Banco.az portalının yaranma tarixi və uğurunun sirrləri – Müsahibə | Banco.az

Banco.az portalının yaranma tarixi və uğurunun sirrləri – Müsahibə

Banco.az saytının qurucusu və rəhbəri Fərid İslamovun Bizplus.az saytına verdiyi müsahibəni təqdim edirik.

– Fərid İslamov kimdir?

– 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Xəzər Universitetin maliyyə ixtisasını fərqlənmə diplomu ilə bitirib universitet vaxtlarından banklarda çalışmağa başlamışam. İxtisasım maliyyə olsa da marketinqə olan marağıma görə marketinq sahəsi üzrə karyeramı qurmuşam. 5 ilə yaxın bank sektorunun marketinq sahəsində çalışdıqdan sonra son olaraq aparıcı kredit təşkilatlarının birində məhsulların inkişafına üzrə şöbə müdiri vəzifəsindən ayrılıb öz yaratdığım şirkətin idarəetməsinə keçmişəm.

Fərid İslamov

– Məlum olduğu kimi banco.az banklar haqqında portaldır. Niyə məhz bank sektoru? İdeya necə formalaşmışdı?

– Banco.az-ın ideyası elə bankda çalışdığımız müddətdə yaranmışdı. İdeya olaraq 2012-ci ildə yarandı. Biz marketinq şöbəsində çalışan zaman banklar haqqında saytlar olsa da orada yalnız xəbərlər və məqalələr yayımlanırdı. Biz bankda çalışarkən bazar araşdırmaları edirdik – rəqibləri və onların məhsullarınızı analiz edirdik. Bu araşdırmaları aparmaq üçün isə internetdə məlumat çox az idi. Vahid bir portala – sayta ehtiyac var idi. İlk olaraq bu saytı sırf bank işçiləri üçün və onların istifadəsi üçün yaratdıq. Lakin sonradan gördük ki, bankda olmayan, bankda çalışmaq istəyən və bank məhsulları haqqında məlumat almaq istəyən çoxsaylı auditoriya var. Bu baxımdan ideyanı daha da böyüdərək hal-hazırda müxtəlif tipli xidmətlər, məlumatlar və informasiyanı oxucularımıza təqdim edirik.

– İlk çətinlikləriniz nələr idi?

– İlk çətinlik əlbəttəki bu sahədə yəni sayt, internet sahəsində yeni olmamız və bu sahədə təcrübəmizin olmaması idi. Hər şeyi sıfırdan öyrənirdik. O zaman mən özüm yalnız domen sözünün nə olduğunu bilirdim. Sayt necə yaradılır idarə olunur inkişaf etdirilir – bu haqda çox az məlumata sahib idim. Yavaş-yavaş araşdıraraq və öyrənə-öyrənə indiki səviyyəyə gəlib çıxdıq. İkinci böyük çətinlik bu işi bilən , inkişaf etdirəcək kadrların çətin tapılması idi. İnsanların əksəriyyəti bankda işləmək istəyirdi ancaq saytı ciddi qəbul etmirdi. İlk başlanğıclarda ofisimiz yox idi. İşçi qəbul etmək üçün elanlar verirdik və seçilmiş namizədləri görüş yeri olaraq vağzalın yanındakı KFC-yə dəvət edirdik. Namizədlər ora dəvət ediləndə təəccüblənird və bəziləri gəlməkdən imtina edirdi. Yəni təxminən bir neçə ay lazımi işçiləri tapana qədər görüşləri orada keçirmişəm. Yadımdadır bir gün ərzində 6-7 nəfər dəvət edirdim və aralarında 30-40 dəqiqə fasilə ilə oturub gözləyirdim. Elə günlər olurdu ki, namizdələrdən heç biri görüşə gəlmirdi və mən məcbur 5-6saat kfc-də oturub gözləməli olurdum. Bir çox gənclər işin yoxluğundan şikayət edirdi ancaq müsahibələrə gəlmirdi ki, iş tapmaq şansı olsun.

Eyni zamanda digər çətinlik o idi ki, hətta deyərdim indi də bu çətinlik var. İnsanlarımız daha çox şou-biznes, əyləncə xarakterli məlumatları oxumağı sevir. Faydalı, özünü inkişaf etdirəcək lazımlı məlumatları çox tənbəlliklə oxuyurlar. Yəni hansısa müğənninin kiminlə yatıb durması bir çoxları üçün daha vacib idi nəinki iqtisadiyyat, karyera qurmaq haqqında bizim yazdığımız məqalələr. Mən əslində bir tərəfdən devalvasiyanın olmasına sevinirəm (tam yox bir tərəfdən). Çünki insanlar bunları dərk etdikdən sonra iqtisadi, maliyyə biliklərini artırmağa başladı və bu sahədə məlumatlar oxumağa başladılar. Yəni bir növ devalvasiya insanları bu baxımdan ayıltdı.

