Xarici valyutada olan lizinq müqavilələri qanunsuzdur? | Banco.az

Xarici valyutada olan lizinq müqavilələri qanunsuzdur?

Əhalinin və sahibkarların xarici valyutada olan borclarının bir qismi lizinq şirkətlərinədir. Halbuki, yerli şəxslər arasında lizinq müqaviləsinin xarici valyutada bağlanması qanuna ziddir.

Mülki Məcəllənin 747.1-ci maddəsində deyilir: “Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur”.

Göründüyü kimi, lizinq əşyanın əvəzli istifadəyə verilməsinin formalarından biridir. Lizinq alanın lizinq verənə ödədiyi muzd ödənişdir.
Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə görə ölkədə xarici valyuta ödəniş vasitəsi kimi istifadə oluna bilməz. Mülki Məcəllənin 439-cu maddəsinə əsasən isə yerli şəxslər arasında pul öhdəliyi manatla ifadə edilməlidir.

Deməli, lizinq müqaviləsində ödənilməli olan muzd manatla ifadə edilməli və ödənilməlidir.
Bu, yalnız mənim gəldiyim nəticə deyil. Konstitusiya Məhkəməsinin xarici valyutada verilən kreditlər üzrə məlum 14 may 2015-ci il tarixli qərarı da bu nəticəni təsdiqləyir. Belə ki, həmin qərar xarici valyutada olan kreditlərə haqq qazandıraraq (haqsız olaraq, amma indi əsas bu deyil!) digər pul öhdəliklərinin xarici valyutada olmasını və ödənilməsini mümkünsüz hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, qərarda deyilir: “Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur... Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir...”.

Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. O cümlədən, Məcəllənin 439-cu maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış lizinq müqaviləsi də etibarsızdır. Deməli, Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq lizinq alan lizinq verənə lizinq obyektini (əşyanı), lizinq verən isə lizinq alanın xarici valyutada ödədiyi muzdu geri qaytarmalıdır.

Lizinq alan vətəndaşlar və sahibkarlar bu imkandan istifadə etsələr, manatın fevral devalvasiyası nəticəsində nəinki zərərə məruz qalmayacaq, bəlkə də hətta qazanc əldə edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et