Əhəmiyyətli olan işin layihə yoxsa əməliyyat olmasını müəyyən etməkdir | Banco.az

Əhəmiyyətli olan işin layihə yoxsa əməliyyat olmasını müəyyən etməkdir

Bu dəfə Banco.az portalının müsahibi, Barattson - Biznes və Maliyyə Məktəbinin layihələrin idarəedilməsi üzrə təlimçisi Emil Bağırov oldu. Emil bəylə layihələrin günümüzdə əhəmiyyəti və bu biliklərə yiyələnməklə fəaliyyətimizi necə daha effektli edə biləcəyimiz haqqında danışdıq. 

  • Emil bəy, ilk öncə oxucularımız üçün özünüzü qısaca təqdim edərdiniz.

1987-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq ixtisası üzrə almışam. Daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Mühəndisliyi ixtisasına yiyələnmişəm. 2011-ci ildən etibarən neft-qaz sahəsində çalışıram. “Qərbi Çıraq” neft platformasının tikintisində, daşınma və quraşdırılmasında, mövcud neft platformalarında modifikasiya işlərinin görülməsi layihələrində iştirak etmişəm. Hal-hazırda ölkəmizin ən böyük qaz layihəsi olan “Şah Dəniz 2” layihəsində layihə planlaşdırılması mühəndisi vəzifəsində çalışıram.

  • Layihələrin idarə edilməsi həyatımıza daxil olan yeni terminlərdən biridir, necə oldu ki, bu sahə ayrıca tədris olunmağa başlandı? Məgər əvvəllər layihələr yox idi?

Hər şeydən əvvəl, müsahibəyə dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Layihənin qısa tərifini verəsi olsaq, layihə başlanğıcı və sonu olan, unikal (əvvəllər mövcud olmayan) məhsulu ərsəyə gətirmək üçün müəyyən bir büdcə əsasında, resurs və zaman daxilində görülən müvəqqəti işdir. "Layihələrin idarə edilməsi" müasir dövrdə yeni sahə kimi tədris olunur, amma layihələndirmə işinin tarixi qədim zamanlara gedib çıxır. Misal olaraq Misir piramidalarını, Qız Qalasını və sairi göstərə bilərik. Deməli, əsrlər əvvəl layihələr olmuşdur. Amma bu günlərdə layihələrin idarə edilməsinə ayrıca sahə kimi yanaşılır və bu heç də əbəs deyildir. Çünki layihələr gündəlik təkrarlanan işlərdən (otel fəaliyyəti, marketlərin fəaliyyəti və s.)  fərqlənir. Az əvvəl qeyd etdiyimiz kimi, layihələr müəyyən limitlərlə (büdcə, resurs, zaman və s.) icra olunduğundan işin daha effektli şəkildə yerinə yetirilməsi üçün bu sahənin ayrıca ixtisas kimi ortaya çıxması qaçılmaz idi.

  • Emil bəy, necə oldu ki, layihələrin idarə edilməsi üzrə təlimlər keçməyə başladınız?

Əvvəlki cavabımda göstərdiyim kimi layihələrin idarə edilməsi artıq yeni sahə kimi tədris olunur, ölkəmizdə saysız-hesabsız layihələr icra edilir. Odur ki bu sahə üzrə maarifləndirmə işinə ehtiyac yaranmışdı. Mövcud tələbatı nəzərə alaraq, layihələrin idarə edilməsi mövzusunu tədris etmək qərarına gəldim.

  • Hər hansı bir işə layihə şəklində yanaşmağın faydası nədir?

Burada əhəmiyyətli olan başlanğıcda işin layihə yoxsa əməliyyat olmasını müəyyənləşdirməkdir. Əgər layihədirsə, onda layihə limitlərini (zaman, büdcə, resurs, keyfiyyət, işin həcmi, risklər, müştəri məmnuniyyəti) əsas götürərək işi (layihəni) tamamlamaqdır. Belə ki, görüləcək işin həcmi müəyyən edildikdən sonra ona müvafiq büdcə, zaman, resurs təyin olunur və iş maksimal dərəcədə bütün limitlərə nəzarət edilərək effektiv və səmərəli şəkildə sona çatdırılır.

