Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada işsizlik nisbəti 4,2 faiz səviyyəsində sabit qalıb.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) 2023-cü ilin sentyabr-noyabr ayları üzrə əmək bazarı məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, sözügedən dövrdə 4,2 faiz olaraq təyin olunan işsizlik nisbəti əvvəlki üç aylıq dövrə görə dəyişməyib.
Bu dövrdə işçilərin mükafatları nəzərə alınmadan müntəzəm əməkhaqqının artımı illik 6,6 faiz, mükafatlar da daxil olmaqla ümumi əməkhaqqının artımı isə 6,5 faiz hesablanıb. İnflyasiya nəzərə alınmaqla, ümumi əmək haqlarında artım isə 1,3 faiz təşkil edib.
Qeyd edək ki, noyabr ayında ölkədə tətillər nəticəsində 69 min iş günü itirilib. Bu rəqəm 2022-ci ilin may ayından bəri tətillər səbəbindən ən aşağı iş günü itkisi kimi qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!