Zakir Nuriyev: "Bank sektorunun 2018-ci ilin sonuna mənfəətə keçəcəyini proqnozlaşdırırıq" - MÜSAHİBƏ | Banco.az

Zakir Nuriyev: "Bank sektorunun 2018-ci ilin sonuna mənfəətə keçəcəyini proqnozlaşdırırıq" - MÜSAHİBƏ

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev müsahibə verib:

- Zakir müəllim, təkcə bu il Azərbaycanda 11 bank bağlanıb. Amma vaxtaşırı mətbuatda, müxtəlif ekspertlər səviyyəsində bağlanma prosesinin bitmədiyi, daha bir neçə bankın bağlanacağı ilə bağlı məlumatlar yayılır. Bank sektorunda hazırkı real vəziyyəti necə xarakterizə edirsiz?

- Təklif edərdim ki, məsələyə bir qədər geniş məzmunda yanaşaq, bank sektorunda yaranmış vəziyyətin səbəblərini ətraflı nəzərdən keçirək. Bu gün baş verənlər bütün dünyada gedən, devalvasiya yarışı kimi xarakterizə olunan prosesin məntiqi nəticəsidir. Yaponiyadan tutmuş Amerikaya, Avropadan Afrikaya qədər dünyanın əksər ölkələri öz milli valyutalarını ABŞ dolları qarşısında ucuzlaşdırır. Bu kimi proseslər bütün dövrlərdə baş verib. Son 25 ilə nəzər yetirsək, 4 dəfə bu cür devalvasiya prosesləri olub. Bu da ABŞ iqtisadiyyatında, onun büdcəsində vəziyyətin yaxşılaşması və ya pisləşməsi ilə bağlı baş verib və hər dəfə də neftin ucuzlaşması ilə müşaiyət olunub. Son nəticədə 1980-ci illərdə Yaponiya böhranı, 1990-cı illərdə Asiya böhranı, 2008-2009-cu illərdə və nəhayət son illərdə baş verən böhran, hansı ki, bizim iqtisadiyyata da mənfi təsirini göstərir.

Azərbaycanda gedən proseslər də bunun bir tərkib hissəsidir. Biz iqtisadi inkişaf bumu dövrü yaşadıq. Bu dövrdə bank sektoru real istehlakı aşan izafi kreditləşmə həyata keçirdi və bununla da digər ölkələrdə baş verən proseslər Azərbaycanda da təkrar olundu. Təcrübə göstərir ki, bütün iqtisadiyyatlar gec-tez böhrandan çıxır və çıxacaq. Amma nəzərə almaq lazımdır ki, ABŞ sonuncu böhrandan çıxmaq üçün 11,6 trln. dollar pul xərclədi. Bu məbləğ indiyə qədər müxtəlif böhranlardan çıxmaq üçün sərf edilmiş vəsaitin məcmusundan çoxdur, çünki iqtisadiyyatlar həddindən çox böyüyüb. Azərbaycan iqtisadiyyatı da ümumi daxili məhsulun həcminə nisbətdə təxminən 3 dəfə böyüdü və bank sektoru da buna uyğun artım nümayiş etdirdi, böyük həcmdə kreditlər verildi və kreditləşmə real istehlakı aşdı, real gəlirləri üstələdi.

Yaranmış vəziyyət yeni idarəetmə strukturlarının yaranmasını zəruri etdi.Təbii ki, dövlət bu prosesə qarışdı, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Maliyyə Sabitliyi Şurası yaradıldı, bank qanunvericiliyinə dəyişikliklər edildi, “məsuliyyətli kreditləşmə” siyasətinə keçildi. Hazırkı mərhələdə əsas məsələ odur ki, biz yeni dövrə bazar iqtisadiyyatının prinsiplərinə toxunmadan keçməliyik. Bu isə elə də asan deyil, problemlərsiz ötüşmür və həm fərdi təsərrüfatlar, həm də biznes subyektləri kreditlərin ödənilməsində çətinlik çəkirlər. Banklar isə ödənişlərdəki gecikmələrdən yaranan itkiləri qarşılamaq üçün böyük həcmdə ehtiyatlar yaradır. Bu isə adətən kapitalın azalması hesabına baş verir. Bəzi banklar MBNP-nin tələbi ilə əlavə kapitalaşma həyata keçirir, amma istənilən halda bankların balansında zərər yaranır. Bu il bank sektoru zərərdədir, amma 2018-ci ilin sonuna mənfəətə keçəcəyini proqnozlaşdırırıq (dövlət bankları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı (ABB) istisna olmaqla).

