“İnanılmazdır, amma gerçəkdir” | Banco.az

“İnanılmazdır, amma gerçəkdir”

2018-ci il yaddaşımıza futbolla bağlı müxtəlif maraqlı məqamlarla qalır. Dünya çempionatının keçirildiyi müddətdə isə bir sıra ciddi transferlər baş tutdu ki, onların da içərisində “ilin transferi” Kriştiano Ronaldonun Madrid “Real”ından “Yuventus”a keçidi oldu. Əslində Çempionlar Liqasının final görüşündən sonra bu haqda söz-söhbətlər gəzsə də heç kim bu transferin reallaşacağını gözləmirdi. Amma Andrea Anyelli və Cüzeppe Marottanın səyləri nəticəsində 33 yaşlı Ronaldo artıq “Yuventus”un oyunçusudur. Ulduz futbolçunun Turin klubuna keçidinin rəsmən açıqlanmasından sonra satışlarda da ciddi yüksəliş qeydə alınmağa başladı. “Qoca Sinyora”nın “Real” 120 milyon avroya transfer etdiyi portuqaliyalı ulduzun hətta rəsmi imzasından əvvəl bu artımlar başlamışdı. Transfer rəsmi olaraq öz təsdiqini tapdıqdan sonra  “Yuventus” azarkeşləri tərəfindən 24 saatda 520 min forma satın alındı ki, klub bu müddət ərzində forma satışından 55,9 milyon gəlir əldə etdi.   Satılan formaların 20 mini “Adidas” və “Yuventus” mağazalarında, 500 mini isə onlayn şəkildə satılıb. Bir ara hətta klubun mağazalarında çöküşün yaşandığı da deyilirdi. Təkcə bu da deyil. Belə ki, transfer öz rəsmi təsdiqini tapdıqdan sonra “Yuve”nin sosial media hesablarında böyük izləyici artımı yaşanıb. Klubun rəsmi “İnstaqram” səhifəsində 1,5 milyon, “Tvitter” hesabında 1,1, “Feysbuk” səhifəsində yarım milyona yaxın izləyici bombası yaşanıb. Sosial şəbəkələrdə böyük müzakirə mövzusu olan bu məsələ ilə bağlı dünyanın əksər futbolçuları portuqaliyalı ulduza öz ürək sözlərini bildiriblər. Onlardan biri də, “Yuventus”un keçmiş “7 nömrə”si Xuan Kuadradodur. O, öz formasını Ronaldoya verərkən “bəzən vermək almaqdan daha müqəddəsdir. Ona yeni macərasında uğurlar arzulayıram” - deyə bildirib. Dortmund “Borussiya”sının İdarə heyətinin sədri Hans Yoahhim Vatske isə sözügedən transfer haqqında bunları söyləyib: “Kristiano Ronaldo möhtəşəm oyunçudur. Biz onun transfer dəyərini ödəyə bilərdik, ama illik 40 milyon avro maaşını verə bilməzdik”. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ronaldoya “Yuventus”da illik 30 milyon avro maaş veriləcək. Bütün futbol dünyasını silkələyən bu xəbər İtaliya mətbuatında sevinclə qarşılanıb. Yerli mətbuatda transfer haqqında “inanılmazdır, amma gerçəkdir” deyə bəhs edilib.

Ən sərfəli kredit üçün müraciət et

Şəbnəm Mehtizadə, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et