“Vodafone” – nun ən gənc meneceri Emin Quluyev: “Şirkətə əlavə dəyər gətirəcək işçiyə həmişə iş var” | Banco.az

“Vodafone” – nun ən gənc meneceri Emin Quluyev: “Şirkətə əlavə dəyər gətirəcək işçiyə həmişə iş var”

“Üç ildir ki, xaricdə yaşayıram və ailəmdən ayrıyam. Amma aramızdakı mənəvi bağlılıq hər il daha da dərinləşir. Milli adətlərimizə hədsiz sevgi və bağlılığım olduğuna görə hər zaman ailə dəyərlərimizi təbliğ etməyə çalışıram.  Bununla yanaşı bəzi adət və dəyərlərin modifikasiya olunmasının tərəfdarıyam və buna cəhd edirəm. Məsələn, yaxşı olardı ki, ailələr gənclərə daha çox azadlıq versin. Bizdə hələ də ailələri tərəfindən xaricdə təhsil almağa icazə verilməyən qızlar var. Sırf valideyni istəyir deyə həkim olan gənclər var. Biznesləri daha da möhkəmlənsin deyə övladlarını evləndirən valideynlər var.

Bu sözləri bizimlə söhbətində "Vodafone" şirkətinin Qlobal Satınalma üzrə mütəxəssisi Emin Quluyev söylədi. O, hazırda adıçəkilən şirkətin Budapeşt ofisində fəaliyyət göstərir. Bu ilin may ayında menecer vəzifəsinə təyin olunan həmsöhbətim dekabr ayından etibarən şirkətin Lüksemburq ofisində fəaliyyət göstərəcək. Bununla isə o, şirkətin tarixində ən gənc menecer hesab olunur.

Qeyd edim ki, E.Quluyev 1991-ci ildə Sumqayıtda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alan həmsöhbətim bir müddət yerli şirkətlərdə çalışıb. 2015 – ci ildən etibarən isə Emin Avropada yaşayır və orada çalışır: “Mən İqtisad Universitetinin “Xüsusi İstedadlar Qrupu” nu bitirmişəm. Hələ 4 – cü kursda olarkən Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan “Azərsun” Holdinq – də çalışmağa başladım. Universitetin son kursunda beynəlxalq ticarət və təchizat üzrə dərslər keçməyə başladıq. Elə həmin vaxt bu sahə  mənə maraqlı gəldi və diqqətimi çəkməyə başladı. Beləcə sahə üzrə biliyimi artırmağa başladım. Daha sonra iş axtarmağa başladım və istehsal üzrə ölkədəki ən böyük şirkətin satınalma departamentindən iş təklifi aldım. İşlədikcə daha da həvəsləndim və karyeramı bu sahədə davam etdirməyə qərar verdim”.

2015 – ci ildə Fransa hökümətindən “Eyfel”  təqaüdünü qazanan müsahibim  sözügedən ölkədə Biznesin İdarə olunması üzrə magistr (MBA) təhsili alıb. Bir il sonra  təhsilini bitirən Emin daha sonra Avropada qalaraq karyerasını burada davam etdirmək qərarına gəlir: “Hələ Fransada təhsil alarkən şirkətlərə CV göndərməyə başladım. Amma viza məsələsinə görə əksər şirkətlər mənim CV – mə baxmırdı. Təsəvvür edin ki, həmin dövrdə sırf iş müsahibəsinə görə 2 dəfə İngiltərədə oldum. Hədəfimdə olan şirkətlər böyük şirkətlər olduğundan əmək bazarında rəqabət aparmaq asan deyildi. Aprel ayında Vodafone – un Lüksemburq ofisindən mənə təcrübə təklifi gəldi. Təsadüfən həmin ərəfədə digər şirkətlərdən daimi iş təklifi də gəldi. Amma mən təcrübə təklifini  qəbul etdim. Çünki bu şirkət mənim ən böyük hədəfim idi. Təklifi qəbul etməyimin başqa bir səbəbi isə Fransada təhsil aldığım universitetdə təcrübənin şərt olması idi. Orada olduğum müddətdə mən çox böyük təcrübə qazandım. Azərbaycanda qazandığım təcrübə və Fransada mənimsədiyim biliyi tətbiq edərək əməyimi göstərmək şansı əldə etdim. Beləcə artıq təcrübə dövrümün 5 – ci ayında iş təklifi aldım. Universitetdə bizə dərs keçən müəllimimiz deyirdi ki,  indi siz şirkətləri axtarın, sonra brendiniz sizə çalışacaq və şirkətlər sizi axtaracaq. Hazırda karyeramın həmin mərhələsini yaşayıram, şirkətlər mənimlə əlaqəyə girir, iş görüşlərinə dəvət edir”.

