyası kimə məxsusdur? | Banco.az

McDonald`s ideyası kimə məxsusdur?

Ray Krok (Ray Kroc) bir gün avtomobillə gedərkən qeyri-adi bir mənzərə ilə qarşılaşır. Qarşısındakı avto dayanacaq insanlarla doludur və uzun bir növbə var. Əllərində yemək olan növbədəkilərin üzü gülür. Krok maşından düşüb insanların olduğu yerə doğru gedir.

“15 sentə dünyanın ən ləzzətli hamburgerini satırıq. Növbə gözləmək dərdi, bəxşiş vermək zərurəti yoxdur.”

Daxil olduğu kiçik restoranın girişində məhz belə yazılmışdı.

Ray Krok Amerikanı başdan ayağa gəzərək südlü kokteyl hazırlayan maşınlar satdığı üçün ölkədəki bütün restoran tiplərini bilirdi. Ancaq beləsini ilk dəfə görürdü.

Bu hadisə 1954 – cü ildə yaşanılır. Yəni, McDonald qardaşlarının Kaliforniyadakı kiçik restoranlarını açmalarından 14 il sonra...

İndi isə gəlin, dünyanın ən böyük fast-fud restoran şəbəkələrindən biri olan McDonalds-ın uğur hekayəsinə nəzər salaq:

McDonalds nə vaxt və necə quruldu?

Mac Donald və Dick McDonald fast-fud stendi işinə 1940 – cı ildə başladılar. Ancaq 8 il ərzində əsaslı bir qazanc əldə edə bilmədilər. 8 il sonra isə istehsal avtomatikləşməyə başladı. Yəni minimum əmək sərf edərək maksimum sayda hamburger hazırlanmağa başlanıldı. Restorandan ofisantları, stol və stulları yığışdırdılar. İnsanlar artıq bayırda bir pəncərənin qarşısında növbəyə daxil olub sifariş verirdilər. Bütün xərcləri mümkün qədər azaldan Donald qardaşlar keyfiyyəti əsla aşağı salmadılar. Dick McDonald mövzu ilə bağlı belə deyir:

“Konsepsiyamız sürətli xidmət, ucuz qiymət və satış həcmi istiqamətlidir. Qiymətləri aşağı səviyyədə saxladıqca müştərilərimizin sayı artır və üstəlik müştərilər öz işlərini özləri görürlər.”

1954 – cü ildə McDonald qardaşlar əlavə 10 restoran da açırlar, ancaq bu restoranlarda eyni uğuru əldə edə bilmirlər. Onu da qeyd edək ki, restoran dedikdə indiki McDonald`s restoranları fikrinizdə canlanmasın, çünki o vaxtlar insanlar sadəcə hamburger və coca-cola alıb gedirdilər. Yəni, oturacaq yerlər yox idi.

Ray Krok işə əl atdı

Məhz bu məqamda İllinoys ştatından olan Ray Krok işə əl atır. Güclü vizyonu və cəsur marketinq üsulları olan Krok hər zaman böyük işlər görməyi sevirdi. Südlü koktely hazırlayan maşınlar satan və eyni zamanda Florida ştatında əmlak agenti işləyən Krok daima öz işində ən yaxşı olmağa çalışırdı.

McDonald qardaşlara öz françayzinq ideyasınından bəhs edən Krok belə deyirdi:

“Ölkədəki avtomobil yollarının kənarında yüzlərlə McDonald`s restoranın olması fikri məni olduqca həyəvanlandırır.”

Ancaq McDonald qardaşlar başlanğıcda onun bu fikrinə müsbət yanaşmırlar. Çünki Kaliforniyadakı şöbələrində yaxşı qazanc əldə edirdilər. Təkcə bir şöbənin fəaliyyət göstəməyi onlara kifayət edirdi. Ancaq Krok təkid edir, yeni şöbələrin açılışında fəal iştirak edəcəyini, onların təkcə qazanacaqları pulu düşünmələrini söyləyirdi. Bu təkidlərə qarşı gələ bilməyən qardaşlar onun təklifi qəbul edirlər.

Kork işləri böyütdü

Dərhal hazırlıqlara başlayan Ray Krok françayzinq satışına başlamazdan əvvəl nümunə bir şöbə açmağa qərar verir. Bir dostu ilə Çikaqoda 1955 – ci ildə müştərək şöbə açırlar. Kaliforniyada fəaliyyət göstərən şöbə kimi buranın da vaxt və pula qənaət etməyi zəruri idi. Yeməklərin hazırlanmasında istifadə edilən bütün ləvazimatların dizaynı belə xərcləri minimuma endirmək baxımından əhəmiyyət kəsb edirdi. Ancaq hər şeydən əsası Krok qidanın keyfiyyəti ilə bağlı çox diqqətli idi. Xüsusilə qızardılmış kartof dilimləri insanlar tərəfindən çox sevildi. İnsanlar qızardılmış kartof dilimləri almaq üçün McDonald`s – a gedirdilər.

