Qardaş davası milyonlar gətirdi – Adidas və Puma | Banco.az

Qardaş davası milyonlar gətirdi – Adidas və Puma

Elə geyim markaları var ki, onların yalnız adını eşitmək və ya emblemini görmək aldığın məhsulun keyfiyyətinə əmin olmaq üçün kifayətdir. Alman brendi “Adidas” bu inamı bir əsrə yaxındır vaz keçmədiyi alman dəqiqliyi və işgüzarlığı ilə qazanıb.

“Brendlərin tarixi” layihəsi çərçivəsində idman üslubu geyimlərinin pioneri və etalonu sayılan “Adidas” brendinin yaranma tarixini və “Puma” ilə uzun illər davam edən brend müharibəsinin qeyri-adi tərəflərini təqdim edirik:

Ailə “biznesi”

Adolf Dasler 1900-cü il noyabrın 3-də Bavariyanın kiçik Gertsogenaurax şəhərciyində anadan olub. Atası çörəkçi, anası camaşırxanada işləyən Adolfu ailədə Adi deyə çağırırdılar. Bu sakit təbiətli oğlanın 14 yaşı olanda Almaniya Birinci Dünya Müharibəsinə başlayır. Azyaşlı olduğuna görə Adi cəbhəyə getmir, doğrusu müharibə onu heç maraqlandırmırdı da. Adolfu həmin illərdə Avropada ən populyar idman növünə çevrilən futbol özünə cəlb edirdi.

1918-ci ildə müharibə Almaniyanın məğlubiyyəti ilə bitir, ölkədə dağıntı və inflyasiya hökm sürür, cəbhədən qayıdan milyonlarla əsgər işsizlər ordusuna qoşulur. Dassler ailəsi üçün də çətin günlər başlayır. Qəpik-quruşla dolanan Dasslerlər 1920-ci ilin əvvəllərində baş tutan ailə məclisi zamanı qərara aldılar ki, öz bizneslərinə başlasınlar, yəni ayaqqabı tiksinlər.

İşə alman dəqiqliyi ilə başlayan ailə ananın həyətdəki camaşırxanasını ayaqqabı emalatxanasına çevirir. “İxtiraçı” öz adi velosipedindən dərikəsən maşın düzəldir, anası və bacıları kətandan içlik biçir, böyük qardaş Rudolf (Rudi) və atası isə ayaqqabı tikirdilər.

Dasslerlər ailəsinin ilk məhsulları ev başmaqları olur. Altlıq kimi köhnə avtomobil şinlərindən, material kimi isə müharibədən çıxan əsgər geyimlərindən istifadə edirdilər. Adi istehsalın təşkili və yeni modelləri tapmaqla məşğul olur, böyük qardaş Rudi isə satış işlərinə nəzarət edirdi. Dörd il sonra, 1924-cü ildə ailə üzvləri də daxil olmaqla 12 nəfərdən ibarət işçi komandası gündə 50 cüt ayaqqabı tikirdi. Nəticədə 1924-cü ilin iyulunda “Dassler qardaşları ayaqqabı fabriki” şirkətinin əsası qoyulur.



Adinin ilk “ixtirası”

Əks xarakterə malik qardaşlar biznesdə biri-birini yaxşı tamamlasa da, Adi zəif intellektinə baxmayaraq, güclü fantaziyası ilə seçilir və futbolsuz yaşaya bilmirdi. Çılğın Rudi isə caz, qadınları və boksu sevirdi.

1925-ci ildə işlər elə yaxşı gedirdi ki, Adi yeniliyə imza atmaq istəyir. Futbol hərisi Adolf qonşu dəmirçinin də köməkliyi ilə ilk dişli futbol butslarını tikir.

Futbol butsları da gimnast çəkələkləri kimi rahat olduğundan Dasslerlərin əsas istehsal məhsuluna çevrilir. Artıq balaca həyət yeni firmaya dar gəlir və 1927-ci ildə Dasslerlər fabrik üçün bütöv bir bina icarəyə götürürlər. İşçilərin sayı 25-ə çatır, gündəlik istehsal həcmi isə 100 cüt ayaqqabı təşkil edirdi. Tezliklə Dasslerlər icarəyə götürdüyü fabrik binasını satın alır və ailə yaxınlıqdakı malikanəyə köçür.

Olimpiyaçı Dasslerlər

Bir neçə il əvvəl atası kimi çörəkçi olmaq istəyən Adi indi yalnız idman ayaqqabıları hazırlamaq və onları dostları ilə birgə idman yarışlarında sınaqdan keçirmək barədə düşünürdü. Altıdişli futbol butslarının uğuru Adini olimpiadanın güclü iştirakçıları üçün xüsusi ayaqqabılar hazırlamağa ruhlandırır.

