İşsizlər necə kredit götürə bilər? | Banco.az

İşsizlər necə kredit götürə bilər?

Müasir dövrdə heç kim hal-hazırda çalışdığı iş yerini itirmək təhlükəsindən sığortalanmayıb. Bəzi insanların isə daimi gəliri olsa da, həmin gəlir onların əmək kitabçasında öz əksini tapmır. Bu səbəbdən də bu insanlar rəsmi olaraq, işsiz hesab olunurlar. Bəs belə bir vəziyyətdə sizə yüksək məbləğdə kredit lazım olsa necə?

İşsizlər banka kredit üçün müraciət etdikləri zaman onlar hansı problemlərlə üzləşə bilərlər? İşsizlərin əsas problemi ondan ibarətdir ki, onlar banka ödəmə qabiliyyətini rəsmi şəkildə təsdiq edən sənəd təqdim edə bilməzlər. Həmin sənəddə fiziki şəxsin gəliri və iş yeri barəsində məlumat əks olunur və bu sənəd bank tərəfindən borcalandan tələb olunan vacib sənədlər sırasına daxildir. Bununla yanaşı, həmin sənəd borcalanın götürdüyü krediti qaytaracağına təminat verir. Əks təqdirdə, bank öz pulunu həmin müştəriyə etibar edə bilməz. Lakin bütün bunlarla yanaşı, işsizlərin də kredit götürmək imkanı və şansı vardır.

İlk olaraq qeyd etməliyik ki, banklar işsizləri müəyyən kateqoriyalar üzrə təsnifatlaşdırırlar. 1-ci kateqoriyaya əmək birjasında olan və rəsmi işsiz statusu almış şəxslər aiddir. Bu tipli borcalanlar yaxın gələcəkdə iş tapmaq üçün real şanslara malikdirlər.

İşsizlərin 2-ci kateqoriyasına isə rəsmi iş yeri olmayan, lakin buna baxmayaraq, işləyən və gəlir əldə edən insanlar aiddirlər. Yəni, müştərinin daimi gəlir mənbəyi mövcuddur. Sadəcə, rəsmi qeydiyyatı olmadığı üçün o, banka öz gəliri barəsində rəsmi sənəd təqdim edə bilmir.

3-cü kateqoriyaya isə passiv işçilər aiddir. Bu işçilər daimi iş yerinə sahib olmayan və gələcəkdə də hər hansı bir yerdə çalışmaq arzusunda olmayan şəxslərdir. Bu kateqoriyaya aid olan potensial müştərilər kredit üçün müraciət etməzdən öncə ciddi şəkildə düşünməlidirlər.

Müsbət kredit tarixçəsi işsizlərə kredit götürməkdə kömək edə bilər. Əgər potensial müştəri bankın kredit xidmətindən daha əvvəl bir və ya bir neçə dəfə istifadə edibsə, o zaman növbəti dəfə krediti rəsmiləşdirmək olduqca asan başa gələcək. Banklar öz köhnə müştərilərinə hər zaman ilk müştəriləri ilə müqayisədə, daha çox etibar edirlər. Müsbət kredit tarixçəsinə malik müştərilər bankın "vicdanlı müştərilər" siyahısına daxil edilirlər. Əgər müştəri daha əvvəl götürdüyü krediti vaxtlı-vaxtında və heç bir gecikmə olmadan ödəyibsə, o zaman növbəti dəfə banka müraciət etdikdə, ona kredit verilməsi ehtimalı olduqca yüksək olur. Çünki bu müştəri artıq bankın etibarını qazanmağa müvəffəq olub.

Ən sərfəli kredit üçün müraciət et

Bəzən kredit təşkilatlarının əməkdaşları borcalandan götürdüyü krediti necə ödəyəcəyini soruşurlar. Borcalan unutmamalıdır ki, onun bank əməkdaşına təqdim etdiyi istənilən nömrəyə bank tərəfindən zəng ediləcək və borcalanın verdiyi məlumatın dəqiqliyi yoxlanılacaq.

Təcrübə göstərir ki, işsizlərə kredit borcunu kredit kartı şəklində almaq daha asan olur. Bank hər hansı yeni məhsulu təbliğ edən zaman öz potensial müştərilərinə daha loyal münasibət bəsləyir, kreditləşmə üzrə tələblər yüngülləşdirilir, müştərilərin maraqları əsas prioritet kimi götürülür və nəticədə, hətta işsiz borcalana da kredit verilir.

İşsizlərə kredit verilməsini asanlaşdıran ən faydalı üsullardan biri də əmlak şəklində girov qoyulmasıdır. Qeyd edək ki, borcalan həmin əmlak üzərində qismən və ya tam mülkiyyət hüququna malik olmalıdır. Bu zaman daşınmaz əmlak (mənzil, ev, bağ), yerli və ya xarici avtomobil (istifadə müddəti 3 ildən çox olmayan), bankda depozit hesabı, qiymətli kağızlar və digər maddi dəyərlər girov kimi qəbul edilə bilər.

Borcalan kredit müqabilində banka girov təqdim edə bilməsə, o zaman kreditor-bank işsiz borcalandan bir neçə zamin təklif etməyi tələb edəcək. Qeyd edək ki, müştəri borc müddətində ödəmə qabiliyyətini itirərsə, onun bütün borc öhdəlikləri həmin zaminlər tərəfindən yerinə yetirilməlidir.

Kredit brokerlər borcalanlar və kreditor-banklar arasında vasitəçilik edirlər. Sözügedən şirkətlərin təklif etdiyi xidmətlərin qiyməti "işin mürəkkəbliyi"ndən və kredit məbləğinin ölçüsündən asılı olaraq dəyişir. Bir qayda olaraq, ödənişin məbləği kreditin ümumi məbləğinin 15%-ni, bəzən isə 30%-ni təşkil edir.

Bəzi hallarda, banklardan deyil, kifayət qədər maliyyə resurslarına malik insanlardan borca pul götürmək daha sərfəlidir. Üstəlik, borcu məhz bu formada götürdükdə, qarşı tərəflə daha qısa zaman kəsiyində sövdələşmək mümkündür. Lakin bu üsulun mənfi tərəfini də unutmamaq lazımdır. Belə ki, bu zaman borcalan məcburi qaydada daşınan və ya daşınmaz əmlakı girov şəklində təqdim edir və standart bank krediti ilə müqayisədə, daha yüksək faiz dərəcələri ödəmək məcburiyyətində qalır.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et