Azərbaycanda "yaşıl enerji"yə keçid necə gedir? | Banco.az

Azərbaycanda "yaşıl enerji"yə keçid necə gedir?

Müəllif: Mehin Qasımova/Banco.az

Dünyanın  inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə olunur. 

Son illər külək və günəş qlobal elektrik istehsalında paylarını əhəmiyyətli dərəcədə artıran iki elektrik mənbəyinə çevrilib. Hesablamalara görə, gələcəkdə dünyada alternativ və bərpa olunan enerji mənbələri elmi-texniki tərəqqi və yüksək qabaqcıl texnologiyalar sayəsində ənənəvi enerji mənbələrinə nisbətdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaqdır.

Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı bu ilin birinci yarısında 14,3 faizə çataraq rekord qırıb. 

Müvafiq olaraq, ilin birinci yarısında qlobal elektrik tələbatı keçən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz  artıb. 

Bəzi əsas iqtisadiyyatlarda, xüsusən də Avropa İttifaqında (Aİ) tələbatın azalması qlobal elektrik enerjisi istehsalına olan təlabatı artırıb.

Günəş enerjisindən elektrik enerjisi istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında 16 faiz, küləkdən istehsal isə 10 faiz artıb.

Elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payının artması sektorla əlaqədar emissiyaların artımının 0,2 faiz səviyyəsində sabit qalmasını təmin edib. Günəş və küləkdən istehsal olunan elektrik enerjisi 142 milyon ton karbon emissiyasının qarşısını alıb.

Elektrik istehsalında küləyin ən çox payı olan ölkə 55,6 faiz  ilə Danimarka olub. Danimarka bu ilin birinci yarısında elektrik enerjisinin 10,3 faizini günəş enerjisindən istifadə edib. Hindistan elektrik enerjisi istehsalının 4,3 faizini küləkdən təmin edib.

Günəşin elektrik enerjisi istehsalında ən yüksək paya sahib olduğu ölkə   isə, 24,6 faiz ilə Lüksenberq olub.

Bəs əlverişli çoğrafi mövqedə  yerləşən Azərbaycanda günəş və külək enerjisindən nə dərəcədə istifadə edilir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin  yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarından 41,4 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,6 faiz çoxdur. Azərbaycanda günəş elektrik stansiyalarından  isə 60,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, bu istehsal ötən illə müqayisədə 10,6 faiz çoxdur.

Mövzuyla bağlı Banco.az-a  danışan iqtisadçı Elşən Bağırzadənin sözlərinə görə,qlobal   iqlim dəyişikliklərilə mübarizənin və iqtisadiyyatların enerji resursları ilə dayanıqlı təminatının aktuallaşması artıq xeyli müddətdir ki, ölkələri qalıq mənşəli, tükənən enerji resurslarından tükənməz və bərpa olunan enerji resurslarına yönəldib:

“Yaşıl enerji və ya alternativ enerji resursları dediyimiz bu resurslardan istifadə hazırda qlobal enerji istehlakının çox az hissəsini təşkil etsə də, son illər bunların payı sürətlə artır. Xüsusilə də yüksək gəlirli ölkələrdə bu enerji keçidi daha sürətlə baş verir. Azərbaycan da son illər bu istiqamətdə müəyyən addımlar atıb, xüsusilə də Qarabağda alternativ enerji mənbələrindən daha geniş istifadə ilə bağlı işlər görülür. Ancaq ölkədə alternativ enerji bazarının formalaşması istiqamətində bir sıra işlərin görülməsinin zəruriliyi də ortadadır. Azərbaycanın külək və günəş enerjisi potensialı var. Xüsusilə də ölkənin Xəzərsahili bölgələrində küləkli günlərin sayı çoxdur. Külək və günəşdən başqa da digər alternativ enerji mənbələrinə malikik. Qarabağın işğaldan azad edilməsi bu imkanlarımızı daha da artırıb. Bir sıra gur sulu çaylarımızdan enerji mənbəyi kimi istifadə imkanlarımız artıb. Azərbaycanın tədricən alternativ enerji mənbələrinə keçid etməsi həm iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verəcək, həm də mövcud karbohidrogen resurslarını daha böyük həcmdə ixrac etməsinə imkan yaranacaqdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et