- Bank sektoru zərərdən mənfəətə nəyin hesabına keçəcək? Yaxın illərdə aktiv kreditləşmə də gözlənilmir.

- Bankların işi təkcə kredit vermək deyil, onlar ölkə iqtisadiyyatına hesablaşmalarla əlaqədar xidmət göstərir. İstənilən iqtisadi subyektin əmək haqqı almasından tutmuş müxtəlif formalarda pul köçürmələrinə qədər bir sıra əməliyyatlar bank sektoru vasitəsilə həyata keçirilir. Hazırda banklar mümkün olduğu qədər xərclərini azaltmağa, əməliyyat gəlirlərini artırmağa çalışır. Bu sahədə də artım var, çünki iqtisadiyyatda hesablaşmalar kəskin artıb. Nəzərə alsaq ki, gələn il dövlət büdcəmiz 15-16 mlrd. manat olacaq, deməli bu məbləğdə hesablaşma bank sektoru vasitəsilə həyata keçiriləcək.

Biz ABA olaraq hökumətə təklif etmişik ki, nağdsız hesablaşmaların artırılması üçün bütün mövcud imkanlardan istifadə edilsin. Bunun üçün isə, məsələn, müxəlif bankların plastik kartları ilə hesablaşmalar zamanı vahid tarifdən istifadə edilməsi təklif olunub. Yəni, bütün plastik kartlardan bütün bankların bankomatlarında, POS-terminallarında eyni tariflə istifadə etmək mümkün olsun və yekunda əldə edilən gəlirlər və xərclər banklar arasında ədalətli şəkildə bölüşdürülsün. Bunun üçün Azərbaycan Mərkəzi Bankında Banklararası Kart Mərkəzi istismara verilib və onun vasitəsilə ölkədaxili banklararası kart əməliyyatları üzrə əlverişli şərtlərlə nağdsız hesablaşmaların aparılması məqsədi ilə interçeync tariflərinə yenidən baxılması imkanı yaradılıb. Bu da imkan verəcək ki, qarşıdakı illərdə bu cür əməliyyatlardan da əldə olunan gəlirlər artmış olsun. Eyni zamanda kreditləşmə də davam edir, portfeldəki azalmaya baxmayaraq, təxminən 17 mlrd. manatlıq aktiv borc var, əvvəlki illərlə müqayisədə bir qədər sərt şərtlərlə belə olsa yenə də kreditlər verilir, bank sektoru bundan da gəlir əldə edəcək.

- Bir qədər əvvəl banklarda əlavə kapitallaşmanın həyata keçirildiyini qeyd etdiniz. Amma bəzən məlum olur ki, kapital artımı zamanı kredit təşkilatlarına real pul qoyuluşu edilmir. Məsələn, ABB-də məlum olmuşdur ki, müəyyən şəxslər bankın özündən kredit alaraq əldə etdikləri vəsaiti onun yeni səhmlərinin alınmasına yönəldiblər. Həmçinin, bankların öz əmlaklarının dəyərini süni şəkildə artırmaqla, başqa bankdan borc almaqla kapital artımı həyata keçirdikləri bildirilir. Bundan başqa, Bank sahibləri vəsait cəlb etdikləri investorlara qaytara bilmədikləri borcun əvəzində onlara bankdan pay verirlər. Yəni, həmin borcu yeni səhmlərin dəyərinin ödənilməsinə yönəldirlər. Bununla bağlı ABA-nın mövqeyi necədir?

- Birmənalı şəkildə deyə bilərəm ki, hazırkı mərhələdə bu cür hallar baş vermir. Çünki kapital tələbinin qoyulması, onun yerinə yetirilməsinə nəzarət MBNP-nin nəzarəti altında həyata keçirilir. Hər bir banka kapitalın hansı mənbə hesabına, necə artırılması ilə bağlı ciddi nəzarət var. Bu gün hansısa bankın başqa bankdan vəsait cəlb etməklə kapitalı artırması mümkün deyil. Həmçinin, digər dediyiniz hallar. Bəlkə də iqtisadi inkişafın bum dövründə belə spekulyativ hallar olub, bunu nəzarət orqanları daha yaxşı bilər, amma iqtisadi böhran dövründə, ciddi nəzarət rejimində, “məsuliyyətli kreditləşmə” şərtləri çərçivəsində belə hallar mümkün deyil, banklar bunu edə bilməz. Söhbət yalnız cəlb edilmiş müəyyən vəsaitlərin kapitala çevrilməsindən gedə bilər, bu da tam rəsmidir, qeyri-şəffaf heç nə yoxdur, müəyyən aktivlərin təyinatının dəyişməsi kimi qiymətləndirilməlidir.