– İşə tək başlamısız? Sirr deyilsə bu işə nə qədər sərmayə yatırmışdınız?

– İşə dostum və o zaman birgə çalışdığım həmkarımla başlamışıq. İlkin olaraq hər birimiz 700 dollar investisiya qoymuşduq. Söhbət dolların 0.78 olan vaxtlarından gedir. Yəni təxminən 550 manat. Bundan sonra bir il ərzində aylıq olaraq müəyyən xərclər də olurdu ancaq çox da böyük xərclər yatırmırdıq. Sayt yaradılandan təxminən 9 ay sonra ilk gəlirimizi qazanmağa başladıq və ondan sonra özümüzə ofis və əlavə işçilər götürüb işi daha da böyütməyə başladıq.

– Sizə görə banco.az-ın uğurundakı sirr nədir?

– Mənə görə ümumiyyətlə hər bir işin, yeni yaradılan layihənin uğurunun bir neçə sirri var. Onlardan ən başlıcası etdiyin işi sevməkdir. Əgər işi görməyi sevirsənsə bu zaman sənin layihənin uğur qazanması ehtimalı çox böyükdür. İkinci vacib məqam isə durmadan çalışmaqdır. Biz saytı yaradan zaman hələ də bankda çalışırdıq və işi paralel aparırdıq. Yəni işdən sonra və istirahət günləri. Bəzən elə olurdu ki gecə 3-4 ə qədər çalışıb yenidən səhər tezdən bankdakı işimə gedirdim. Şənbə bazar günləri isə bir il ərzində demək olar istirahət etmirdik. Vaxtımız yalnız saytlar, işçi görüşlərinə, layihənin yeniliklərinə sərf olunurdu. Yəni deməyim odurki, işi sevmək və çalışmaq lazımdır. Əgər bunlar olsa o zaman uğur qazanmaq sadəcə zaman məsələsi olacaq. Eyni zamanda düzgün strategiya qurmaq, sahəyə yeni nəsə gətirmək, digərlərini kopyalamaq yox yeni bir şeylər yaratmaq, insanlarla əlaqələr qurmaq uğurumuzun vacib elementlərindəndir. Yəni biz faktiki olaraq bu sahəyə yeni bir format gətirdik. Bu vaxta qədər olan saytlar yalnız xəbər verirdilər, biz isə xəbərlər yanaşı geniş araşdırmalar, layihələr və xidmətlər göstərməyə başladıq. Məncə bəxtin də müəyyən qədər rolu var uğur qazanmaqda. Yəni yalnız gecə-gündüz çalışmaq bəzən uğur qazandırmaya bilər. Amma yalnız bəxtlə də uğur əldə olunmur. Bir deyim də deyildiyi kimi “səndən hərəkət, məndən bərəkət”. Yəni gənclərimiz həvəsli olmalıdır, çalışmalıdır və sonda mütləq uğur olacaq. Ola bilsin ilk layihədə olmasın ancaq sonrakılarda olacaq! Elə dünyada indi məşhur olan startapların sahiblərinə, böyük şirkətlərin qurucularına baxsanız görərsiniz ki, yaratdığı uğurlu layihələrdən öncə dəfələrlə uğursuzluqlar yaşayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Fərid İslamov

– Bildiyimiz qədəri ilə iş həyatında ilk fəaliyyətiniz banklarda başlayıb. Bankdan şəxsi biznesə keçid haqqında nə danışa bilərsiniz? Bu dövrdə insanların sizə qarşı reaksiyaları necə idi?

– Həyatda ən çətin məqamlardan biri də bu dövr idi. O zaman aparıcı kredit təşkilatlarının birində məhsulların inkişafı üzrə şöbə rəhbəri kimi çalışırdım və artıq biz zaman gəldi ki, özümdə seçim etməli oldum. Yəni sevdiyim işi daha da inkişaf etdirmək yoxsa təşkilatda qalıb adi qaydada ofis işçisi kimi davam etmək. Düşündüm və qərar verdim ki, risk etməliyəm. Ən azından cəhd etməliyəm və öz işimin başına keçdim. Bunu evdəkilərə, yaxınlarıma, dostlarıma deyəndə çoxu mənim dəli olduğumu düşünürdülər və böyük şirkətdə yaxşı vəzifəni, maaşı atıb öz işimi qurmağı ağılsızlıq olaraq dəyərləndirirdilər. Ancaq mən elə biriyəm ki, etmək istədiyim nə olur olsun onu etməyə çalışıram. Bütün dünya mənə qarşı olsa da. Düzdü keçid dövründə bir müddət çətin oldu çünki gəlirlərim azaldı, bir tərəfdən də kənardan psixoloji basqı və s. Amma indi baxdıqda etdiyim işə görə getdiyim riskə görə peşman deyiləm. Düşünürəm ki, insana həyat bir dəfə verilir və o ölçüb-biçib həyatda istədiklərini etməlidir və yaşamalıdır. Sözsüz ki, risk özünü doğrultmaya da bilərdi yəni uğursuzluq ola bilərdi. Amma hətta belə olsa idi də, yenə də bəlkələr məni boğmazdı. Yəni bəlkə etsəydim alınardı, bəlkə uğurlu olardı deməzdim. Ona görə məncə bu həyatada insanı içəridən yeyən “Bəlkə”-ləri yaşamamaq üçün istədiyinə cəhd etmək lazımdır və ona doğru getmək lazımdır.

