Sığorta şirkətləri hansı sığortada çox itirirlər? | Banco.az

Sığorta şirkətləri hansı sığortada çox itirirlər?

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycanda bütün sığorta sinifləri üzrə toplanmış hər 100 manatın 36,6 manatı ödənişi yönəldilib. Amma ayrı-ayrı siniflər üzrə ödəniş səviyyəsi fərqlidir.

8 ayın nəticələrinə əsasən, ölkədə ən zərərli sığorta növü avtomobillərin könüllü sığortasıdır. Sığorta şirkətləri bu sahədən topladıqları hər 100 manatın 73 manatını (73%) müştərilərinə geri qaytarıblar. Ötən il isə bu nisbət 46% olub. Zərərliliyin artması bu ilin əvvəlindən ölkədə avtomobil satışının və kasko sığortasından daxilolmaların azalması ilə bağlıdır.

Zərərliliyin səviyyəsinə görə sonrakı yeri avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası qərarlaşıb. Bu sığorta növü üzrə toplanan hər 100 manat sığorta haqqının 64 manatı ödəniş edilib.  Halbuki ötən il bu göstərici 16% idi.

Şirkətlər tibbi sığortaya görə də çox ödəniş ediblər. Hesabat dövrünə, bu sığorta növündən əldə olunan hər 100 manatın 63 manatı ödənişə gedib. Amma bu nisbət elə ötən ilin eyni dövründə də təxminən bu qədər – 62% olub.

Həyatın yaşam sığortası ilə bağlı bağlanmış müqavilələrin müddətinin ötən ay bitməsi bu sığorta növü üzrə zərərliliyi ötən illə müqayisədə təxminən 5 dəfə artırıb. Belə ki, 2013-cü ilin 8 ayında həyatın yaşam sığortasında ödəniş-yığım nisbəti 9% civarında idisə, bu il bu nisbət az qala 50% olub.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobillərin icbari sığortasında da ödəniş səviyyəsi artıb. İlk 8 ayın nəticəsinə görə, bu sığorta növü üzrə toplanan hər 100 manatın 42 manatı ödəniş edilib, ötən il isə bu rəqəm 38 manat idi.

Bu il əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə də ödənişlər artıb. Yanvar-avqust aylarında bu sığorta növü üzrə hər 100 manat sığorta haqqının 28,9 manatı ödəniş edilib, ötən il bu göstərici 9,3% idi. Buna həm yığımların 14% azalması ilə yanaşı, ödənişlərin kəskin artması (2,7 dəfə) da səbəb olub.
Daşınmaz əmlakın icbari sığortasında isə ödəniş səviyyəsi ötən il olduğu kimi 12% ətrafındadır.

Digər əsas sığorta növlərinə gəlincə, səyahət sığortasında ödəniş səviyyəsi 10,5% (ötən il 13,5% olub), istehsalda bədbəxt hadisələrdən sığortada 8,3% (ötən il 3,5% olub), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 1,33% (ötən il ödəniş olmayıb) təşkil edib. 

Dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin, yük daşıyanın mülki məsuliyyətinin sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, auditorların peşə məsuliyyətinin icbari sığortası ilə bağlı isə ümumiyyətlə ödəniş edilməyib.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et