- Azərbaycan bankları kapitalını əsasən mövcud səhmdarlar hesabına artırır. Yəni, onlar banka yeni səhmdar cəlb etməkdə, eləcə də səhmlərini kütləvi satışa buraxmaqla ölkədə səhmdarlar ordusunun yaranmasına tövhə verməkdə maraqlı deyil. Bu nə ilə bağlıdır?

- Bunun iki səbəbi var. Səhm bazarına çıxmaq, yeni səhmdarlar cəlb etmək üçün banklar qiymətli kağızlar bazarı ilə bağlı MBNP-nin müəyyən etdiyi prosedurlardan keçməlidir. Hələ ki, bunu az bank edə bilir. Digər səbəb isə odur ki, insanlar gəlir əldə edə biləcəkləri aktivlərə investisiya edirlər. Bank sektoru isə bu gün zərərdədir. Yəni, bazarda tənəzzül varsa, o zaman bankların kütləvi səhm buraxılışı özünü doğrultmaya bilər, bunu da onlar öncədən nəzərə alaraq daha çox mövcud səhmdarlardan vəsait cəlb edir. İndiki halda iqtisadi vəziyyət buna imkan vermir, çünki insanlarda bank səhmlərinə pul qoymağa stimul yaranmalıdır.

- Azərbaycan banklarının böyük məbləğdə vaxtı keçmiş kreditləri var. Bu rəqəm 1,3-1,4 mlrd. manat civarındadır. Problemli kreditlərin məbləği hansı həddə qədər arta bilər?

- Bununla bağlı proqnoz vermək çətindir. Problemli kreditlərin bir qismi əvvəlki illərdə dollarla verilmiş borcların müddətinin başa çatması hesabına formalaşıb. Bundan başqa, ilk devalvasiyadan sonra dollar borclarının əksər hissəsi restrukturizasiya edildi, yeni, daha uzun müddətə müqavilələr bağlandı və həmin müştərilərin ödəniş qabiliyyətindən, onların yeni qrafikə nə dərəcədə əməl etməsindən asılı olaraq vaxtı keçmiş kreditlərin də məbləği artır və yaxud azalır. Odur ki, problemli kredit göstəricisinin maksimal həddi barədə nə isə demək düzgün deyil.

- Restrukturizasiya demişkən, bəzi banklar bunun hesabına problemli kreditlərinin məbləğini kəskin azaldır. Amma bu, müvəqqəti xarakter daşıyır, sonradan vaxtı keçmiş borclar yenidən şişməyə başlayır. Müqavilələrin müddətinin uzadılması nə dərəcədə effektiv addımdır? Azərbaycan manatı hələ də ucuzlaşır, bu, dollar kreditləri ilə bağlı ödənişlərə təsir edirmi?

Ən sərfəli kredit üçün müraciət et

- Hər iki devalvasiyadan sonra müştərilər banklara qarşı iki tələb irəli sürdülər – ya dollar kreditləri köhnə məzənnə ilə ödənilsin, ya da müqavilələrin müddəti artırılsın ki, onların manatla ifadədə aylıq ödənişləri sabit qalsın. Banklar birmənalı olaraq ikinci tələbi seçərək yerinə yetirib. Yəni, iqtisadi böhran, devalvasiya bütün cəmiyyətin problemi idi və bunun zərərini banklar və borcalanlar öz aralarında bölməli idilər. Banklar öz üzərinə düşəni etdi, müqavilələrin müddətinin artırılmasından əlavə faiz və cərimələri sildi, faiz dərəcələrini aşağı saldı, hər müştəriyə fərdi yanaşdı. Artıq yeni şərtlərlə krediti ödəmək borcalanın işidir, bu isə onun dəyişən iqtisadi şəraitə nə dərəcədə adaptasiya olmasından asılıdır. Milli valyutanın məzənnəsinin zəiflməsinə gəlincə isə, təbii ki, bu, dollarla götürülmüş borcların ödənişlərində müştərilərin bir qisminin gözləmə mövqeyinə keçməsinə, ödənişi gecikdirməsinə səbəb olur.