Düzdür, Çikaqoda fəaliyyət göstərən yeni şöbə Kaliforniyadakı qədər yaxşı qazanc gətirmirdi, ancaq yenə də açıldığı ilk gündən satışları olurdu. Bu səbəbdən də bir çox insan nümayəndəlik üçün Kroka müraciət edirdi. Bir il ərzində ABŞ daxilində 11 McDonald`s şöbəsi açıldı. Növbəti il isə daha 25 şöbə də fəaliyyətə başladı.

Ray Krok McDonald`s şirkətini satın aldı

Ən sərfəli kredit üçün müraciət et

Bu restoranlardan əldə edilən gəlirə rəğmən Krok McDonald qardaşlarla razılaşmadan çox da məmnun deyildi. 1961 – ci ldə sirkəti satın almağı təklif etdi və McDonald`s – ı 2.7 milyon dollar qarşılığında aldı. Bu məbləğin olduqca yüksək olduğunu düşünsə də, Krok həyatının ən doğru yatırımını etmişdi.

Bu gün 37 855 şöbə fəaliyyət göstərir

Image result for mcdonalds

Ray Krok 1968 – ci ildə CEO vəzifəsini tərk etsə də, şirkətdə aktiv fəaliyyəti davam edirdi. 1970 – ci illərdə yaşanılan iqtisadi böhran vaxtlarına baxmayaraq, şirkətin böyüməsi istiqamətində hərəkət edirdi.

“Niyə hər şeyin qiyməti daha ucuz olduğu bu vaxtlarda böyüməyə cəhd etmirsiniz” deyə şirkətin idarə heyətinə təkid etdiyi bilinir.

Krok 1984 – cü ildə həyatını itirdiyi zaman 32 fərqli ölkədə cəmi 8000 – dən çox McDonald`s filialı fəaliyyət göstərirdi. Hazırda isə dünya üzrə təqribən 37 855 (2018 – ci il statistikası) restoran fəaliyyət göstərir. Restoran başına orta hesabla 2.2 milyon dollarlıq satış həyəta keçirən McDonald`s şirkətinin illik gəliri 70 milyon dollar təşkil edir. Bu rəqəm isə il ərzində təqribən 25 milyard insanın McDonald`s retoranlarından hamburger alması, ya da kassirlərin bir il ərzində 25 milyard sifariş qəbul etməsi ilə mümkündür.

Bəs, bu uğurun sirri nədir?

Bəs, idarə etmənin yaxşı təşkil edilməsi və müəyyən qədər də şansın köməkliyini bir kənara qoysaq, McDonald`s necə bu qədər uğura nail ola bildi?

Şirkətin tarixinə nəzər saldıqda üç təməl prinsip gözümüzə çarpır. Françayzinq modeli, məhsuldarlılıq və müştəri məmnuniyyəti.

Françayzinq – bir şirkətin əmtəə nişanının, firma texnologiyalarının, idarəetmə sisteminin istifadə etmə hüququnu müəyyən şərtlərlə başqa şirkətə satışı və ya müvəqqəti təqdim edilməsidir.

Həmçinin oxu: Françayzinq nədir? Hansı faydaları var?

Əgər yaxşı markaya sahibsinizsə və iş modeliniz düzgündürsə, françayzinq demək olar ki, bütün şirkətlərin marağına səbəb olan bir üsuldur. Şirkətinizin isim haqqlarını, imicini, məhsulunu və keyfiyyətini distributorlara təklif edir və daha sonra bu üsulla gəlir əldə edirsiniz. Üstəlik françayzinq modelinə uyğun bir iş qurmaq üçün sərmayənin çox olmasına da ehtiyac yoxdur. Bu da sözügedən modeli cəlbedici edir.

Françayzinq modeli McDonald`s üçün hələ ilk günlərdən əsas götürülən model idi. Krok mövzu ilə bağlı belə deyir:

“Şirkətimiz hamburger restoranıdır və restoran sahiblərinin səyləri sayəsində fəaliyyət göstərir. Biz kiçik müəssisələrin birləşməsindən ibarət bir qrupuq. Əgər biz bu kiçik müəssisələrin inkişafına çalışsaq, bunun faydasını daha tez görərik.”

Onu da xatırladaq ki, McDonald`s fəaliyyət göstərdiyi ölkələrə əsasən menyularda dəyişiklik edə bilər. Məsələn, bu gün McDonald`s restoranlarında ayran satılırsa, bu, şirkətin fəaliyyət göstərdiyi ölkənin mədəniyyətinə və milli mətbəxinə əhəmiyyət verdiyi üçündür. Misir, İndoneziya kimi ölkələrdə “halal” menyular olduğunu da deyə bilərik.

Image result for mcdonalds

Müştərilərin fikrində tək bir imic yaranması isə McDonald`s şirkətinin uğurunun təməlidir desək, yanılmarıq. Dünyanın harasına gedirsinizsə, daima eyni McDonald`s dadını tapa bilərsiniz. Dünyanın ən ləzzətli hamburgeri McDonald`s restoranlarında satılmaya bilər, ancaq sürətli xidmət, ucuz qiymət və sabit standart baxımından bu restoranlar şəbəkəsi fast-fud sektorunun lideridir deyə bilərik.

Həmçinin oxu: Yenə də Mcdonald`s – ı hədəf alan reklam filmi çəkildi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et