Əmanətlərin sığortalanması üzrə faizlər bundan əvvəl cəlb olunan əmanətlərə aid edilirmi? | Banco.az

Əmanətlərin sığortalanması üzrə faizlər bundan əvvəl cəlb olunan əmanətlərə aid edilirmi?

2007-ci ildən fəaliyyətə başlamış Əmanətlərin Sığortalanması Fondu banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını alır, bununla da Respublikada maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin edir.

Fondun yarandığı gündən sığortalanan əmanətlərin illik faiz dərəcələri isə müəyyən dövrlərdə dəyişdirilmişdir.

Tətbiq olunan dövr

Manatda olan qorunan əmanət üçün illik faiz dərəcəsinin həddi

Xarici valyutada olan qorunan əmanət üçün illik faiz dərəcəsinin həddi

13.08.2007-09.04.2008

23,40%

10.04.2008-08.06.2008

25,20%

09.06.2008-13.10.2008

27%

14.10.2008-30.10.2008

21,60%

31.10.2008-30.11.2008

18%

01.12.2008-31.12.2008

15%

14,40%

01.01.2009-31.05.2010

15%

15%

01.06.2010-01.03.2016

15%

12%

02.03.2016-30.06.2019

15%

3%

01.07.2019- bu günədək

10%

2,50%

Ən sərfəli kredit üçün müraciət et

 

Banco.az xəbər verir ki, 1 iyul 2019-cu ildən etibarən bu faiz dərəcələri milli valyutada qoyulan əmanətlər üçün 10%, xarici valyutada qoyulan əmanətlər üçün isə 2.5% olmuşdur.

Bu şərtlər bu tarixədək qoyulan əmanətlərə də aid edilirmi?

Əmanətin cəlb edildiyi vaxta əmanətlərin sığortalanması üzrə təyin olunmuş faiz dərəcəsi nə qədərdirsə, o faiz dərəcəsinə qədər qoyulan əmanətlər müqavilə vaxtı bitənədək sığortalanır. Məsələn, 02 mart 2016-cı il tarixindən banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmuşdur. Yəni həmin tarixdən bu günədək əgər Fonda üzv olan banklarda əmanət yerləşdirmisinizsə, həmin əmanət müqaviləsinin müddəti bitənədək bankda hər hansı sığorta hadisəsi baş verərsə, sizin əmanətiniz milli valyutada illik 15%, xarici valyutada isə illik 3%-dək cəlb olunmuşdursa, 4 il müddətinə sığortalanır və tam olaraq əmanətçinin özünə qaytarılır.

Cəlb edildiyi günə müəyyən edilən həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər isə sığortalanmır və iştirakçı bankda sığorta hadisəsi baş verdikdə onlara görə kompensasiya ödənilmir.

Əmanətlərin hansı hissəsi kompensasiya şəklində əmanətçiyə qaytarılır?

Kompensasiyanın maksimum həddi 30 000 manatı keçməmək şərtilə əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

Kompensasiya hansı valyutada əmanətçiyə verilir?

Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə - manatla, həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla, ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda, digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesblanmış ABŞ dolları və ya avroda ödənilir.

Kompensasiyanı əmanətçi necə ala bilər?

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:

1. əmanət (bank hesabı) müqaviləsi;

2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);

3. şəxsiyyəti təsdiq edən sənəd;

4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilər. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.

 

* Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Ən sərfəli krediti almaq üçün müraciət et