Avraam Linkolna məktub | Banco.az

Avraam Linkolna məktub

ABŞ-ın 16-cı prezidenti olmuş Avraam Linkolnu demək olar ki, hamı tanıyır. Amma çox az adam bilir ki, ona saqqal saxlamağı Nyu-York ştatının kiçik bir şəhərciyində yaşayan 11 yaşlı qız məsləhət görub.

15 oktyabr 1860-cı ildə ABŞ prezidenti Avraam Linkoln Qreys Bedel adlı 11 yaşlı qızdan bir məktub alır. Bu qız Nyu-York ştatının Vestfild şəhərciyində yaşayırdı və seçkilərdə Linkoln tərəfdarlarından idi. Linkolnun sifətinin çox arıq olduğunu düşünərək ona saqqal saxlamağı məsləhət görür və bunu məktubunda qeyd edir.

11 yaşlı qızın Linkolna yazdığı məktubun məzmunu belə olub:

Mənim 4 qardaşım var. Onlardan biri seçkilər keçirilərkən sizə səs verəcək. Amma siz saqqal saxlasanız, mən digər qardaşlarımı da məcbur edərəm ki, sizə səs versinlər. Siz saqqal saxlasanız, daha da təmkinli görünəcəksiz. Sifətiniz çox arıq olduğuna görə, saqqal sizi daha yaxşı göstərəcək. Saqqal bütün xanımların xoşuna gəldiyi üçün onlar öz yoldaşlarını və ya istəklilərini məcbur edəcəklər ki, sizə səs versinlər. Və beləliklə də siz prezident seçiləcəksiniz.

Linkoln bu kiçik qıza 19 oktyabr 1860-cı il tarixində belə cavab verir:

Mən əvvəllər heç vaxt saqqal saxlamamışam. Sizə elə gəlmir ki, mən əgər saqqal saxlamağa başlasam, məni axmaq hesab edə bilərlər?”.

Ən sərfəli kredit üçün müraciət et

Linkoln kiçik qıza yazdığı cavab məktubunda saqqal saxlamağa etiraz etsə də, qızın məsləhətinə qulaq asır və saqqal saxlamağa başlayır.

6 noyabr 1860-cı ildə Linkoln Demokratlar Partiyasından olan rəqibinə qalib gəlir və ABŞ-ın 16-cı prezidenti seçilir. Bu zaman Linkolnun 51 yaşı vardı.

Linkolnun saqqal saxlaması heç də hamının xoşuna gəlmirdi. Hətta bəziləri üçün onun saqqal saxlamağı bir faciəyə çevrilmişdi.

Linkoln ömrünün son 4 ilini saqqal saxlamışdı və həmişə deyirdi ki, o, kiçik bir qızın məsləhətilə saqqal saxlamağa başlayıb.

Çox maraqlı bir fakt: Prezident Linkoln İllinoysdan Vaşinqtona gedərkən inauqurasiya nitqi söyləmək üçün Vestfiled şəhərində dayanır. Nitqinə başlamazdan əvvəl ora toplaşanlardan soruşur ki, onların arasında Qreys adlı birisi varmı? Toplananların arasından bir nəfər əlini yuxarı qaldırır və deyir: “Var”. 
Linkoln həmin qızı yanına çağırır və onun əlini yuxarı qaldıraraq deyir: “Mən ABŞ prezidenti seçildiyimə görə, bu kiçik qıza minnətdaram”. 

Bu, Linkolna məktub yazan həmin 11 yaşlı qız idi.

modern.az

Ən sərfəli krediti almaq üçün müraciət et