Sığorta bazarında izlənilən müsbət tendensiya | Banco.az

Sığorta bazarında izlənilən müsbət tendensiya

Hikmət Allahverdi: “Yüksək xidmətlə üzləşən müştəri özü də bu sahədə maarifləndirmə və təbliğat işləri aparacaq” 

 

 

Bu gün sığorta sahəsi inkişaf etməkdə olan qeyri-neft sektorlarından biridir. Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə, əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Həmçinin gözlənilməz və fövqəladə hadisələr zamanı əmlak mənafelərinin qorunmasına, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir. Sahənin inkişafı ilə bağlı son dövrlər bir sıra işlər görülür. Sığorta bazarının son vəziyyətini öyrənmək üçün sığorta bazarı üzrə mütəxəssis Hikmət Allahverdi ilə həmsöhbət olduq.

 

 

 
Müsahibimizdən ilk olaraq sığorta bazarındakı mövcud durumun necə olduğunu xəbər aldıq: "Əvvəlcə rəqəmlərə nəzər salaq. MBNP cari ilin yanvar ayı üzrə nəticələri açıqlayıb, rəqəmlər bu bazarda vəziyyətin yaxşılığa doğru getdiyini göstərir. Belə ki, qeyri-həyat sığortaları sahəsində fəaliyyət göstərən şirkətlər ümumilikdə 18%, həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətlər ötən ilin yanvar ayı ilə müqayisədə 62% artıq sığorta haqqı toplamışlar. Bununla bərabər, icbari sığortalarla yanaşı, könüllü sığorta növləri üzrə də yığımlarda artım müsbət tendensiyadır. Bundan başqa, qanunvericilik bazası xeyli möhkəmləndirilib, nəzarət mexanizmləri daha yaxşı qurulub. Bütövlükdə, əvvəlki illərlə müqayisədə sığorta sektorunda peşəkar mühitin formalaşması baxımından müsbət tendensiyalar izlənilir”. 
 
Son dövrlər bəzi sığorta şirkətlərinin fəaliyyətində baş verən dəyişikliklərlə, həmçinin bəzilərinin öz səhmlərini satması ilə bağlı ekspertin fikirlərini öyrəndik: "Bağlanan sığorta şirkətlərinin əksəriyyəti onların səhmdarları olan bankların yaşadığı problemlərlə bağlı oldu. Misal olaraq, Beynəlxalq Bankla bağlı Beynəlxalq Sığorta Şirkəti, "Bank Technique” ilə  bağlı "Alfa” sığorta, "Zaminbank”ın bağlanması ilə "Başak-İnam” sığorta və s.  fəaliyyətini  dayandırmalı olub. Səhmdarların öz səhmlərini satması dedikdə isə yəqin ki, son günlərin mövzusu olan AXA brendinin  AXAMBASK şirkətindəki hissələrini satmasını vurğulayırsınız. Təbii  ki, bu qərarın ortaya çıxmasının əsas səbəbini investor özü dəqiq bilir. Rəsmi açıqlamalarda investor,

Ən sərfəli kredit üçün müraciət et

AXA qrupu olaraq, kiçik bazarlardan çəkilmə qərarı aldıqlarını bildirmişlər. Ardıcıl 10 ildir dünyanın bir nömrəli sığorta brendi  AXA-nın Azərbaycandan getməsi təəssüf doğurur. Xarici investorların bazarda təmsil olunması təcrübə paylaşımı, innovasiyaların tətbiqi, kadrların inkişafı və s. baxımdan müsbət idi. AXA-nın gedişi ilə Azərbaycan sığorta bazarında xarici investor qalmadı. Ümid edirəm ki, AXAMBAS-da formalaşmış təcrübəli komanda bu dəyişiklikdən sonra da eyni standartlarla müştərilərə xidməti davam etdirəcəklər. Bu şirkətə müştərilərin rəğbəti o professional komandanın hesabına formalaşıb.
 
Müsahibimizdən sığorta bazarını bundan sonra inkişaf etdirmək üçün nə etmək lazım olduğunu soruşduq: "Sığorta bazarının inkişafı bu sahədə nəzarətedici orqanın, sığorta şirkətlərinin, sığorta vasitəçilərinin birgə və dürüst fəaliyyəti, vətəndaşların maariflənməsi nəticəsində mümkün olacaqdır. Bu sahədə maarifləndirmə işini dövlət və qeyri-hökumət təşkilatları, sığorta şirkətləri aparmalıdır, koordinasiyalı qurulmuş maarifləndirmə işləri məqsədə  daha tez çatmamızda faydalı olar”. 
 
"Sizcə, bu gün insanlar sığorta sektoru haqqında yetərincə bilgiyə sahibdirlərmi” sualına müsahibimiz müsbət cavab verə  bilməyəcəyini bildirdi: "Könüllü sığorta satışlarının regionlar üzrə satış göstəriciləri buna bariz nümunədir. Və yaxud da icbari olsa belə, əmlakın yanğından icbari sığortası üzrə satışlar. Əhalinin bu sahədə bilgisizliyini sübut etmək üçün kifayət qədər səbəblər gətirmək olar”.
 
Əhalinin bu sahədə bilgisiz olduğunu deyən ekspertdən, insanları maarifləndirmək üçün şirkətlərin nə kimi işlər görməli olduqlarını soruşduq: "Sığorta şirkətləri bu sahədə bütün işlərdən öncə, öz satış nümayəndələrinin, sığorta vasitəçilərinin inkişafına, peşəkar olmasına, həmçinin hadisə zamanı xidmət göstərən əməkdaşların da yüksək səviyyəli kadrlar olmasına ciddi yanaşmalıdırlar. Yüksək xidmətlə üzləşən  müştəri özü də bu sahədə maarifləndirmə və təbliğat işləri aparacaq. Digər tərəfdən müstəqil sığorta vasitəçiləri - brokerlər və sığorta agentlərinin fəaliyyətini vurğulamaq lazımdır. Son zamanlar onlar da sığorta bazarında kifayət qədər innovativ həllər təqdim edirlər. Sayları az olsa da, təbliğat və maarifləndirmə sahəsində onların gördükləri işlər alqışa layiqdir. Reklam olmasın deyə, onların adlarını sadalamadım”. 
 
Kaspi.az

Ən sərfəli krediti almaq üçün müraciət et