Marketoloq: "Vaxtında Azərbaycan sahibkarı onlayn ticarətə kifayət qədər investisiya ayırmayıb" | Banco.az

Marketoloq: "Vaxtında Azərbaycan sahibkarı onlayn ticarətə kifayət qədər investisiya ayırmayıb"

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Əvvəllər vətəndaşlar internet üzərindən 1000 dollaradək məhsul sifariş etdiyi zaman gömrüyə rüsum ödəmirdi. 2020-ci ildə bu limit 300 dollara qədər endirildi. Son günlərdə gömrük rüsumlarının azaldılması məsələsi yenidən gündəmə gəlib. 

Mövzu barədə marketoloq Nicat Manafov Banco.az-a danışıb. Həmin müsahibəni təqdim edirik:

Nicat bəy, əvvəllər limit 1000 dollar həddində olduğu halda heç bir sahibkar etiraz etmirdi. İndi limit azalıb, amma şikayətlər də çoxalıb. Səbəbi nədə görürsünüz?

Sahibkarlar limitin azaldılmasını çıxış yolu kimi görsələr də, problemin həlli bunda deyil.  Bu gün ənənəvi ticarətdən bəhs edə bilmirik, çünki  elektron ticarətə olan tələb artmaqdadır.  İnkişaf etmiş ölkələrdə elektron ticarətin payı 55-60 faiz təkil edir. Vaxtında  Azərbaycan sahibkarı onlayn ticarətə kifayət  qədər investisiya ayırmayıb. Çünki düşünüb ki, insanlar ona məcburdurlar, mağazasına gəlməli və  satdığı mal istədiyi  qiymətə alınmalıdır. İndi isə vəziyyət dəyişib, artıq xarici platformalar yerli bazara daxil olublar. Alıcılar da qiymətlər arasında fərqi gördüyü üçün xarici platformadan məhsul almağa üstünlük verməyə başlayıblar.

Onlayn alış-verişə üstünlük verən alıcılar da məhsul əldə etmək üçün bir çox proseslərdən keçirlər. Necə düşünürsünüz, yaxın zamanda bu çətinliklər aradan qaldırıla bilərmi?

Bəli, burada da müəyyən çətinliklər var. Azərbaycan vətəndaşları qonşu Gürcüstan vətəndaşı kimi onlayn alış-verişi asanlıqla etmir. Onlar aldıqları hər məhsulu gömrüyə bəyan etməlidirlər. Bütün bunlar da zaman itkisidir və elektron ticarətin inkişafına təsir edir. Alış-veriş edən zaman az qala min prosesdən keçirsən. Hesab edirəm ki, elektron ticarətə keçid mərhələsindəki bu addımlar yaxın zamanda ləğv olunacaq.

Nicat bəy, yerli sahibkarların onlayn ticarətə maraq göstərməsinə, yerli alış-veriş platformalarının açılmasına mane olan səbəblər hansıdır?

Ən sərfəli kredit üçün müraciət et

Bu sahədə investisiya, logistika, nəqliyyat problemləri var. Hazırda mövcud olan platformalarda isə məhsul qıtlığı, çatdırılma kimi ciddi çatışmazlığı var. Düzdür, Azərbaycanda sahibkarlara qarşı siyasət proteksionist yönümlüdür. Məqsəd yerli sahibkarları qorumaqdır. Çünki onlar iş yerləri yaradırlar, vergi ödəyirlər.

Amma elektron ticarətlə alış-verişi dayandırıb, ənənəvi satışı da davam etdirmək gələcək vəd etmir. Bu belə davam edərsə 2-3 ilə yerli tekstil sahəsi çökə bilər.

Çıxış yolu varmı? Bu sahənin inkişafı üçün hansı addımlar atılmalıdır?

Yeganə alternativ yol yerli idxal edən sahibkarlara  güzəştlər tətbiq edərək onlara bazarda rəqabətə dözümlü hala gətirməkdir. Bunun ikinci bir alternativi yoxdur. Gömrük limitinin 150 -100 dollara salsalar da , heç nə dəyişməyəcək. Çünki elektron ticarətlə daxil olan günlük mal sahəsi 70 mindir. Onları yoxlayan əməkdaşların sayı isə 6 nəfərdir. 60-70 min məhsulu beş nəfər bir-bir yoxlamalıdır, qiymətlərini “Smart Custom”da nəzərdə keçirməlidir. Bəzən vətəndaş səhv edib 5TL əvəzinə 10 yazır. Sonra buna görə əziyyət çəkib, gömrüyə gedib ərizə yazmalı olur. Bütün bunlar hamısı vaxt itkisidir.  

Bu prosesdə  Dövlət Gömrük Komitəsində işləyən yoldaşlara da əziyyət veririk. Onlar sahibkarların idxal etdiyi mallara fokuslanmaqdan ayrı-ayrı vətəndaşların şəxsi istifadə üçün aldığı məhsulları yoxlamaqla məşğuldurlar. Bunun da dövlət büdcəsinə heç bir xeyri yoxdur. Dünyada büdcəyə 85 faiz gəlir böyük sahibkarlardan gəldiyi halda Azərbaycanda bu 15-20 faiz təşkil edir. Bu rəqəm çox kiçikdir, ona görə də ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün onlara dəstək göstərmək labüddür.  Bu günün  kiçik sahibkarları gələcəyi böyük sahibkarı deməkdir. Onlar dövlətdən dəstək almalı, gömrük və vergi rüsumları baxımdan güzəştlər edilməlidir.

Əksinə addım atılarsa,  elektron ticarəti azaldıqca bu məhsulların Azərbaycanda qiymətinin qaldırılmasına və insanların rifahının aşağı salınmasına gətirib çıxaracaq.

Ən sərfəli krediti almaq üçün müraciət et