"Rəvan Sığorta"nın hesabatlarında yalan məlumat aşkar edilib | Banco.az

"Rəvan Sığorta"nın hesabatlarında yalan məlumat aşkar edilib

“Rəvan Sığorta” ASC tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təhrif edilmiş hesabatların təqdim edilməsi faktı müəyyən olunub.

Qeyd edilən nöqsanı və şirkətin mövcud maliyyə vəsaitlərini nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinə əsasən, MBNP tərəfindən ASC-nin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə “Rəvan Sığorta”ya icrası məcburi olan yazılı göstəriş - təqdimat verilib.

Şirkət tərəfindən nöqsanlar aradan qaldırılanadək qeyd olunan şəxslərin vəzifədən kənarlaşdırılması təmin edilib. Hazırda “Rəvan Sığorta” mövcud qanunvericiliklə müəyyən edilmiş prudensial tələblərin yerinə yetirilməsi və məcmu kapitalının artırılması istiqamətində işlər aparır.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta dairələrindən həmçinin bildirilib ki, MBNP sektorda şəffaflığı təmin etmək, maliyyə dayanıqlığını gücləndirmək və istehlakçıların hüquqlarını qorumaq üçün nəzarət tədbirlərini gücləndirib və şirkətlər tərəfindən qanunvericiliyin tələblərini pozanlar ciddi cəzalandırılacaq.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov faktı təsdiqləsə də, məsələ ilə bağlı əlavə şərh verməyib.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et