"Əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir" | Banco.az

"Əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 noyabr tarixinə Azərbaycan banklarının depozit portfeli 12 milyard 564 milyon manat olub.

Banco.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 141 milyon manat və ya 1,1% azdır.

Depozit portfelində azalma ilə bağlı iqtisadçı Vüqar Bayramov bildirib ki, əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə belə, nəzərə alınmalıdıır ki, bu ilin fervralından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir:

“Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi. Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır.

Həmçinin oxu: Manat əmanəti hansı banklarda daha sərfəlidir? - Dekabr 2023

Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçının sözlərinə görə, gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi: “Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

Onu da qeyd edək ki, 1 fevral 2023-cu il tarixdən etibarən banklarda yerləşdirilən əmanətlərdən əldə olunan gəlirdən 10% vergi tutulur. Bu vergi yalnız əmanətdən əldə olunan faiz gəlirinə aiddir, yerləşdirilən əmanət məbləğinə isə heç bir vergi tutulmur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et