ARAYIŞLAŞAN KREDİTLƏR | Banco.az

ARAYIŞLAŞAN KREDİTLƏR

Və yaxud banklar üçün istehlak kreditləşməsi bazarına qırmızı işıq

Mərkəzi Bankın yeni göstərişi ictimaiyyətin diqqətini yenidən bank sektoruna yönəltdi. Göstərişə görə, ölkədə fəaliyyət göstərən banklar bundan sonra müştərinin iş yerindən arayış olmadan ona istehlak krediti verməyəcək. Bundan başqa avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Dünəndən başlayaraq Mərkəzi Bankın bu addımının şərhi üçün müraciətlər olur və ümumilikdə bank sektoruna, xüsusən də kredit bazarına təsiri soruşulur.

Bu addım əslində Mərkəzi Bankın uzun müddətdən bəri həyata keçirməyə planlaşdırdığı strategiyanın tərkib hissəsidir. Strategiyanın qayəsini istehlak kreditləşməsini məhdudlaşdırmaqdır. Səbəb odur ki, ölkədə istehlak kreditləşməsinin həcmi ildırım sürəti ilə artır. İl ərzində artım tempi 30-40% təşkil edir. Bu artım həm ümumi kredit qoyuluşunun, həm də biznes kreditlərinin artımını üstələyir. Artıq 2013-cü ilin dekabrın 1-i tarixində istehlak kreditinin həcmi 6 milyard manatı keçib. 

 

Artıma səbəb nədir?

Son dövrlər istehlak kreditləşməsi bazarında faiz dərəcələrinin nisbətən aşağı düşməsini, kreditin verilmə şərtlərinin yumşaldılmasının şahidi oluruq. Buna səbəb bankların bu sektora kütləvi axınıdır. Biznesdə risk səviyyəsinin yüksək olması səbəbindən banklar bu sektoru maliyyələşdirməkdə maraqlı deyillər. Çünki bu sektor həm böyük vəsait tələb edir, həm də uzun müddətli kredit xətti. Təsadüfi deyil ki, uzun müddət problemli kreditlərin böyük hissəsi məhz biznes kreditləri təşkil edib. Kifayət qədər vəsaiti olmayan banklar ayırdıqları milyonların geri qayıtmamasından böyük zərbə altında qalırlar. İstehlak kreditləşməsi isə biznes kreditlərdən fərqli olaraq az vəsait tələb edir və qısa müddətə verilir. Faizləri isə biznes kreditlərindən yüksək olur. Misal üçün, bank ona müraciət edən şirkətə 10 milyon manat məbləğində kredit xətti açır. Həmin şirkət hansısa səbəbdən krediti qaytara bilmir. Bu vəsait böyük olduğundan banka da dəyən zərər yüksək olur. Amma bank həmin vəsaiti hər biri 10 min manat olmaqla ən azı 1000 nəfərə və ya  hər biri 5 min manat olmaqla ən azı 2000 nəfərə istehlak krediti şəklində verir. Hətta müştərilərin müəyyən hissəsi krediti qaytara bilmədikdə bank yüksək faiz hesabına zərəri aradan qaldırır. Ona görə də bankların özlərini sığortalamaq və riskləri azaltmaq üçün istehlak kreditləşməsi bazarına üz tutmaq məcburiyyətində qalıblar. Əvvəllər əsasən kiçik banklar bu bazarın iştirakçıları idisə, indi böyük banklar da daxil olmağa başlayıb.


Mərkəzi Bank nə üçün narahatdır?