İlk dəfə idmançılar “Dassler”in dişli idman ayaqqabılarında 1928-ci il Amsterdam olimpiadasında çıxış edirlər. 1932-ci il Los Ancelesdə keçirilən növbəti olimpiya yarışlarında alman Artur Yonat 100 metr məsafəyə qaçışda üçüncü olur.

Adiyə ən böyük uğuru 1936-cı il gətirir. Həmin ildə onun ilk övladı dünyaya gəlir, Berlin olimpiadasında isə qaradərili amerikalı yüngül atlet Ces Ouens “Dassler” ayaqqabılarında 4 qızıl medal qazanır və beş olimpiya rekorduna imza atır.

O gündən etibarən “Dassler” idman ayaqqabılarının qeyri-rəsmi standartına çevrilir. Adinin zəhməti öz bəhrəsini verir, Berlin olimpiadası zamanı “Dassler qardaşlarının fabriki” şirkətinin satış həcmi 400 min alman markını keçir. 1938-ci ildə Dasslerlərin doğma şəhəri Gertsogenauraxda ikinci fabrik açılır və şirkətin gündəlik istehsal gücü min cüt ayaqqabıya çatır.


“Dassler”in sonu və yeni brendlər

Hər iki qardaş Nasist partiyasının möhkəm əqidəli üzvləri olsalar da 1939-cu ildə İkinci Dünya Müharibəsi başlayanda Dasslerlərin fabriki müsadirə olunur və qardaşlar cəbhəyə göndərilir. Nasistlər fabriklərin birində tank əleyhinə əl qumbaraatanları istehsal etməyə çalışsa da avadanlıqlar buna imkan vermir və buna görə də Adini bir il sonra ordudan geri çağırır və alman əsgərləri üçün təlim ayaqqabıları istehsal etməyi tapşırırlar.

Almaniya bu müharibədə məğlub olandan sonra 1945-ci ildə Dasslerlərin doğma şəhəri Amerikanın işğal zonasına düşür. Buradakı fabrik istehsal etdiyi xokkey konkilərini Amerikaya təzminat kimi ödəyir, amerikan əsgərləri isə onların evində məskunlaşmışdılar. Bu əziyyətli günlər uzun çəkmir, bir il sonra amerikalılar ölkədən gedir, Rudi isə hərbi əsirlikdən qayıdır.

Qardaşlar hər şeyə sıfırdan başlamalı olsalar da artıq onlar arasında əvvəlki birlik yox idi. 1948-ci ilin yazında ata Dasslerin vəfatından bir qədər sonra qardaşlar möhkəm dalaşır və şirkəti bölmək qərarına gəlirlər. Rudi bir fabrikə, Adi isə isə digər fabrikə sahib olur və qardaşlar ailə müəssisəsinin adından və emblemindən istifadə etməmək barədə şərt kəsirlər.

“Adidas” və “Puma” müharibəsi

Adolf öz firmasını Addas, Rudolf isə Ruda adlandırır. Ancaq bir neçə ay sonra Addas ADİ DASlerin şərəfinə “Adidas”, Ruda isə “Puma” adlanır. Bundan sonra dünyaca məşhur “Dassler” brendinin varlığına son qoyulur və doğma Bavariya demək olar ki, iki hissəyə bölünür. Hər iki şirkət öz futbol komandasını yaradır, şirkət əməkdaşları uşaqlarını ayrı-ayrı məktəblərə və bağçalara göndərir, əməkdaşlar fərqli məkanlarda əylənir və hətta ayrı-ayrı pivə markalarından istifadə edirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qardaşlar ömürlərinin sonuna qədər bu ayrılığın səbəbi haqqında danışmayıblar. Görünür, Rudi qardaşına Amerika əsgərləri ilə yaxınlığından istifadə edərək onu həbs düşərgəsindən xilas etməməsini bağışlaya bilməyib. Bəlkə də dava miras davası olub. İstənilən halda şirkət bölündükdən sonra qardaşlar ölənə qədər bir-birini dindirməyiblər, “Puma” və “Adidas” isə qəddar rəqiblərə çevriliblər.

Hətta ölüm də onları barışdıra bilməyib. Yerli qəbirstanlıqda Dassler qardaşlarının məzarları tamamilə əks tərəflərdədir.

Mövqelərin möhkəmləndirilməsi

Qardaşı ilə rəqabətdə önə keçmək istəyən Adi yeni “ixtiralar”a imza atır. 1949-cu ildə “Adidas” ilk taxma dişli butslar, 1950-ci ildə pis hava şəraitində, qarlı və sürüşkən meydançada belə oynamağa imkan verən futbol butslarını hazırlayır.

1952-ci ildə şirkət daha bir ilkə imza atır və idman çantalarının istehsalına başlayır. Geyim sahəsində də özünü sınamaq istəyən Adolf bu işdə özünə yeni tərəfdaş tapır. “Villi Zeltenrayx” tikiş fabrikinin sahibi ilə tanış olur və qollarında üç zolaq olan min idman kostyumu sifariş verir. Məhsul gözlənildiyindən də yaxşı satılır və Zeltenrayx artıq yalnız “Adidas” üçün tikməyə başlayır.

