Bəzi tanınmış markalar adlarından istifadə etmədən də özlərini asanlıqla tanıda bilərlər. Bu tendensiya “Debranding” adlanır. Sözün hərfi mənası markasızlaşma mənasına versə də, debranding əslində markaların öz logolarından adlarını silərək tanınmalarıdır.
Sözügedən üsul bir neçə ildir ki, geniş yayılmış marketinq vasitəsi olaraq istifadə edilir, həmçinin markaların tanınma gücünü gözlər önünə sərir.
Bəzi rənglər və loqolar tək başına markanın “branding” - ni formalaşdırırlar. Bu sətirləri oxuyarkən ağlınızda müəyyən markalar canlandı, elə deyilmi? Məsələn, dişlənmiş alma təsviri gördüyünüz bir yerdə Apple yazısını oxumasanız belə, söhbətin hansı markadan getdiyini dəqiqliklə bilirsiniz. Və ya Coca-Cola – nın qırmızı müstəvi üzərində dalğalı bəyaz cizgisi sizə markanı tanıtmaq üçün kifayət edir. Məhz bu, marketinqdə “debranding” adlanır.
Debranding üsuluna nə üçün ehtiyac duyulur?
Bu sualın bir çox əsaslı səbəbi vardır. Xüsusilə artıq getdikcə minimallaşan dünyamızda hər il dizayn tendensiyaları sadələşir və markaların da hər kəsə tanış olan adları bir müddət sonra o minimallığı pozacaq ir görünüş yaradır. Bununla yanaşı məxsusi bir təsvir və ya rəng ilə markanın tanınması da öz növbəsində şirkətin gücünün simvoludur.
Hazırda debranding üsulundan istifadə edən markalar ilk təsis edildikləri zaman loqolarında öz adları əks olduğu halda artıq hər kəsin yaddaşına həkk olmuş loqolarına və dizaynlarına ad əlavə etməyə ehtiyac duymurlar.
Bütün dünyada tanınan Nike firmasının loqosu bir tələbənin çəkdiyi rəsmdən ilhamla dizayn edilib və əvəzində həmin tələbəyə 35 dollar dəyərində bir çek imzalanıb. Bu gün həmin işarəni gördüyü zaman ağlına Nike markası gəlməyən çox az insan vardır.
Apple şirkətinin loqosunun necə yaranması ilə bağlı müxtəlif fərziyyələr mövcud olsa da, bu gün dişlənmiş alma təsviri gördükdə hər kəsin ağlına məhz Apple markası gəlir.
Hər kəs tərəfindən olduqca tanınan Starbucks markası loqosunda şirkətin adının əks olunmasını 2011 – ci ildə dayandırıb.
M hərfini görən əksər insanlar söhbətin hansı markadan getdiyini asanlıqla bilirlər.
Sarı-qırmızı balıqqulağı loqosu ilə bütün dünyada avtomobil sürücülərinin etibar etdiyi bir marka olan Shell də artıq öz loqosunda adının qeyd edilməsinə ehtiyac duymur.
Həmçinin oxu: Dünyaca məşhur markaların loqoları haqda BİLMƏDİKLƏRİNİZ
Tamara Mustafayeva, Banco.az