İstehlak kreditlərinin ümumi kreditlərdə payı 2010-cu ildə 30% idisə, hazırda bu göstərici 40%-ə çatıb. Bu templə 2014-cü ildə 50%-ə çatması da təəccüblü olmazdı. İstehlak kreditləşməsinin payının artması problemi təkcə Azərbaycanda yox, həmçinin MDB ölkələrində, o cümlədən Rusiyada aktualdır. Bu kreditlərin adından göründüyü kimi istehlak tələbatının ödənilməsi üçün istifadə edilir. İstehlak kreditləri iqtisadiyyatda əlavə təlabat yaratdığından bir qayda olaraq istehsalı stimullaşdırır. Ancaq Azərbaycan kimi ölkələrdə istehlak krediti (ipoteka krediti xaric) yerli istehsalı yox, xarici istehsalı stimullaşdırır. Almaniya, Fransa, Yaponiya və s kimi inkişaf etmiş ölkələrdə istehlak kreditləri həmin ölkələrinin istehsalçılarının məhsullarının (maşın, telefon, komputer və s.) alınmasına yönəldilir və bununla da yerli istehsalı stimullaşdırır. Azərbaycanda isə istehlak kreditini ona görə götürürlər ki, Almaniya, Fransa, Yaponiya kimi ölkələrin istehsalı olan avtomobilləri, komputerləri, televizorları, telefonları və s. alsınlar. Çünki ölkədə bu tip mallar istehsal olunmur. Banklarımız da onlardan asılı olan və olmayan səbəbdən yerli sahibkarlarımızı dirçəldəcək biznes kreditlərinə yox, xarici ölkələrdə sahibkarlığın inkişafına töhfə verə biləcək istehlak kreditlərinə üstünlük verməli olurlar. Nəticədə yerli istehsal vəsait qıtlığı səbəbindən sıradan çıxır, əvəzində idxal stimullaşır. İstehlak kreditləri ev təsərrüfatlarının xərclərini artır və buna uyğun olaraq ÜDM artır.

İstehlak kreditləşməsinin sürətli artımı sistem riski yaratmaqla yanaşı bank sektoru üçün də təhlükədir. Hazırda ev təsərrüfatlarına verilən kreditlərin ÜDM-də payı 12%-ə yaxınlaşıb. Halbuki 2010-cu ildə bu göstərici 6,5% həddində idi. İndiki gündə bu, kritik hədd olmasa da artım tempi narahatçılıq doğurmaya bilməz. Digər göstərici. Ötən il əhali öz gəlirlərinin təxminən 20%-i məbləğində borclanmaya gedib. 2010-cu ildə borclanmanın həddi 10%-dən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Enerji resurslarının dünya qiymətlərindən asılı olan ölkə iqtisadiyyatıni yaxın gələcəkdə gözləyən problemlər (neftin ucuzlaşması səbəbindən)  ilk zərbəni məhz bank sektoruna vura bilər. Çünki neftin pulu hesabına formalaşan büdcənin xərclərinin yaratdığı iqtisadi artımın səngiməsi, infrastruktur layihələrinin dayandırılması nəticəsində iş yerlərinin itirilməsi, gəlirlərin azalması əhalinin banklar qarşısında öhdəliklərinin yerinə yetirməsinə problem yarada bilər.   

Azərbaycanda krediti qoyuluşunun artımı fonunda bankların müştəriləri düzgün qiymətləndirmədən kredit verməsi narahatçılıq doğurur. Təsadüfi deyil ki, rəsmi məlumatlarda problemli kreditlərin payı 5,2% olsa da, bizim müçahidələrə görə, bu hədd 15%-ə çatır. Hətta Fitch kimi beynəlxalq təşkilat Azərbaycanda problemli kreditlərin həcmini 10% həddində göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq təşkilatların hesabatlarında daim Azərbaycanda bankların aktiv kreditləşmə siyasəti narahatçılıqla qeyd edilir və bu, risklərin düzgün qiymətləndirilməməsi ilə izah edilir.

 

Mərkəzi Bankın preventiv tədbirləri

Mərkəzi Bank ilk addım olaraq ötən il pərakəndə ticarət obyektlərində kredit verilməsini qadağan etdi. Bu addımın davamı kimi dekabr ayında banklara təminatsız kreditin verilməsini qadağan edən məktub göndərdi. Məktuba görə, istehlak kreditləri ya iş yerindən arayışla, ya da təminatla (depozit, rəsmi gəliri olan zamin və s.) verilməlidir.

Mərkəzi Bank ötən ilin dekabrında bir sıra normativ akt, o cümlədən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” və “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” qəbul edib. Yeni qaydalar korporativ idarəetmə ilə bağlı riskləri, həmçinin kredit siyasətinin düzgün müəyyənləşdirilməsini tənzimləyir. Aktivlərin yeni təsnifatına əsasən, əgər kreditin ödənişi müştəri tərəfindən 60 gündən çox ləngidilibsə, bu halda bank həmin vəsaitin 30%-i həcmində ehtiyat yaratmalıdır. Halbuki əvvəlki qaydada bu hədd 10% idi. Bu addım banklara istehlak kreditləri verərkən riskləri daha diqqətlə ölçməyə vadar edəcək, bir qədər yüksək risk daşıması ehtimal edilən müştərilərə imtinalar çoxalacaqdır. Eyni zamanda, belə ehtiyyatlanma banklarda gələcək dövrdə yarana biləcək risklərdən sığortalamaq üçün yaxşı bir bufer olacaqdır.