Avropada iş tapmağın çətinliyindən söz açan Emin deyir ki,  şirkətlər qeyri – avropa vətəndaşlarını işə götürməkdən çəkinir: “Fransada oxuduğum müddətdə qrupda 28 nəfər xarici tələbə var idi. Onlardan cəmi 4 – ü hazırda Avropada iş tapa bilib. Mən şirkətlərə CV göndərəndə əksər qrup yoldaşlarım şəhərləri gəzirdilər. Bütün gün iş axtardığıma görə həddən artıq gərginlik keçirirdim. Amma fikirləşirdim ki, iş tapıb həyatımı qaydasına qoyandan sonra çoxlu gəzmək imkanım olacaq. Elə də oldu. İndi hər həftə bir ölkəni gəzirəm. Düşünürəm ki, uğurlarımın səbəbi də məhz qarşıma aydın, ciddi hədəf qoyub ona nail olmaq üçün əlimdən gələni etməyim oldu. Xəyalları reallaşdırmaq üçün o xəyalların gerçəkləşəcəyinə bütün hisslərlə inanmaq lazımdır. Sonda istədiyinizi əldə etməsəniz demək ki, xeyirlisi məhz bu imiş. Amma bununla yanaşı düşünürəm ki, çəkilən əziyyət heç vaxt yerdə qalmır. Sadəcə prinsipial olmaq lazımdır, ümidləri itirmək olmaz”.

Fürsət düşmüşkən, həmsöhbətimdən uğurlu karyera qurmağın sirlərini də soruşdum: “İnsanın gələcəyinə ən böyük investisiyası öz üzərində işləməkdir. Yaxşı olar ki,  imkan olduqca biliyə yatırım etsinlər. Gənclər universitetin ilk illərindən karyera haqda düşünməli, həvəsi olan sahəni müəyyən etməlidir. Bizim cəmiyyətdə əksər gənclər elə bilir ki, universiteti bitirib diplom alan kimi ona iş tapılacaq. Əslində isə reallıq tamamilə fərqlidir. Şirkətlər diplomu olan yox, şirkətə əlavə dəyər, töhfə gətirənləri axtarır. Yəqin ki, bir çoxlarınız ətrafdan “2 diplomum var, amma iş tapa bilmirəm” ifadəsini eşitmisiniz. Maliyyə böhranından sonra şirkətlər xərc mövzusunda daha həssas olub və ən bacarıqlı namizədi işə götürmək istəyir. Bundan başqa heç bir universitet işçi yetişdirmir. Bunu nəzərə alaraq peşə üzrə internet resurslarından yararlanmaq lazımdır. Başqa bir məsələ isə xarici dil biliyidir. Əksər gənclər öz dil biliklərini qiymətləndirəndə  'ingilis dili səviyyəm əladır' deyir. Amma reallıqda şirkətlər işçilərin ingilis dilində  ümumi biliyindən başqa sırf öz sahəsində ingiliscə biliyinə sahib olmasına maraqlıdır. Yəni, ingilis dilində hüququ, satınalmanı, maliyyəni, marketinqi, auditi bilmək lazımdır. Xüsusilə qeyd edim ki, IELTS sertifikatı ingilis dilini mükəmməl bilməyi əks etdirmir, bu sertifikat sırf texniki bir sənəddir. Ən vacib amillərdən biri də peşəkar yazılmış CV – dir. Mükəmməl bir CV sahibinin iş təcrübəsi az olsa da kreativ olduqda cəlbedici olur. İş tapmaqda çətinlik çəkən tanışlarımın və gələn digər CV – lərə baxdıqda görürəm ki, onların CV – ləri peşəkar yazılmayıb. Qəbul edirəm ki, Azərbaycanda bəzi şirkətlər kimlərisə tanışlıqla işə götürür. Amma 4 il Bakıda və 3 il Avropada işləmiş biri kimi əminliklə deyirəm ki, şirkətə əlavə dəyər gətirəcək birinə həmişə iş var”.

Deyir ki, xarici şirkətləri sürətlə irəli aparan ən əsas səbəb onların korporativ dəyərləridir: “Bu haqda universitet vaxtı araşdırma aparmışdım. İşlədiyim müddətdə isə bunun əyani şahidi oldum. İşçinin gün ərzində özünü necə hiss etməsi onun məhsuldarlığına təsir edir və sonda şirkətin gələcəyini həll edir. Buna görə də əksər şirkətlər işçi amilini önə çəkir, işçilərin qayğısına qalır. Vodafone – da ən çox sevdiyim şey mənə işçi kimi dəyər verildiyini bilməyim və hiss etməyimdir. Dəyər amili sadəcə yüksək maaş deyil. Mənim fikirlərim dinlənilir, gəlir gətirəcək təkliflərimə pullar yatırılır, uğurla bitirdiyim böyük layihələr şirkət səviyyəsində alqışlanır. Menecerlərimə çətinliklərimi rahat deyə bilirəm, bahalı təlimlərim və ölkəmə uçuş xərclərim ödənir, il sonunda işimə görə bonus yaxud yeni vəzifə alıram. Azərbaycanda işlədiyim və hazırda mənə bəlli olan şirkətlərdə bu dəyərlərə təəssüf ki, rast gəlməmişəm”. 