- Yeri gəlmişkən, dolların məzənnəsi ilə bağlı proqnozlarınız necədir? Manata nisbətbə məzənnə hansı həddə qədər arta bilər?

- Bu məsələyə toxunmaq istəməzdim, iqtisadi böhran dövründə ən asan məsələ proqnoz verməkdir. Yalnız onu deyə bilərəm ki, vaxtaşırı ölkənin tədiyyə balansı ilə bağlı göstəricilər açıqlanır, bundan hər kəs özü üçün nəticə çıxara bilər. Yaxşı olar ki, iqtisadiyyatla bağlı nə həddindən çox yaxşı, nə də həddindən çox pis gözlənti yaratmayaq, real vəziyyətimizə, gəlir və xərclərimizə uyğun proseslərin iştirakçılarına çevrilək.

- Azərbaycan bankları ona dollarla borcu olan müştərilərinə güzəştlər edir, vaxt verir. Amma bankların özlərinin də xarici investorlar qarşısında öhdəlikləri var. Bu cür şəraitdə xaricdən Azərbaycana münasibət necədir, bankların özünə güzəşt olunurmu?

- Təbii ki, böhran baş verəndə bütün kreditorlar öz borclularına güzəşt edir. Bu baxımdan Azərbaycan bankları da istisna deyil. Amma banklar da tədricən borclarını azaldır. 2015-ci ilin sonuna bu rəqəm 4,4 mlrd. manat idisə, ən son göstəriciyə görə 3,275 mlrd. manatdır. Bunun da böyük hissəsi dövlət bankları, o cümlədən ABB-nin payına düşür.

- Azərbaycan banklarından əmanət axını hələ də dayanmayıb. Baxmayaraq ki, hökumət əmanət qoyuluşunu stimullaşdırmaq üçün bu il bir sıra addımlar atdı, manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi artırıldı və buna uyğun olaraq banklar da əmanət faizlərini artırdı. Bu səylər niyə nəticə vermir?

- Men belə deməzdim. Azərbaycan əhalisinin banklardakı əmanətləri azalsa da, ümumi depozit portfelində bu il artım var. Ev təsərrüfatlarının banklardan pulunu geri götürməsi onların bu gün həmin vəsaitə ehtiyac duyması ilə bağlıdır. Çünki əhali yüksək gəlirlərə malik olduğu dövrlərdə həmin vəsaitləri əmanət kimi banklara yönəltmişdi. Odur ki, böhran dövründə əmanətlərin azalması təbiidir. Amma azalma kəskin deyil. Nəzərə almalıyıq ki, bu il 11 bank bağlanıb, amma yenə də ayrı-ayrı banklarda əmanət portfelində artım müşaiyət olunur.

 

- Azərbaycanda bu ilin may ayından tətbiqinə başlanılmış "məsuliyyətli kreditləşmə" siyasəti nəticəsində banklardan kredit götürənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Hazırda bank filiallarında əvvəlki izdiham, sıxlıq müşahidə edilmir. Banklar potensial müştərilərinin hansı hissəsini itirib?

- Bum dövründə istehsala, ticarətə əsaslanmayan, izafi istehlaka yönəlmiş kreditlər verilib. Hazırda isə real iqtisadi fəaliyyətə, gəlirlərə əsaslanan kreditlər verilir. Odur ki, əvvəlki dövrdən fərqli olaraq indi kredit ala bilməyənlər bugünki şərtlərlə potensial müştəri sayılmırlar. Bank sektoru real iqtisadiyyata dəstək verən müştəriləri axtarır, formalaşdırır və məhz onlar potensial müştərilər sayılırlar. İqtisadi subyektlər birmənalı şəkildə yeni tələblərə uyğunlaşmalıdır və buna doğru gedirlər. Onlara banklar da kömək edirlər, seminarlar təşkil edirlər. Biz də ABA olaraq bu prosesə dəstək veririk, "Uğura inan, öz biznesinə başla" adlı kitab nəşr etmişik. Məqsədimiz odur ki, bazara bacardıqca çox "start-up" layihələr təklif edilsin, bank sektoru üçün real vəziyyətə uyğun müştərilər formalaşsın.

