Uzun sənəd siyahısı – ipotekanın ən yorucu mərhələsi | Banco.az

Uzun sənəd siyahısı – ipotekanın ən yorucu mərhələsi

Qapısını açdıqda "evim, evim, gözəl evim" deyə biləcəyiniz bir evinizin olması çox gözəl hissdir. Yeni mənzil sahibi olmaq üçün isə illərlə pul yığmaq lazım gəlir. Bu isə bir ömür deməkdir. Çox vaxt bu sadəcə bir xəyal olaraq da qalır.

Günümüzdə ipoteka kreditlərinin verilməsi, evsizliyin həllinə bir çarə kimi görünür.

Bu çarənin çarəsizliyə çevrildiyi faktorunu da nəzərdən qaçırmaq olmaz.

İpoteka krediti şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır.

Dövlət ipoteka fondu tərəfindən İpoteka krediti maksimal 50000 AZN olur. 25-30 illik uzun bir müddətdə verilən bu məbləğin illik faiz dərəcəsi 4-8% olur. İlkin ödəniş isə əsas məbləğin 15-20%-ni təşkil edir. Bu sadaladıqlarım “Adi” və “Güzəştli” ipoteka kreditlərinə görə dəyişə  bilir.

İpoteka kreditini necə almaq olar?

İpoteka krediti götürmək uzun prosesdir. İlk öncə Kredit almaq istəyən şəxs tələb olunan şərtləri bilməlidir. Daha sonra  müvəkkil kredit təşkilarlarına  müraciət edərək ilkin qiymətləndirmədən keçməlidir. Kredit təşkilatı kredit almaq istəyən şəxsə kreditin verilməsinə son qərar verdikdən sonra, ipoteka kreditinin rəsmiləşdirilməsi üçün zəruri sənədlər toplanmalıdır. Bütün bunlardan sonra kredit verilir.

Sənədləşmə işləri bu prosesin əsas və yorucu hissəsi kimi qəbul edilir. Bir çox insan sırf bu sənədləşmə ucbatından kredit götürməkdən imtina edir. Sənədlərin çoxluğu və tələbkarlığı verilən məbləğə görə bəzən çox hesab olunur.

İpoteka krediti zamanı tələb olunan sənədlər aşağıdakılardır:

  • - Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
  • - Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
  • - Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti)
  • - Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti)
  • - Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  • - Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).
  • - İpoteka predmetinin qiymətləndirmə aktı.

İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Ən sərfəli kredit üçün müraciət et

  • - İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  • - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
  • - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
  • - İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.

İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

  • - İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • - Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  • - Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
  • - Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:

  • - Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  • - Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:

  • - Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

Kredit üçün hazırlanmış bütün sənədlərin surəti notarial qaydada təsdiqlənməlidir.

Kredit hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir. 

Ev sahibi olmaq heç bir zaman asan başa gəlmir. Amma başa gələ biləcək ən gözəl şeylərdən biri sayıla bilər.

Unutmayın ən mükkəmməl ev, dəbdəbəli ev deyil. Ən mükəmməl ev, içində çox şeylər olmayan, lakin lazımlı şeyləri də əskik olmayan evdir.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et