İnflyasiya təsirlərini azaltmaq üçün dünya ölkələri hansı tədbirləri görür? | Banco.az

İnflyasiya təsirlərini azaltmaq üçün dünya ölkələri hansı tədbirləri görür?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hökumətlər yüksək inflyasiyanın təsirlərini azaltmaq üçün yeni tədbirlər görməyə davam edirlər.

Banco.az xəbər verir ki, Kovid-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan tədarük problemləri səbəbindən bir çox ölkədə enerji, əmtəə və ilkin tələbat mallarının qiymətləri yüksək olaraq qalır.

Dünya iqtisadiyyatının inflyasiya ilə mübarizə tədbirləri davam edərkən yüksək inflyasiya inkişaf etmiş iqtisadiyyatlarla yanaşı, inkişaf etməkdə olan ölkələrdə də insanların yaşayış xərclərini günü-gündən artırır. Dünyanın bir çox ölkəsində ikirəqəmli inflyasiya müşahidə olununduğu bir vaxtda ölkələrin yüksək inflyasiyaya qarşı mübarizəsi sərt pul siyasəti ilə yanaşı, tənəzzül narahatlıqlarını da gətirir.

Hazırda bəzi iqtisadiyyatlarda inflyasiya bu ilin ortalarında rast gəlinən tarixi səviyyələrdən bir qədər aşağı düşməyə başlasa da, hökumətlər yeni tədbirlərlə inflyasiyanın vətəndaşlara təsirini azaltmağa çalışırlar.

Amerika Qitəsi

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da inflyasiya 41 ilin pik həddinə çatdıqdan sonra, xüsusilə enerji və ərzaq məhsullarının qiymətlərinin artması səbəbindən son aylarda sürətini azaldıb. Noyabrda ölkədə İstehlak Qiymətləri İndeksi (İQİ) illik müqayisədə 7,1 faiz artaraq gözləniləndən az olub.

Xüsusilə benzin qiymətlərindəki artımın inflyasiyanın əhəmiyyətli bir hissəsini təşkil etdiyinə inanan ABŞ hökuməti benzinin qiymətini aşağı salmaq üçün tədbirlər görərək inflyasiya ilə mübarizə aparır.

Bu yaxınlarda isə Bayden administrasiyası ABŞ-da aztəminatlı ev təsərrüfatlarına istilik xərclərini azaltmağa kömək etmək üçün 13,5 milyard dollar maliyyə ayıracağını açıqlayıb.

Avropa

Oktyabrda 10,6 faizlə rekord həddə çatan Avrozonada illik inflyasiya noyabrda 10,1 faizə düşüb.

Avropa İttifaqına (Aİ) üzv dövlətlər inflyasiyanı yuxarıya doğru çəkən enerji qiymətlərinə qarşı xüsusi tədbirlər görməyə davam edərkən, Aİ-yə üzv dövlətlər nəhayət təbii qaza meqavat/saat üzrə 180 avro qiymət həddinin tətbiq edilməsi ilə bağlı razılığa gəliblər.

Aİ-yə üzv ölkələr, xüsusilə enerji sahəsində müxtəlif tədbirlər görməyə davam edirlər. Yanvar ayından etibarən Almaniya hökuməti yaşayış və sənaye obyektləri üçün elektrik və qaz ödənişlərinin yuxarı hədlərini təyin etmək üçün 100 milyard avroluq qanun qəbul edib. 

Ən sərfəli kredit üçün müraciət et

Çexiyada iri şirkətlər üçün elektrik enerjisi və təbii qaz qiymətlərinin hazırda ev təsərrüfatları və kiçik şirkətlərdən alınan qiymətlərlə eyni səviyyədə saxlanılması təsdiqlənib.

Portuqaliya hökuməti isə gələn il təxminən 1 milyon ev təsərrüfatları və kiçik müəssisələr üçün elektrik enerjisinin qiymətinin artımını 3,3 faizlə məhdudlaşdıracağını açıqlayıb.

Xorvatiya da elektrik enerjisinin qiymətlərini mart ayına qədər məhdudlaşdırmaq qərarına gəlib.

Asiya-Sakit Okean

Asiyada da qiymət artımları fonunda hökumətlər yeni tədbirlər görməyə davam etdilər.

Yaponiyada inflyasiyanın təsirlərini azaltmaq üçün enerji xərclərinə subsidiyaların daxil olduğu 200 milyard dollarlıq yeni ödəmələr paketi elan edilib.

Sentyabr ayında yanacağa vergi endirimlərinin tətbiq edildiyi və minimum əmək haqqının 5-8 faiz artırıldığı Tailandda isə dizel yanacağı üçün istehlak vergisi endirimi yanvarın 20-dək uzadılıb.

Hindistanda yerli hökumətlər təxminən 13 milyard dollarlıq yardım paketlərini elan etdikdən sonra hökumət ərzaq qiymətlərinin artırılması üçün yeni tədbirlər həyata keçirib.

Yaxın Şərqdə isə Misirdə yüksək inflyasiya ilə mübarizə çərçivəsində 10-15 strateji və əsas mallar üçün “ədalətli qiymətləri” müəyyən etmək üçün komitə yaradılıb.

İyul ayında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sosial yardım xərcləri artıb. BƏƏ aztəminatlı ailələrə verilən maliyyə dəstəyini 28 milyard dirhəmə (7,6 milyard dollar), Səudiyyə Ərəbistanı isə 20 milyard riala (5,33 milyard dollar) çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et