1954-cü il futbol üzrə dünya çempionatında Almaniya yığması məhz “Adidas” butsları ilə dünya çempionu titulunu qazanır.

Bu müharibədən sonra şirkət üçün ən böyük reklam idi. Buna görə də 1956-cı ildə “Adidas” Beynəlxalq Olimpiya Komitəsi ilə reklam barədə razılığa gəlir və bu olimpiadanın ulduzuna çevrilir.

1960-cı ilin olimpiya oyunlarında yüngül atletlərin əksəriyyəti “Adidas” idman ayaqqabılarında çıxış edir. 1961-ci ildə “Adidas” geyim istehsalı sahəsində möhkəmlənir, 2 il sonra isə futbol toplarının kütləvi istehsal prossesinə start verilir.

1968-ci il olimpiadasında “Adidas” geyimlərində çıxış edən 37 idmançı qızıl, 35 idmançı gümüş, 35 idmançı isə bürünc medal qazanır.

“Adidas” dünyada daha bir yenilik edir, poliuretandan tökmə ayaqqabı altlıqları hazırlayır və belə altlıqlı ayaqqabılara bir il zəmanət verir. Hazırda bu texnologiyadan dünya miqyasında geniş istifadə edilir.

Adolfun ölümü və “Adidas”da böhran

1970-ci ildə “Adidas Tlestar” topları Meksikada keçirilən futbol üzrə dünya çempionatının rəsmi topu seçilir. 2 il sonra isə şirkət Münhen Olimpiya oyunlarının baş sponsoru olur.

1975-ci ildə “Amerika idman məhsulları assosiasiyası”nın fəxri üzvü seçilən Adolf Dessler, 3 il sonra, 1978-ci ildə vəfat edir və şirkət rəhbərliyi Adolfun həyat yoldaşı Katarinaya həvalə olunur.

1984-cü ildə Katarina vəfat edir və şirkətə rəhbərliyinə onların oğlu Horst Dassler gəlir. Şirkətin inkişafı üçün əlindən gələni əsirgəməyən Horst da 1989-cu ildə 51 yaşında vəfat edir.

Dassler bacıları bu işin öhdəsindən gələ bilməyəcəklərini görüb şirkət hissələrinin 80 faizini çox ucuz qiymətə fransız iş adamı, “Olimpik Marsel” futbol klubunun sahibi Bernard Tapiyə satırlar.

90-cı ilin əvvəlləri “Adidas” üçün çox ağır keçir. Amerikanın “Nike”, İngiltərənin “Reebok” brendləri ilə rəqabətə davam gətirməyən və artıq köhnə hesab olunan “Adidas” 100 milyon dollar ziyana uğrayır. Ancaq brendə ikinci nəfəs verməyin mümkün olduğunu bilən mütəxəssislər 1993-cü ildə “Adidas”ın yeni tarixini yazmağa başlayırlar.

“Adidas”ın qayıdışı

İşə yeni menecer və dizaynerlər cəlb edən şirkət artıq istehsal prossesini Almaniya hüdudlarından kənara çıxarır. İndoneziya, Çin və Tailanddakı ucuz işçi qüvvəsi hesabına rəqabətə davam gətirən “Adidas” uzun illər sonra, 1996-cı il Atlanta Olimpiya Oyunlarının baş sponsoru olur və satış göstəriciləri birdən-birə 50 faiz artır.

“Adidas” bazarda basketbol kros ayaqqabılarından, futbol butslarından tutmuş, idman geyimləri və turist ləvazimatlarına qədər malların zəngin çeşidi ilə təmsil olunur. “Salomon” kimi fransız nəhəngini öz tərkibinə qatan (1997) və konsernə çevrilən “Adidas” bu gün Almaniyada 8, Fransa, Britaniya, ABŞ, Kanada və CAR kimi ölkələrdə 25 müəssisəyə malikdir. Şirkətin mənzil qərargahı yenə də Adi Dasslerin vətəni, kiçik Gertsogenaurax şəhərciyində yerləşir.

Konsern özündə Adidas, Salomon, Mavic, Bonfire, Arc'Teryx, Taylor Made və Maxfli kimi ticarət markalarını birləşdirir.

14 min işçinin çalışdığı konsernin illik gəliri 11 milyard avrodan çoxdur. “Adidas” adı Məhəmməd Əli və Co Frezer, Şteffi Qraf və Stefan Edberq, Bob Bimon və Hunde Svan, Lev Yaşin və Valeriy Borzov, Mişel Platini və Zinəddin Zidan, Devid Bekham və Leonel Messi kimi idman əfasənələri ilə qırılmaz surətdə bağlıdır.

Mənbə: publika.az

Ən sərfəli krediti almaq üçün müraciət et