Yeni il ab-havasını ən yaxşı əks etdirən Avropa şəhərləri | Banco.az

Yeni il ab-havasını ən yaxşı əks etdirən Avropa şəhərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada Yeni il aqappaq qar, tarixdən günümüzə gəlib çatmış ənənələr, məftunedici xorları ilə qotik kilsələr və rəngli yarmarkaların canlandırdığı füsunkar orta əsr meydanları deməkdir.

Bəziləri böyük dəbdəbə ilə bəzədilən, bəziləri isə özünəməxsus adət-ənənələri ilə ziyarətçilərinə nağılvari bayram vəd edən Avropanın elə şəhərləri var ki, onlar ilin ən gözəl libasını məhz bayram ərəfəsində geyinir və məhz bu ərəfədə həmin yerlərə baş çəkmək sizə bənzərsiz anlar yaşada bilər.

Banco.az sizi Yeni il ərəfəsində ziyarət edilməli ən gözəl Avropa şəhərlərində virtual tura dəvət edir. 

Praqa, Çexiya

Avropanın qotik nağılı hesab edilən Praqa Milad və Yeni il bayramını böyük əzəmət və təntənə ilə qeyd edir. Xoş ətri ilə insanı valeh edən isti şərabdan dadaraq şəhərin heyranedici memarlığına tamaşa etmək səfərin ən unudulmaz anlarından olacaq. 

Praqanın Milad yarmarkaları Avropanın ən məşhurlarından biridir və dənizə çıxışı olmayan bu Mərkəzi Avropa ölkəsinin adət-ənənələrini, mədəni dəyərlərini və ləzzətli mətbəxini kəşf etmək üçün bu yarmarkalar əla fürsətdir.

Qeyd edək ki, Çexiyanın paytaxt şəhərində qış bol qarlı və soyuqdur, lakin onun döşəmə küçələri boyu düzülmüş, təzə qarla örtülmüş möhtəşəm qotik binaları arasından keçmək Milad açıqçasının içərisinə daxil olmaq kimidir.

Vyana, Avstriya

Bayramı Vyana kimi zəriflik və incəliklə qeyd edən başqa şəhər tapmaq çətindir. Parıldayan, zərif Milad yarmarkaları, əfsanəvi kafe mədəniyyəti və köhnə dünya cazibəsi şəhərə sehrli atmosfer verir, onun parıldayan işıqlara bürünmüş imperiya memarlığı isə əyləncəli qış tətili üçün gözəl fon yaradır.

Köln, Almaniya

Köln şəhərə bir çox cəhətdən hakim olan və Qotik memarlığın şah əsərlərindən sayılan möhtəşəm kafedralı ilə məşhurdur.

Noyabrın sonundan Milad ərəfəsinə qədər isti şərabın vətəni sayılan, Reyn çayının bu ən böyük şəhəri ən azı 7 Milad yarmarkasına ev sahibliyi edir ki, onlardan bəziləri tematikliyi ilə seçilir.

Almaniyanın ən yaxşı Milad yarmarkalarından olan və bütün Kölnə səpələnmiş bu qış attraksionları Milad bayramının sehrli ab-havasına daxil olmaq və dünyaya Milad yarmarkaları ənənəsini bəxş edən bu füsunkar xalqın adət-ənənələri ilə tanış olmaq üçün gözəl fürsətdir.

Strasburq, Fransa

Fransanın ən qədim Milad yarmarkasına, möhtəşəm qotik kilsəyə və YUNESKO-nun Mədəni İrs siyahısına salınmış füsunkar Köhnə Şəhərə ev sahibliyi edən və Almaniya ilə sərhəddə yerləşən bu valehedici Alzas şəhəri qış səyahətiniz üçün əla yerdir. Strasburqun tarixi meydanlarında qurulan ecazkar “Marchés de Noël” yarmarkasını və hər il şəhərin yarı taxta evlərini bəzəyən mükəmməl nümayişləri mütləq sevəcəksiniz.

