Spirtli içkilər bahalaşacaq - EKSPERT | Banco.az

Spirtli içkilər bahalaşacaq - EKSPERT

“Gələn aydan spirtli içkilər və tütün məmulatları bazarında qiymət artımı daha çox hiss olunacaq”

Nazirlər Kabineti yanvarın 10-da “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib. Sənədə əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb olunur. Digər dəyişikliyə görə, idxal edilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 28 manata qaldırılacaq.

İqtisadçı-ekspertlər bu haqda öz fikirlərini bildiriblər:

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Vergi Məcəlləsində alkoqollu və alkoqolsuz energetik içkilərə aksiz vergilərin tətbiq edilməsi nəzərdə tutulub: “Alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat aksiz vergisi tutulacaq. Bu, artıq bazara təsir göstərib və bazarda energetik içkilərin qiymətlərində artımlar müşahidə olunmaqdadır”.

“İdxal edilən siqaretlərə tətbiq edilən aksiz vergisinin artırılması da ölkəyə idxal edilən siqaret məhsullarının qiymətinə təsir göstərəcək. Güman olunur ki, bu, idxal olunan siqaret məhsullarında qiymət artımlarına gətirib çıxaracaq” – deyə ekspert bildirib.

Onun sözlərinə görə, yeni aksiz vergilərin tətbiq edilməsi həmin məhsulların istehlakının azaldılması ilə əlaqələndirilir: “Son dövrlər energetik içkilərə maraq artıb və bu, xüsusən gənclər arasında populyarlaşıb. Ekspertlərin qiymətləndirməsinə görə, bunun həddindən artıq qəbul edilməsi sağlamlıq üçün arzu olunan deyil. Bunun anlamı ondan ibarətdir ki, energetik içkilərə marağın azalmasına çalışırlar”.

“Amma bütün hallarda bu, qiymət artımlarına gətirib çıxarır və artıq qiymət artımları müşahidə olunur. Güman olunur ki, bu, tütün məmulatlarında da qiymətlərin artmasına səbəb olacaq” – deyə V.Bayramov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı-ekspert Natiq Cəfərli də deyib ki, dəyişikliklər artıq bazara təsir etməyə başlayıb: “Alkoqolsuz energetik içkilərin qiymətlərində ciddi artım müşahidə edilir, hətta bəzi içkilərdə 50 faizə yaxın qiymət artımı müşahidə olunur. Artıq bu, bazarlara təsir edir və getdikcə daha çox təsir edəcək”.

Onun fikrincə, spirtli içkilərin bazarında da qiymət artımı müşahidə olunacaq: “Yerli spirtli içkilərin əksəriyyətinin xammalı xaricdən gətirilir və onların da aksiz dərəcələrində dəyişiklik olunması yerli istehsalçılara təsir göstərəcək. Yerli içkilərin əksəriyyəti, əsasən, Ukrayna və Rusiyadan gətirilən spirtdən hazırlanır və onlarda da qiymət artımı ciddi şəkildə müşahidə olunacaq. Əvvəlki dövrdə gətirilən məhsulların istifadəsi azaldıqca və yeni aksiz dərəcələrinə uyğun mallar ölkəyə gətirildikcə qiymət artımı daha çox hiss olunacaq”.

“Çox güman ki, bu ayın sonundan və gələn ayın əvvəlindən başlayaraq, həm spirtli içkilər bazarında, həm tütün məmulatları bazarında qiymət artımı daha çox hiss olunacaq. Qiymət artımı dalğalı şəkildə bütün spirtli içkilərə və tütün məmulatlarına yayılacaq” – deyə N.Cəfərli vurğulayıb.

Qeyd edək ki, sözügedən qərara əsasən, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq. Digər dəyişikliklə idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədi üçün 1 manat aksiz vergisi tətbiq olunacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et