Yahoo-nun ortağı Cerri Yanqın həyat hekayəsi | Banco.az

Yahoo-nun ortağı Cerri Yanqın həyat hekayəsi

İnternet dünyasının aparıcı şirkətlərindən biri olan “Yahoo” xüsusilə 1990 – cı illərin sonunda olduqca məşhur idi. Bu uğurun arxasında isə şirkətin qurucularından Cerri Yanqın böyük töfhəsi vardır.

Bugünki məqaləmizdə Tayvanlı iş adamı Cerri Yanqın həyat hekayəsini sizlərə təqdim edirik.

Yahoo qurucu ortağı Cerri Yanq kimdir?

Cerri Yanq 1968 – ci ildə Tayvanın paytaxtı Taipey şəhərində dünyaya gəldi. Əsl adı Yang Chih Yuan olan Cerri Yang 10 yaşında anası və böyük bacısı ilə birgə ABŞ – ın Kaliforniya ştatında məskunlaşdı. İki yaşında atasını itirən Cerri Yanq məktəbə başladığı zaman ingiliscə bir söz belə bilmirdi. Vaxt keçdikcə dil baryerini aşan Cerri Yanq, məktəbdəki uğurları və bacarıqları səbəbilə müəllimləri tərəfindən təqdir edilir, xüsusi tələbələrin olduğu bir sinifdə təhsil alırdı. Cerri Yanq 1990 – cı ildə ABŞ – ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Stenford Universitetinin elektronika mühəndisliyi fakültəsindən məzun oldu.

1993 – cü ildə eyni ixtisas üzrə Doktorantura təhsilinə davam edən Cerri Yanq, Stenford Universitetinin kampusunda David Filo ilə tanış olur. Bu dostluq sayəsində internet dünyasına daxil olan Yanq, saatlarla internetdə vaxt keçirirdi. İnternetə olan aludəçiliyi səbəbilə hətta dərsləri ilə belə kifayət qədər məşğul ola bilmirdi.

İnternetin bu dövrlərində hələ kifayət qədər veb saytın olmaması səbəbindən axtarılan məlumatların əldə edilməsi asan deyildi. Odur ki, 1994 – cü ilin fevral ayında dostlar internetdəki ən çox müraciət etdikləri saytlardan bir indeks hazırlamağa başladılar. Bu çalışmanı Stenford Universitetinin kampusundakı bir karavanın içində həyata keçirirdilər. Bir müddət sonra doktorantura dərsləri bir qədər yüngülləşdiyi zaman Yanq və Filo, bu indeksləmə işini daha da sürətləndirdilər.

Nəticədə əllərindəki veb sayt linkləri o qədər çoxaldı ki, onları kateqoriya və alt – kateqoriyalara ayırmaq ehtiyacı yarandı. “Yahoo” konsepsiyası da beləcə formalaşdı.

Cerrinin İnternet Bələdçisi

Ən sərfəli kredit üçün müraciət et

Hazırladıqları veb sayt indeksinə “Jerry’s Guide to the World Wide Web” (Cerrinin İnternet Bələdçisi) adı verildi. Ancaq bu adı daha sonra “Yahoo” olaraq dəyişdirdilər.

“Yahoo!” quruluşunun ardınca internetdəki ən böyük veb saytlardan biri oldu. Bu fürsəti dəyərləndirən Filo və Yanq da 1995 – ci ildə “Yahoo!” adlı bir şirkət qurdular. Yahoo fikrinin yaranmasından şirkətin qurulmasına qədər keçən müddət 1 il idi.

Bu müddət ərzində Yanq doktorantura tədqiqatlarını təxirə saldı və bütün vaxtını “Yahoo” – nu inkişaf etdirməyə həsr elədi. Doktorantura tədqiqatları kimi çox vaxt aparan bir vəziyyət ortadan qalxdıqdan sonra internet bələdçisi olaraq fəaliyyət göstərən Yahoo ciddi bir axtarış sistemi və xəbər saytına çevrildi.

Bu dövrdə sahibkarlar internet və texnologiya şirkətlərinə sərmayə qoyurdular və Silikon Vadisi də sürətlə böyüyürdü. Yahoo 1990 – cı illərdə yüksəlişinə davam etdi, 2000 – ci ildə şirkətin səhmləri 119 dollardan satılırdı.

Cerri Yanq haqqında maraqlı faktlar

Yapon əsilli həyat yoldaşı Akiko Yamazaki ilə Stenford Universitetində tanış olmuşdur.

1999 – cu ildə MIT Technology Review tərəfindən 35 yaşına çatmamış ən nüfuzlu 100 yenilikçidən biri seçildi. Məşhur sahibkar eyni zamanda internetin ən tanınmış 25 nəfərindən biri hesab edilir.

“Yahoo” – dakı vəzifəsindən ayrıldıqdan sonra Cerri Yanq “AME Cloud Ventures” adında bir investisiya şirkəti qurdu. Bu şirkət qurulduğu gündən etibarən 50 – dən çox startap üçün köməklik göstərdi. Həmin şirkətlərdən bəziləri Tango, Evernote, Wattpad – dir.

2013 – cü ildən bəri “Workday Inc.” Şirkətinin müstəqil direktoru olan Cerri Yanq eyni zamanda “Alibaba” şirkətinin də müstəqil konsultantı vəzifəsini icra edir.

2014 – cü ildə texnologiya nəhəngi olan “Lenovo” şirkətinin müstəqil direktoru olan Cerri Yanq həmçinin Stenford Universitetində idarə heyətinin üzvüdür.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et