Ən sərfəli kredit üçün müraciət et

Həmsöhbətim satınalmanın ən vacib hissəsinin tenderlərin idarə olunması və mükəmməl qiymət danışıqları etməklə endirim qazanmaq olduğunu bildirdi: “Satınalma sadə dildə şirkətə lazım olan məhsulların doğru zamanda, gözlənilən keyfiyyətdə və doğru qiymətə təmin edilməsidir. Şirkət üçün ən uyğun qiymətə ən keyfiyyətli məhsul yaxud xidməti almaq bir satınalma işçisinin ən elementar funksiyasıdır. Hazırda Vodafone – nun 40 – a yaxın ölkədə şirkəti var və bütün şirkətlər üçün vahid satınalma mərkəzi fəaliyyət göstərir. Belə ki, şirkətə lazım olan bütün xidmət və məhsullara dair tələblər fərqli ölkələrdən həmin mərkəzə göndərilir. Mərkəzdə ehtiyacları toplayıb qlobal səviyyədə tenderlər elan edirik. Mən hazırda şirkətin bütün dünyadakı konsultasiya ehtiyaclarına nəzarət edirəm. ‘McKinsey’, ‘Boston Consulting Group’, ‘KPMG’, ‘Deloitte’, ‘Ernst&Young’, ‘PwC’kimi böyük şirkətlərdən xidmət alıram”.

Qlobal satınalma işinin kompleks bir sahə olduğuna görə fərqli bacarıqlar tələb etdiyini söyləyən Emin lazımi baza keyfiyyətlərini də qeyd etdi: “Hər bir detala fikir vermək burada çox önəmlidir. Xarici dil bilikləri və düzgün kommunikasiya bacarığı da əsas amillərdəndir. Satınalma işçiləri əsasən tenderlərlə işləyir. Ona görə də firmaların təkliflərini oxuyarkən hər bir kommersial və ya hüquqi tələblərə əhəmiyyət verib uyğunluğuna qərar vermək lazımdır. Satınalma işçisi şirkət daxili fərqli şəxslərdən sifariş qəbul edir. Həmin şəxslərlə yaxşı əlaqə qurub uzun müddət ərzində həmin münasibətləri qorumaq üçün mükəmməl müştəri xidmətləri və tərəfdaşlıq qabiliyyəti tələb olunur. Mən 40 – a yaxın ölkədən menecerlərlə işləyirəm. Buna görə çalışıram ki, hər bir ölkənin mədəni dəyərlərini də nəzərə alım. İspanlarla danışdığım kimi almanlarla davrana bilmərəm və ya əksinə.  Daha peşəkar satınalma mütəxəssisinin layihənin idarə olunması, qiymət və kontrakt danışıqlarını idarə etmə, zamanın düzgün idarə olunması və fərqli proqramlar (məs. SAP, Ariba) üzrə dərin təcrübəsi olmalıdır”.

Gənc mütəxəssisə görə rəhbər anlayışı iki cürdür – menecer və lider: “Hazırda əksər şirkətlərdə yaxşı menecer çoxdur. Amma yaxşı lider azlıq təşkil edir. Yaxşı lider işçiyə etibar etməli, müəyyən müddətdən sonra layihələrdə fərdi çalışması üçün azadlıq verməli, lazım olanda köməyini təklif etməli, səmimi kommunikasiya ilə onun nailiyyətlərini qeyd etməli və inkişafa ehtiyac olan bacarıqlarını dostyana bildirməlidir. İşlədiyim şirkətdə menecerlərlə işçilər arasında iyerarxiya hiss olunmur və hamı bir – birinə öyrənmə mənbəyi kimi davranır. Mənim də işçim var. Hər ay təkbətək söhbətdə bir-birimiz haqda fikirlərimizi paylaşırıq, şəxsi və peşəkar inkişaf üçün ona təkliflərimi verirəm. Çünki qeyd etdiyim kimi bir şirkətin mərkəzində işçi amili olmalıdır. Məncə, inkişafa başqa alternativ yoxdur. Loyallığı yaradan səbəb də korporativ dəyərlərdir. Hazırda əksər böyük şirkətlərdə texnologiyanın tətbiqi gedir. Bəzi işçilər texnologiyanın onları işsiz qoyacağından narahatdır amma bu, belə deyil. Sonda texnologiyanı idarə edən şəxslərdir və işçilər indidən texnologiyaya inteqrasiya olmağı öyrənməlidir”.

