“DəmirBank”da əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödənilir | Banco.az

“DəmirBank”da əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödənilir

Bu gündən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb.

 

Əmanətlərin Sığortalanması Fondundan "APa_Economics"ə verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

 

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

 

Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

Ən sərfəli kredit üçün müraciət et

 

"Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur. Kompensasiyaların ödənilməsi üçün ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər", - deyə məlumatda vurğulanıb.

 

Xatırladırıq ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et