ABŞ-ın texnologiya nəhəngləri maliyyə göstəricilərini açıqlayıb | Banco.az

ABŞ-ın texnologiya nəhəngləri maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple”, “Amazon” və “Intel” 2022-ci ilin iyul-sentyabr dövrü üzrə balans hesabatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, “Apple” firmasından edilən açıqlamaya görə, 24 sentyabrda başa çatan üç aylıq dövrü öz balansında dördüncü rüb olaraq qəbul edən şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 90,1 milyard dollarla rekord vurub. Ötən ilin eyni dövründə bu göstərici 83,4 milyard dollar olub.

Şirkətin ötən ilin eyni dövründə 20,6 milyard dollar olan xalis mənfəəti isə 20,7 milyard dollara yüksəlib. Səhmbaşına mənfəət də bu müddət ərzində 1,24 dollardan 1,29 dollara qədər artıb.

Sözügedən dövrdə “Apple”ın smartfon və kompüter satışları artarkən, planşet satışları azalıb.

“Amazon”un yaydığı açıqlamaya görə, şirkətin bu ilin iyul-sentyabr dövründə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 faiz artaraq 127,1 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkət 110,8 milyard dollar xalis gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 2,9 milyard dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 3,2 milyard dollar idi. 0,31 dollar olan səhmbaşına mənfəət isə 0,28 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

“Intel”dən verilən bəyanata görə, şirkətin ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq 15,3 milyard dollara düşüb. Keçən ilin aprel-iyun aylarında şirkət 19,2 milyard dollar gəlir əldə etmişdi.

Üçüncü rübdə şirkətin xalis mənfəəti isə keçən ilin eyni dövrü ilə müqayisədə 85 faiz azalaraq 1 milyard dollara düşüb. Ötən ilin eyni dövründə bu göstərici 6,8 milyard dollar olub. Mikroçip istehsalçısı şirkətin səhmbaşına mənfəəti də 0,25 dollara qədər azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et