Sığorta vasitəçisi kimdir? | Banco.az

Sığorta vasitəçisi kimdir?

Sığorta vasitəçiləri sığortalı və sığortaçı (sığorta şirkəti), sığortaçı və təkrarsığortaçı (təkrarsığorta şirkəti) arasında vasitəçilik funksiyasını yerinə yetirən şəxslərdir. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununa əsasən sığorta vasitəçiləri bunlardır:

  1. Sığorta agentləri
  2. Sığorta brokerləri

Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.

Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Sığorta agenti adından çalışdığı şirkətin sığorta müqavilələri haqqında sığorta marağı olan şəxslərə məlumat verir və bu müqavilələrin satılması ilə məşğul olur.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

Sığorta brokerləri əsasən sığortalı adından fəaliyyət göstərirlər, onların maraqlarına uyğun sığorta şirkəti tapır və sığorta müqaviləsi bağlamaqla məşğul olurlar. Mütəxəssis sığorta brokerləri müqavilə qüvvədən düşənə qədər sığortalı adından fəaliyyət göstərir və əgər sığorta hadisəsi baş verərsə sığorta ödənişini sığorta şirkətindən tələb edirlər.

Sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komissiya və ya muzd alırlar.

Ən sərfəli krediti almaq üçün müraciət et