Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq? | Banco.az

Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda kiberdələduzluq nəticəsində 13000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb.

Banco.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. 

Bildirilib ki, əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

Məsələ ilə bağlı Banco.az-a açıqlama verən ekspert Rauf Qarayev bildirib ki, vətəndaşlara məsləhət edilir ki, onlar gündəlik alış-veriş kartını digər kartlardan ayrı, limitli formada saxlasınlar:

“Vətəndaşlar tez-tez şikayət edirlər ki, onlar kartlardan təmassız istifadə edən zamanı bəzən proqramı bağlamadıqları üçün müəyyən məbləğin çıxarılması halları ilə qarşılaşırlar. Xüsusilə bir çox tətbiqi proqramlardan istifadə zamanı diqqətli olmaq lazımdır. Sosial şəbəkələrdə kart məlumatlarının açıq şəkildə paylaşılması həmin vəsaitlərin kibercinayətkarların əlinə keçməsinə səbəb olur. Bəzən bir çox proqramlar abunəçilərini şirnikləndirmək üçün bir aylıq pulsuz istifadə ilə bağlı təkliflər göndərirlər. Abunəçilərə məsləhətimiz odur ki,  belə ucuz təkliflərə inanmasınlar. Onlar həmin proqramlara kart məlumatlarını daxil edəcəkləri təqdirdə bir ay bitdikdən sonra xüsusi icazə olmadan müəyyən miqdarda pul vəsaitinin çıxdığını müşahidə edəcəklər. Adətən bu halda bank vətəndaşa kömək edə bilmir. Şəxsin istəyi ilə məlumatlar sistemə daxil edilirsə, kiberhücumdan müdafiə demək olar mümkünsüz olur”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, vətəndaşlar kartın PİN-kodunu heç vaxt qeyd etməməli - onu yadda saxlamalıdır: 

“Özünüzün PİN-kodunuzu heç kimə açıqlamayın. Unutmayın ki, siz onu heç kimə: nə bankın nümayəndələrinə, nə hüquq-mühafizə orqanlarının təmsilçilərinə, nə də ticarət nöqtələrinin kassirlərinə bildirməli deyilsiniz və buna məcbur deyilsiniz. PİN-kodu yalnız kartın sahibinin özü bilməlidir. Kartın itirilməsi və ya oğurlanması barədə dərhal banka məlumat verin. Bəzi hallarda, bəlkə də, sizdən polis ərizə yazmaq və ya kartın itirilməsi faktının yazılı şəkildə təsdiq edilməsi tələb oluna bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et