Bill və Melinda Qeyts cütlüyü boşandıqdan sonra sərvətlərini necə böləcəklər? | Banco.az

Bill və Melinda Qeyts cütlüyü boşandıqdan sonra sərvətlərini necə böləcəklər?

Tamara Mustafayeva, Banco.az

Bill və Melinda Qeyts cütlüyünün boşanma qərarlarını mətbuata açıqlamalarının ardınca 146 milyard dollarlıq sərvətin necə bölünəcəyinə dair suallar yaranmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, tarixin ən böyük sərvətlərindən birini və saysız-hesabsız xeyriyyə fəaliyyətlərini birlikdə idarə edən Bill və Melinda Qeyts cütlüyü bir neçə saat əvvəl rəsmi Twitter səhifələrində boşanacaqlarını elan ediblər. 27 illik evliliyi başa çatdırmağa qərar verən cütlüyün texnologiya sektorundakı üstünlükləri ilə yanaşı daşınmaz əmlak və səhiyyə sektorları üzrə, həmçinin iqlim dəyişikliyi, qadın hüquqları və s. kimi bir çox sosial layihələrə investisiyaları mövcuddur.

Qeyd edək ki, Blomberg Milyarderlər İndeksinə görə, cütlüyün sərvəti 146 milyard dollar təşkil edir. Lakin cütlük sözügedən açıqlamada maliyyə planlarına dair heç bir nüans qeyd etməyib. Açıqlamada Qeyts cütlüyü xeyriyyə fəaliyyətlərini yenə də birlikdə həyata keçirəcəklərini bildirib.

Microsoft şirkətinin həmtəsisçisi 65 yaşlı Bill Qeyts dünyanın ən varlı insanları siyahısının dördüncü pilləsində yer alır. Şirkətin keçmiş rəhbərlərindən biri olan 56 yaşlı Melinda isə Bill & Melinda Gates Fondunun həyata keçirdiyi işlərlə dünya miqyasında tanınır. Fondun sözçüsünün dediklərinə görə, cütlük yenə də həmsədr kimi fəaliyyət göstərməyə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Sonda isə onu da xatırladaq ki, Qeyts cütlüyünün boşanması dünyanın ən varlıları arasında ötən illər ərzində baş tutan ikinci diqqət cəlbedici qərar hesab edilir. Belə ki, Amazon şirkətinin təsisçisi Ceff Bezos və Makkenzi Skot 2019-cu ildə boşanacaqlarını açıqlamışdılar. Sözügedən boşanmadan sonra cütlüyün Amazon şirkətindəki səhmləri bölünmüş və Skot dünyanın ən varlıları siyahısına daxil olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et