Vroslav, Polşa

Qış tətilləri zamanı Polşanın 4-cü ən böyük şəhəri olan Vroslav 16-cı əsrdən qalma möhtəşəm Milad yarmarkası ilə ziyarətçiləri qarşılayır. Küçələr parlaq dekorasiyalarla bəzədilir, Köhnə Şəhər hissəsi insanlara enerji və xoş əhval-ruhiyyə bəxş edir və macar, alman və italyan təsirləri ilə şəhərin müxtəlifliyini təmin edən heyrətamiz rəngli Raynek meydanında Milad mahnılarının əks-sədası ətrafa yayılır.

Tallin, Estoniya

Ən sərfəli kredit üçün müraciət et

Tallinin Milad yarmarkası Avropanın ən sehrli və orijinal yerlərindən biridir. Yun papaqlar və əl ilə oyma taxta bəzəklərdən tutmuş doyumlu Estoniya yemək və içkilərinə qədər hər şeyin satıldığı, fənərlərlə əhatələnmiş stendlərə baş çəkmək sizə əsl nostalji anlar yaşadacaq.

Qarlı xizək yolları, buxarlı saunalar və rahat kafe özünəməxsus butiklərlə bəzədilmiş gözoxşayan döşəmə küçələr -  mükəmməl Milad şəhəri üçün başqa nə lazımdır ki…

Kopenhagen, Danimarka

Milad ərəfəsi Kopenhagen parlaq işıqlar, şən bayram əhval-ruhiyyəsi və gözəl bəzədilmiş, səliqəli kafelərlə dolub-daşır. Milad bazarları və zövqlü dekorasiyalarla bəzədilmiş şəhər xüsusi bir atmosfer saçır.

Bununla belə, şəhərin başqa heç bir yeri dünyaca məşhur Tivoli bağları kimi Milad sehrinə bürünməyib. Hər il planetin ikinci ən qədim əyləncə parkı olan bu bağlar möhtəşəm Milad işıq şouları, maraqlı attraksionlar və hər cür hədiyyələrin və ənənəvi məhsulların satıldığı şirin, kiçik stendləri ilə qış möcüzələr diyarına çevrilir.

Rovaniemi, Laplandiya (Finlandiya)

Dünyanın ən heyrətamiz qış mənzərələri, parlaq işıqlı ağacları və mükəmməl buz heykəlləri ilə ziyarətçilərini əsl nağıllar aləminə dəvət edən Rovanieminin Milad bayramı üçün ən yaxşı Avropa şəhərlərindən biri olduğuna şübhə yoxdur. Şaxta babanın da cəmi 8 km aralıda yaşaması onun sehrli cazibəsini daha da artırır.

Açıqcalar kimi məftunedici, çəhrayı rəngli səhərləri və şəhərin əsas cazibəsi olan Santa Klaus kəndi ilə yanaşı, Rovaniemi ziyarətçilərə eklektik bir sıra muzeylər və çoxlu sayda qış aktrakksionları - maral və haski ilə xizək turları, qar arabası safariləri və möhtəşəm Şimal İşıqları turu vəd edir.

London, İngiltərə

Göz qamaşdıran küçə işıqları, dəbdəbəli pəncərə ekranları və saysız-hesabsız əyləncələri Londonu Milad bayramı ərəfəsi Avropanın ən gözəl şəhərlərindən birinə çevirir. Həqiqətən başqa cür ola bilməzdi! Çarlz Dikkensin Milad mahnısının vətəni olan bu paytaxt şəhər heyrətamiz konkisürmə meydançaları, Viktoriya dövrünə aid tədbirlər və istənilən Qrinçin ürəyini əridəcək sehrli konsertləri ilə doludur.

Brügge, Belçika

Avropada nağıllardakına bənzəyən kanalları, zəncəfil çörəyindən tikilmiş kimi görünən binaları və döəmə küçələr boyu o baş-bu başa gedən orta əsrlərə aid zərif at arabaları ilə Bruggedən daha sevimli şəhər tapmaqda çətinlik çəkəcəksiniz. 

Milad ərəfəsində şəhərin Grote Markt adlanan əsas meydanı parıldayan işıqlar, heyranedici buz meydançası və suvenirlər, bayram bəzəkləri və məşhur Belçika şokoladları ilə dolu yarmarka stendləri ilə bəzədilmiş sehrli bir səltənətə çevrilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et