Həmsöhbətim həm də səyyahdır: “Bizdə bəzi insanlar bahalı maşın, ləl – cəvahirat və telefonlarla diqqət çəkməyə çalışır. Mən insanların sırf şəxsiyyətinə görə parladığı mühitin, cəmiyyətin tərəfdarıyam. Əslində hər şeyin kökündə dünya görüşü və təhsil durur. Dünya nə qədər qloballaşsa da təhsil və dünya görüşü dəyişməsə inkişaf olmaz. Amma mən və sən heç olmasa dəyişikliyi təbliğ etsək, nəticə verəcək. Həyat yoldaşımla hər ay ən az bir ölkəyə səhayət edirik. Çalışırıq getdiyimiz ölkələrdə sadəcə turist kimi gəzməyək. Həmin ölkənin mədəni dəyərlərini öyrənirik, yerli dildə 3 – 4 söz yadda saxlayırıq, binalarını təhlil edib sanki tarixini yaşayırıq. Sonda başqa ölkələrlə müqayisə aparırıq. Səyahət insan dünya görüşünü zənginləşdirir, fərqli dəyərləri müşahidə edib özünə hopdurur, insan özünü daha dərin və kamil hiss edir. Deyərdim ki, səyahət insan həyatının ən vacib hissələrindəndir.

Emin  deyir ki, əslində bu yaşda menecer olmaq onun üçün heç də asan olmayacaq: “Asan olmayacağını bilirəm,  amma özümə və işçilərimə arxayınam. Növbəti 3 – 5 ildə bu şirkətdə işləyib daha yüksək vəzifələrə qalxmaq niyyətindəyəm. Eyni zamanda Avropada bəzi biznes planlarım var. Yaxın illərdə onları reallaşdırmağı planlayıram. Bundan başqa hədəfimdə biznes və karyera üzrə fərdi konsultant olmaq da var. Amma yaxın illərdə Vodafone – da qalmağa qərar vermişəm. Növbəti mərhələdə isə Azərbaycan Respublikasının xarici ölkələrin birində səfiri kimi işləyib dövlətimə çalışmaq niyyətim var”.

İşlərinin çox olmasına baxmayaraq həftə sonları işləməyin əleyhinədir: “İşimi və şirkətimi hədsiz sevsəm də, şəxsi vaxtımı işə ayırmağa razı olmaram. Həftə içi axşam saat 6 – dan gec işdən çıxdığım yadıma gəlmir. Çalışdığım şirkətin prinsipləri də məhz belədir. Budapeşt Avropanın ən mərkəz şəhərlərindəndir və buradan başqa ölkələrə gəzməyə getmək çox rahatdı. Əksər hallarda şənbə günü yola düşüb bir gecə başqa ölkə yaxud şəhərdə qalıb bazar günü qayıdırıq. Qeyd edim ki, burada səyahət çox xərc tələb etmir. Bəzən 20 manata başqa ölkəyə gediş – gəliş uçuş bileti ala bilərsiniz. Boş vaxtlarımda gündəlik texnoloji innovasiya xəbərlərinə baxmağa çalışıram. Demək olar ki, peşəkar aşpazam. Vaxt tapdıqca mətbəxdə olmağı sevirəm. Hazırda işdən başqa şəxsi brendim üzərində çalışıram. Vaxtaşırı yoldaşımla caz konsertlərinə gedir, avarçəkməylə məşğul olur, fransız dili üzrə biliyimizi artırırıq”.

Sonda müsahibimdən gənclərə tövsiyələrini də dinlədik: “Təklif edirəm özlərinə dəyərli təhsil yatırımı etməkdən çəkinməsinlər, müəyyən ambisiyalar yazıb gələcəyə planlı olsunlar, şəxsi inkişafları haqda daima düşünsünlər. Onları geri salan xarakterlərdən qurtulmağa çalışsınlar, özlərindən daha kamil insanlarla dostluq etsinlər. Həmişə biliyə həvəsli olsunlar, öyrənmə istəyi azalmasın. Sevdikləri işi seçsinlər və sevmədikləri şirkətdə çox qalmasınlar. Ailələrinin maddi vəziyyətinə qətiyyən arxayın olmasınlar və əksinə valideynlərinin kasıb olmasına uğursuzluq kimi baxmasınlar. Əlbəttə ki, imkan düşəndə çoxlu səyahət etsinlər”

Şəbnəm Mehdizadə, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et