- Hazırda banklara post-neft dövrünə uyğun layihələr təqdim olunurmu? Söhbət qeyri-neft sektoru ilə bağlı olan, ölkəyə valyuta gətirə biləcək, bankı müştərinin biznes tərəfdaşına, biznes məsləhətçisinə çevirə biləcək layihələrdən gedir.

- Azərbaycan biznesi yeni vəziyyətə çevik reaksiya verib, yeni ideyalarla, təkliflərlə banklara müraciətlər artıb. Düşünürəm ki, sahibkarlığın inkişafı ilə bağlı dövlət səviyyəsində atılan addımlar buna müsbət təsir edəcək. Real layihələr var və banklar tərəfindən maliyyələşdirilir.

- Azərbaycanda ilk özəl kredit bürosunun yaradılması gözlənilir. Bu, Azərbaycan banklarına nə verəcək? Kredit bürosunun MBNP-nin nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətindən fərqi nə olacaq?

- Kredit bürosu maliyyə bazarına daha geniş çeşidli xidmətlər təklif edəcək. Onlar banklar və bank olmayan kredit təşkilatları ilə yanaşı, vətəndaşların sığorta, lizinq şirkətləri, rabitə, kommunal xidmət müəssisələri ilə olan ödəniş münasibətləri barədə də məlumatlara malik olacaq və borcalanlar barəsində daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Əgər kimsə indiyə qədər heç bir kredit təşkilatından borc almayıbsa, onun məsuliyyətini müəyyən etməkdə kredit bürosunun məlumatları həlledici olacaq. Müəyyən ediləcək ki, məsələn, potensial müştəri telefon pulunu, elektrik enerjisi, su haqqını vaxtında ödəyirmi? Halbuki MKR-in məlumatları yalnız indiyə qədər götürülmüş kreditləri əhatə edir.

- Azərbaycanda daşınar əmlakın girovluğu əsasında kredit verilməsi planlaşdırılır. Bu nə dərəcədə real və banklar üçün risksizdir?

- Kiçik və orta biznesin inkişafından danışırıqsa, bunun üçün infrastruktur olmalıdır. Bu cür subyektlərin həmişə daşınmaz əmlakı olmur, daşınar əmlakı olur. Banklar onları maliyyələşdirmək istəyirsə, həmin əmlakın girova alınma mexanizmi olmalıdır. Məsələn, istehsalla məşğul olan hər hansı subyektin avadanlıqları girov qismində çıxış edə bilər, çünki bəzən həmin avadanlıqlar biznesin 90%-ni təşkil edir və əhəmiyyətinə görə heç də daşınmaz əmlakdan geri qalmır. Həmin daşınar əmlakı sığortalamaq şərtilə risksiz şəkildə girov qismində cəlb etmək, kiçik və orta sahibkarlara kredit vermək olar və bu, biznesin inkişafına kömək edə bilər.

- 2015-ci ildə 2, bu il isə 11 bank bağlandı və Azərbaycanda bankların sayı 45-dən 32-yə düşdü. Necə düşünürsüz, ölkəmiz üçün bu qədər bank kifayətdir? Azərbaycan bazarına xarici bankların gəlməsinə necə baxırsız, yerli banklar onlarla rəqabətə hazırdırmı?

- Bankların sayı ilə əhalinin sayı arasında heç bir bağlılıq yoxdur. Bunu müxtəlif ölkələrin təcrübəsi göstərir. Məsələn, Avstriyada 8,53 mln. əhali və 707 bank var. Amma Bolqarıstanda 7 mln. əhali və cəmi 28 bank var. Halbuki, iki ölkənin vətəndaşlarının sayı bir-birinə yaxındır. Odur ki, əhalisi 10 mln.-a yaxın olan Azərbaycanda nə qədər bankın fəaliyyət göstərməli olması ilə bağlı fikir yürütmək düzgün deyil. Bu proseslər bazar iqtisadiyyatı şəraitində tələb və zərurət prinsipi ilə tənzimlənir.

Xarici bankların Azərbaycana gəlməsinə gəlincə isə, bu, yerli banklar üçün hər hansı problem yarada bilməz. Əsas məsələ odur ki, gələn bank yerli maliyyə bazarının inkişafına müsbət impuls versin, özü ilə yeni texnologiyalar gətirsin. Bu baxımdan yüksək reytinqli bankların bazara daxil olması daha düzgün olardı. Eyni zamanda, hazırda Azərbaycanda kapitalında xarici sərmayənin payı 50%-dən çox olan 8 bank fəaliyyət göstərir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et