Banka işə düzələrkən ən çox verilən suallar (I hissə) | Banco.az

Banka işə düzələrkən ən çox verilən suallar (I hissə)

1. Bank nədir - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bankda iş tapmaq üçün bura daxil olun -  http://banco.az/az/jobs

2. Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.

3. Törəmə bank – nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

4. Bank filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

5. Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

6. Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

7. Bank olmayan kredit təşkilatı – öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

8. Bank lisenziyası – bu, Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə, müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.

9. Bank sirri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə, müştəri haqqında məlumatların, o cümlədən, müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

Ən sərfəli kredit üçün müraciət et

10. Bankların idarəetmə strukturu - Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.

11. Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

12. Kreditin ümumi dəyəri - kreditin “qeyd olunmuş dəyər”i ilə bu kredit üzrə bütün hesablanıb alınmamış faizlər, komisyon haqları və digər ödənişlər daxil olmaqla ödənilməmiş məbləğlərin cəmidir.

13. Vaxtı keçmiş kredit - əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim gündən artıq gecikdirilən kreditdir.

14. Tam təminatlı kredit – elə kreditdir ki, onun vaxtında və tam qaytarılmasını təmin etmək üçün həmin bankda yerləşdirilmiş depozitlərlə və ya bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə girovun bazar dəyəri kreditin minimum 150%-i həcmində) və ya digər təminatla təmin edilmişdir (bu Qaydalarda girov dedikdə ipotekalar da başa düşülür).

15. Qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və ya digər təminatla təmin edilmiş kreditdir.

16. Təminatsız kredit - təminatı olmayan kreditdir və ya təmin edilən təqdirdə, bu təminatın bazar dəyəri yoxdur, etibarlı şəxs tərəfindən verilməmişdir, yaxud dəyərindən asılı olmayaraq qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməmişdir.   

Banka işə düzələrkən ən çox verilən suallar (II hissə)

Bankda iş tapmaq üçün burada vakansiyalarla tanış olun  - http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et