Belə düşünün: 10 il əvvəl oxuduğunuz bir kitab var. Əgər, o kitabı bu gün yenidən oxusanız, daha fərqli qiymətləndirmələr edə bilərsiniz.
Bir çoxlarımızın uşaqlığında oxuduğu kitablar vardır. Əlbəttə, bu kitablar uşaq inkişafı üçün əhəmiyyətli olsalar da, onları uşaq kitabı kimi təsnifləşdirmək düzgün deyil. Çünki, bu kitablar hər yaş qrupundan olan insanların oxuya biləcəyi kitablardır. Aşağıda hər yaşda oxuna biləcək kitabların qısa siyahısını sizinlə paylaşmaq istəyirəm:
"Həqiqətdə nə olduğumuzu göstərən, qabiliyyətlərimizdən çox seçimlərimizdir."
J. K. Rowling, Harry Potter
Harry Potter seriyası dünyaca məşhur J. K. Rowling tərəfindən yazılmışdır. Fantastik janrda olan əsər, ardıcıl 7 kitab və alt kitablardan ibarətdir. Seriyanın ilk kitabı olan “Harry Potter and the Philosopher's Stone” 1997-ci ildə nəşr olunmuşdur. Bəlkə siz Harry Potter seriyasının bir sehrbaz olduğunu öyrənən uşaq haqqında olduğunu düşünürsünüz, amma əsərin əsas mövzusu azadlıq və ədalət haqqındadır.
Harry Potter-in çatdırmaq istədiyi ən vacib mesajlar azadlıq, ədalət, dostluq və təxəyyül kimi göstərilə bilər.
"Səmərəli keçən iyirmi altı dəqiqə, boşuna keçən iyirmi altı ildən daha qiymətlidir!"
Jules Verne, Aya səyahət
Orijinal adı “De la Terre a la Lune” olan “Aya Səyahət” 1865-ci ildə Jules Verne tərəfindən yazılan elmi-fantastik romandır. Bu kitabın ən qəribə tərəfi 1865-ci ildə yazılmış olmasıdır. İlk dəfə aya eniş isə 1969-cu ildə baş vermişdir. Yəni, Jules Verne-nin kitabından təxminən 100 il sonra. 1865-ci ildə aya səyahət etmək mümkün belə deyilkən, Jules Verne bunun xəyalını qurmuşdu. Bir də, o dövrdə bu kitabı oxuyanların yaşadıqlarını düşünün.
Jules Verne-nin Aya Səyahət kitabı bir mənada Eynşteyn-in sözlərinin də sübutudur. “Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə sizi hər yerə aparar.” Jules Verne-nin 1865-ci ildə xəyal etdikləri, 1969-cu ildə gerçəyə çevrildi. Jules Verne-nin bu əsəri həm də, Georges Méliès-in Aya Səfər (Le voyage dans la Lune, 1902) adlı filminə ilham mənbəyi olmuşdur. Bu kitabdan çıxara biləcəyimiz ən önəmli nəticə isə əlbəttə ki: XƏYAL ET!
"Anası və içində böyüyən qorxu, ağ divarlardan uzaq durmağını əmr edirdi, amma böyümək, həyat demək idi. Həyat isə, həmişə işığa doğru qaçmağı tələb edir."
Jack London, Ağ Diş
"Ağ Diş" 1906-cı ildə Jack London tərəfindən yazılmış və macəra kateqoriyasında qiymətləndirilən bir kitabdır. Kitabda ümumiyyətlə kədərli bir mövzu hakim olsa da, uşaqlara heyvan sevgisini aşılamaq gücünə malikdir. Bu kitabda, dünyaya Ağ Diş-in pəncərəsindən baxırıq. Ümumi olaraq onun gündəlik həyatı və insanların ona qarşı davranışları haqqındadır. Ağ diş, bir canavar itidir. Buna görə də, həm canavar həm də it instinktlərinə sahibdir. Kitabda bu fərqli instinktlər arasında gediş-gəlişi anlaya bilərsiniz.
Bu kitabı oxuyarkən insanların ona necə davrandıqlarını gördükcə insan olduğunuz üçün özünüzdən belə nifrət edə bilərsiniz. Bununla yanaşı yaxşı insanların da varlığını görəcəksiniz. Bu da bir mənada pislərlə mübarizə edə bilmək və yaxşı şeylər olacağına dair ümid bəsləmək üçün əhəmiyyətli bir mesaj verir.
Bu kitabdan çıxaracağımız ən əhəmiyyətli nəticə isə sevgidir! Ən vəhşi canlıların belə sevə və sevilə bildikləri ...
Şəkər Portağalı , José Mauro de Vasconcelos
"İndi həqiqətən ağrının nə olduğunu bilirdim. Ayağını bir parça şüşə ilə kəsmək kimi deyildi bu. Ağrı, insanın birlikdə ölməsi lazım olan bir şey idi. Qollarda, başda güc buraxmayan, yastıqda başını bir tərəfdən o biri tərəfə çevirmək cəsarətini belə yox edən şey idi."
José Mauro de Vasconcelos, Şəkər Portağalı
Orijinal adı “Meu pé de Laranja lima” olan “Şəkər Portağalı” fantastik romandır. Braziliyalı yazıçı José Mauro de Vasconcelos-un 1968-ci ildə yazdığı bu kitab, yuxarıdakı digər kitablardan bir az daha fərqlidir. Bu fərqliliyin səbəbi isə adi bir uşağın gündəlik həyatının təsvir edilməsidir. Bu vəziyyət, kitabı oxuyan uşaqların, özlərini əsas qəhramanla qarşılaşdırmaqlarını təmin edə bilər. Eyni zamanda, adını şəkər portağalı ağacından götürən kitab, uşaqlara ağac sevgisini də aşılayabilir, çünki Zezé-nin ən yaxın dostu bu şəkər portağalı ağacıdır. Əgər siz yetişkinsinizsə, bu kitab sizin uşaqlığınızı və həmin dövrlərdə sahib olduğunuz geniş təsəvvür gücünüzü xatırladacaqdır.
Zeze, yoxsul bir ailənin uşağı olur və nə zaman dəcəllik etsə, valideynləri onu döyür. Kitab əslində bir uşağın davranışlarına cəza olaraq ona şiddət tətbiqinin heç bir problemə həll olmadığını da göstərir. Onunla danışmalı və onu sevdiyinizi göstərməlisiniz. Zeze də eynilə digər hər bir uşaq (və əlbəttə ki hər insan) kimi sevilmək istəyir.
Zeze Portuga adında bir böyüklə dost olur. Dost kimi gözəl münasibətlə yanaşı Zeze Portuga-nı atasının yerinə də qoyur. Bir sözlə bu kitabdakı ən vacib mesajın sevgi olduğunu başa düşəcəksiniz. Ailənizi, uşaqlarınızı, hər şeyi sevin :)
Hər yaşdakı insanın oxuya biləcəyi daha çox kitab mövcuddur əlbəttə ki. Əminəm sizin də ağlınıza gələn bir çox kitab olmuşdur. Sizin ağlınıza gələn hər yaşa uyğun kitablar hansılardır? Bizimlə bölüşün!
Nağıyeva Güllü