Sizi heyrətləndirəcək Biznes nümunələri | Banco.az

Sizi heyrətləndirəcək Biznes nümunələri

Həqiqətən dünyada ac qalmaq ölməkdən daha çətindir. Bu ifadəni deməkdə məqsəd etdiyimiz araşdırma nəticəsində ortaya çıxan maraqlı biznes nümunələridir. Bu yazıda sizi belə işlərlə tanış edəcəyik. Beləliklə, uyğun olsa istifadə edib faydasını görə bilərsiniz.

Təbii saç biznesi. Son günlərdə saç qaynağı olduqca populyar hal alıb. Belə olan halda təbii saçlara olan tələb də artmaqdadır. Xüsusilə bir çox qadınlar belə saçlara görə yetərincə yüksək pullar xərcləməkdədirlər. Bəziləri məcburiyyətdən təbii saçdan hazırlanmış pariklərə üstünlük versə də bəziləri sadəcə gözəllik xətrinə edir. Saç satmaq bir çox ölkələrdə mövcud biznes sahəsi olsa da bu biznesin inkişaf etdiyi əsas ölkələr Rusiya və Hindistandır. Bu haqda araşdırma isə ingilis müğənni Cameliaya aiddir. O, özünün sosial layihəsi üçün belə bir araşdırma aparmış və ürək ağrıdan mənzərələrin şahidi olmuşdur. Çünki saçını satan qadınların bir çoxu bunu maddi yetərsizlik səbəbindən edirdilər. Vəziyyətin iç üzünü görən müğənni bir daha təbii saç qaynaqlarından istifadə etməyəcəyini açıqlayıb. Hal-hazırda ölkəmizdə də mövcud olan bu biznesdə qiymətlər saçın keyfiyyətinə, rənginə və uzunluğuna görə dəyişir. 

Ən axmaq fikir bir gün biznesin başlanğıcı ola bilər. Ceyson Sadlerin etdiyi kimi. Sözün əsl mənasında durduğu yerdə pul qazanmaq hər biznesmenin işi deyil. Ceyson Sadler şirkətlərə onların logolarının yer aldığı köynəkləri geyərək gəzməyi və eyni zamanda insanlara şirkət haqda məlumat verməyi təklif edir və gözlənilməz baş verir. Sadler 5 il içində öz işini iki mislinə çıxarır və hətta əlavə işçi bazası da yaradır. İllik geyinib –keçinib, məlumat verən şirkət rəhbəri gəlirini 500.000 dollara çatdıra bilir. Təbii ki, bu xaricdədir. Amma bilmək olmaz yolunuz Avropaya düşsə edəcək bir işiniz olsun.

Azərbaycanda ölən birinin dalınca ağlamaq çox normal hal sayılsa da hətta bunun üçün xüsusi mərasimlər  mövcud olsa da qərbdə bu demək olar ki, yoxdur. Yas tutmaq demək olar ki, bəzi millətlərin mentalitetində çox vacib rol oynayır. Bizim qədər olmasa da artıq qərb ölkələri də bu adət-ənənəyə geri qayıdırlar. Hətta nə qədər qəribə səslənsə də İncildə ağlaşma quranlara, ağı deyənlərə aid xüsusi qissələr yer almaqdadır. Bu biznesdə işıq ucu görən Robertson Essexte yaslarda ağlaşma təşkil edəcək adamlardan ibarət şirkət qurub. Niyə də yox, ölən varsa ağlayan tapılar.

Ən sərfəli kredit üçün müraciət et

Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Bu fikir dillər əzbəri olsa da bir çox hallarda mənası dərk olunmur. Dünyada bu fikri bilməyib amma məğzini anlayan insanlar da var, hansı ki, indi bizdən fərqli olaraq milyonçu statusu daşıyırlar.  Belə şəxslərdən biri də İrlandiyalı Pat Burkedir. O, biznesini qürbətdə yaşayan qürbətçiləri düşünərkən tapmışdır. Onun ideyası maraqlıdır.  Beləki, Pat vətən torpağını paketlərə dolduraraq 15 dollardan satmağa başlayıb. Bu torpaq əsasən qürbətdə ölən insanların qəbirləri üzərinə səpilməsi üçün alınırdı. Qürbətdə Vətən torpağı insana yəqin daha doğma təsir bağışlayır ki, Pat qurduğu bizneslə qısa zamanda milyonçu olmağa nail ola bilib.

Bəzən reklamlarda gördüyümüz test olundu təstiqləndi fikri məhsul haqda müəyyən fikir formalaşdırsa da əslində bir çoxları bunu ciddi qəbul etmir. Amma bu məlumatdan sonra inanırıq ki, artıq bu mövzuda daha həssas davranacaqsınız. Beləki, Helsinkidə yerləşən Hotel Finn öz yataqlarının rahatlığını yoxlamaq üçün yatmağı sevən işçi elanı vermişdi. Bu şəxs otelin 35 fərqli otağında yataraq yataqların rahatlığını test etməli idi. Rahatlığı yoxlamaq üçün həmin şəxs yatarkən nəbzi yoxlanırdı. Nə qədər rahat iş olduğunu deməyə ehtiyac olmasa da 600 nəfər bu işə namizədliyini irəli sürmüşdü. Necə deyərlər yatdığı yerdə qazanmaq.

Nəcibə Yusifova, Banco.az