Hər bir halda bu addım bankların kreditvermə imkanlarını məhdudlaşdıracaq əsas amillərdəndir.

Avtomobil kreditlərinin məhdudlaşdırılmasına gəlincə, bunun konkret izahını tapmaq çətindir. Çünki avtomobil krediti təminatlıdır. Bu sahədə vaxtı keçmiş kreditlərin olması da əsas səbəb deyil. Məncə, səbəb bir tərəfdən istehlak kreditləşməsini məhdudlaşdırmaq, digər tərəfdən xüsusən də Bakı şəhərində avtomobillərin (əsasən köhnə) sürətli artımının qarşısını almaqdır. Yəni tıxac problemini bu yolla həll etməkdir.  Hər bir halda bu çıxış yolu deyil. Tıxaclarla mübarizə üçün daha səmərəli metodlar var. Guman ki, məhdudlaşdırma aprel ayına qədər davam edəcək. Ondan sonra Avro-4 standartı öz sözünü deyəcək.

Mərkəzi Bank istehlak kreditləşməsini məhdudlaşdırmaq üçün gələcəkdə digər mexanizmlərdən də istifadə etməsi istisna deyil.


Bizi nə gözləyir?

Yuxarıda qeyd edildiyi kimi bütün səylər istehlak kreditləşməsinin məhdudlaşdırılmasına və bankların biznes layihələrini kreditləşdirilməsinə sövq etməyə yönəldilib.

Fikrimcə, bu addım ciddi nəticə verməyəcək. Çünki bankların biznes kreditləşməsində qaçmağının əsas səbəbi bu sahədə risklərin çox olmasıdır. Nə qədər ki, ölkə iqtisadiyyatında iqtisadi və əksmərkəzləşmə islahatları aparılmayıb, mülkiyyət hüququ təmin edilməyib, məhkəmə sistemi norml işləmir, girov mexanizmi mürəkkəbdir, banklar çıxış yolunu ancaq istehlak kreditləşməsi bazarında görəcəklər.

Mərkəzi Bankı son addımını daha çox preventiv tədbir kimi qiymətləndirmək olar. Bu, yaxın dövr üçün müəyyən narahatçılıq yaratsa da uzunmüddətli dövrdə öz bəhrəsini verəcək. Mərkəzi Bankın tədbirləri daha çox post neft dövrü üçün bank sistemini qorumağa yönəlib.

Yaxın dövrdə isə bank sektoru, xüsusən də istehlak kreditləşməsi üzrə ixtisaslaşan kiçik banklar (xüsusən də üzdə olan bir neçə bank) üçün böyük zərbə olacaq. Kredit qoyuluşu, xüsusən də ev təsərrüfatlarının kreditləşməsi azalacaq. Kreditlərin faiz dərəcəsində artım müşahidə ediləcək. Əhalinin kreditə əlçatanlılığı azalacaq.

İstehlak kreditlərində arayışların tətbiqi, istehlak kreditləri üzrə ixtisaslaşan və portfelinin az qala 80%-i bu kreditlərdən ibarət olan bankları çətin vəziyyətə qoyacqdır. Vaxtında düzgün diversifikasiyanın aparılmaması, birtərəfli inkişaf, yüksək gəlirli bir sahədə konsentrasiya öz neqativ təsirini göstərəcəkdir. Bu banklar istehlak portfellərinin azalmamsı üçün müxtəlif yollar arayışında olacaqlar. Təhlükə var ki, belə bir hal, istehlak kreditləşməsində müəyyən maxinasiyalarada yol aça bilər: saxta arayışlar, “birdəfəlik MMC-lər” və s.  

Avtomobil kreditləşməsinin məhdudlaşması isə təkcə bankları yox, həmçinin avtomobil dillerləri, sığorta şirkətləri üçün itki olacaq. Bu itki gömrük rüsumlarının səviyyəsinə də mənfi təsir göstərəcək. 

Samir ƏLİYEV 
"İqtisadi forum" jurnalının baş redaktoru

Ən sərfəli krediti almaq üçün müraciət et