  • Layihə menecerinin etməli olduğu ən vacib iş nədir?

Layihə rəhbəri layihədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində cavabdeh olan layihə komandasına rəhbərlik edən şəxsdir. Layihə rəhbərinin əsas vəzifəsi layihə limitlərini daim nəzarətdə saxlayaraq layihəni uğurla başa çatdırmaqdır.

  • Bu sahəyə hansı bacarıqları olan şəxslər müraciət etməlidir?

Namizəd şəxslər layihə barədə biliklərə sahib olmalı, bu bilikləri layihə işlərinə tətbiq etməyi bacarmalı, layihənin icrası zamanı layihə üzvləri ilə düzgün rəftar etməyi bilməlidir. Sadalanan 3 keyfiyyət layihə rəhbərində mütləq olmalıdır.

  • Keçdiyiniz təlimlərdə layihələrin idarə edilməsinin daha çox texniki tərəflərinə toxunulur ya necə?

Əsas hədəf təlimdə iştirak edənlərin yalnız nəzəri deyil, həmçinin praktik şəkildə layihə idarə edilməsi biliklərinə yiyələnmələridir. Bunun üçün bir neçə praktik çalışma təlim proqramına daxil edilmişdir.

  • Sadə insanlar, yəni mühəndis olmayanlar hansı sadə alət və üsullardan isitfadə edərək işlərində daha effektiv ola bilər?

Şəxsən tətbiq etdiyim bir üsul var. Məsələn, gələcək həftə ərzində görüləcək işlərin siyahısını tutmaq, daha sonra işlərin hər biri üçün ayrıca plan hazırlamaq mümkündür. Deyək ki, "excel" biliklərini artırmaq üçün video dərslərə baxmaq nəzərdə tutulub. Dərslərin sayı 30-dur və bu halda günə 3 dərs götürməklə 10 günə tam kursu (dərsi) bitirmək mümkündür. Kursun davam etdiyi müddət ərzində özümə sual verirəm: "5-ci gün 15 dərs bitirməliyəm, bəs indiyədək neçəsini bitirmişəm?" Bu minvalla plan əsasında çalışıb-çalışmadığımı müəyyən edə bilirəm. Bu üsulla günlük nə etməli olduğumuz müəyyən olur və bu sənə əlavə stimul verir.

  • Təcrübənizdə hansısa uğursuzluq olub ki, sizə təcrübə baxımından çox fayda vermiş olsun, bir misal üzərində izah etsəniz oxuculaırmıza maraqlı olar.

İş həyatımın ilk illərində belə bir hal yaşamışdım: Layihənin baş mühəndisi Planlama şöbəsinə layihənin “Əsas Fəaliyyət Göstəriciləri” (KPİ – Key Performance İndex) hesabatını hazırlamağı tapşırmışdı. Hesabatın mənim tərəfimdən hazırlanmasını istədi. Mən də vaxtımın çoxluğuna arxalanıb hesabatı vaxtında hazırlaya bilmədim və iclas zamanı layihə rəhbərinin də yanında baş mühəndis tərəfindən yüngülcə danlandım. Şöbə rəhbərinin “Mən Planlama şöbəsi adından üzr istəyirəm” deməsi hələ də yadımdadır. Məsələnin bu qədər ciddi olacağını təxmin etməmişdim. Sən demə, bütün iclas elə bu hesabatdan asılı imiş (gülür). Açığı, bu hadisə mənə müsbət mənada çox təsir etdi və elə oradaca hesabatın sabaha tam hazır olacağına söz verdim və səhəri gün hesabatı təqdim etdim. O hadisədən sonra bir daha belə bir hal təkrarlanmayıb.

  • Bu sahə üzrə hər hansı bir beynəlxalq sertifikatlaşma mövcuddurmu və tələb olunur?

Bəli, bu sahə üzrə bir neçə Layihə İdarə edilməsi müəssisəsinin sertifikatlaşması vardır. Ən məşhurları Layihə İdarə edilməsi İnstitutunun (PMİ) Layihə İdarə edilməsi Peşəkarı (PMP) və Beynəlxalq Layihə İdarə edilməsi Assosiasiyasının (İPMA) sertifikatlarıdır.

Müsahibə üçün təşəkkürlər,

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et