– Necə düşünürsünüz, uğur üçün risk mütləqdirmi?

– Maliyyə formatında riskə baxsaq əgər harada risk çox olursa orada gəlir və uğur da çox ola bilər. Harada risk azdırsa orada gəlir və uğur da azalır. Mən düşünürəm ki, ölçülmüş düşünülmüş risk daha məqsədəuyğundur. Yəni insan riskə gedərkən öz potensialını, bacarıqlarını, risk etdiyi sahəni, qurduğu sahəni yaxşı bilməlidir və bundan sonra qərar verməlidir ki, riskə getmək olar və ya olmaz. Amma düşünürəm ki, hər bir halda ölçülmüş riskə gedilməlidir əgər doğrudan da dediyim şərtlər burada varsa. Eyni zamanda riskə gedərkən bəzi digər məqamları da nəzərə almaq lazımdır. Yəni bütün yumurtaları eyni səbətə qoymaq məqsədəuyğun deyil və eyni zamanda riskin mənfi fəsadlarını da düşünüb ona hazır olub olmadığını nəzərə almaq lazımdır. Risk etsəniz və uğur olsa həyatınızdan çox razı qalacaqsız, amma uğursuzluq olsa bunu bir dərs, təcrübə kimi götürməyinizi və nəticə çıxarmanızı tövsiyyə edərdim.

– Yeni layihələr yaratmaq fikriniz varmı?

– Yeni layihələr üzərində çalışırıq daima. Bu yaxınlarda sığorta sahəsində yeni layihəmizi təqdim edəcəyik. Artıq demək olar hər şey bunun üçün hazırdır. Bu layihənin də öz sahəsində aparıcı layihə olması üçün əlimizdən gələni edəcəyik.

– Hər bir insanı bu həyatda motivasiya edən məqamlar var. Bəs sizi nə motivasiya edir?

– Sözün açığı desəm ki, ilk növbədə pul məni o qədər də motivasiya etmir çoxları yəqin ki inanmayacaq(gülür). Ona görə bunu demirəm. Əslində məni ilk növbədə bizə, banco.az-a hər gün yazılan təşəkkür məktubları, mesajları və hətta zəngləri həvəsləndirir və motivasiya edir. Yəni bəziləri bizə maraqlı informasiya, lazımi məlumatın tapılmasına, bizim xidmətlərə görə, bəziləri isə özlərinə bizim vasitəmizlə iş tapdıqları üçün təşəkkür edirlər. Bizim ilk məqsədimiz oxucularımızın, insanlarımızın daha savadlı olması, daha iqtisadı bilikli olması, uğur qazanması, iş qurması, işə düzəlməsi və işində inkişaf etməsidir. Biz bu məqsədlə insanlara dəstək və yardımçı oluruq. Mənəvi motivasiya mənim üçün çox vacibdir və məni daha yeni işlər görməyə sövq edir. Sözsüz ki, bunun arxasında maddi motivasiya da dayanırsa bu zaman tam bir bütöv qüvvə məni irəli aparır.

– Sonda öz işini qurmaq istəyən insanlara nə məsləhət görərdiniz?

– İş qurmaq, yeni nəsə yaratmaq, ən xırda belə yenilik etmək, iş qurmaq istəyənlərə qısa bir tövsiyəm var. Mütləq xəyalınızda olanları gerçəkləşdirməyə çalışın. Əgər siz bunu xəyal edə bilirsinizsə demək sizin bunu gerçəkləşdirməyə kifayət qədər qabiliyyətiniz olacaq. Odur ki, durmadan işə başlayın və dayanmadan çalışın.  Günlərin bir günü görəcəksiniz ki, artıq insanlar sizin haqqınızda danışır və bu sizə dünyada ən gözəl hisslərdən birini yaşadacaq!

Səmimi müsahibəyə görə təşəkkür edirik!

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et