Psixoloji Plasebo Effekti nədir? | Banco.az

Psixoloji Plasebo Effekti nədir?

Düşüncələrimiz orqanizmimizi, ətrafımızı, həyatımızı idarə edir. Düşüncələrimiz kimliyimizi formalaşdırır və atdığımız, atacağımız addımları müəyyən edir. Düşüncələrin formalaşması, ətrafdakı bütün proseslərin baş verməsi isə ilk olaraq “inam” hissi ilə bağlıdır. İnam hissi o qədər güclü hissdir ki, onun dəyişdirə bilməyəcəyi çox az şey var. Hətta bəzən, realda olmayan şeylərə inam belə,  reallığa çevirir fantaziyaları...

İnam düşüncələrə hakim kəsilərək, düşüncələrin dəyişdirə bildiklərini dəyişdirir. Bu gün inam hissinin psixologiyamızı və orqanizmimizi necə yönləndirdiyindən danışacağam. Plasebo effekti adlandırılan bu təsir mexanizmi, sizi, həqiqətən, təəccübləndirəcək.

Plasebo tərkibində heç bir tibbi effektə, sağaldıcı təsirə malik olmayan həblərdir. Adətən, baş ağrıları zamanı qənd həblərindən plasebo kimi istifadə olunur. Və ağrılarda 30-60% arasında kəskin azalma hiss olunur ki, bu normal ağrıkəsici həblərin göstərdiyi nəticəyə çox yaxındır.

Tarixi hətta 1300 – cü illərə gedib çıxan plasebo, 1628-ci ildə Oksford Universitetinin professoru Robert Burton tərəfindən ilk dəfə eksperiment vəziyyətinə gətirilmiş və eksperimentin nəticələri də pozitiv olmuşdur. Bununla da Burton təsəvvür, inam və gözləntilərin orqanizmdə olan təsirini sübut etdi.  1957-ci ildə Krebiozen serumu – xərçəng xəstəliyini müalicə edən vasitə ortaya çıxdı. Serumun ilk istifadəçisi xərçəng şişlərinin inanılmaz sürətlə azaldığını və tamamilə keçdiyini gördü. Serumun yaradıcısı dərmanın tərkibinin sadəcə distillə olunmuş sudan ibarət olduğunu bildirdikdən sonra hər kəs şok vəziyyətində idi.  Maraqlısı da odur ki, xərçəng şişlərindən tamamilə qurtulmuş pasient dərmanın tərkibini öyrəndikdən sonra yenidən eyni xərçəngə yoluxdu və bir neçə gün sonra dünyasını dəyişdi.  Hazırda Harvard Tibb Məktəbi də plasebo araşdırmalarına davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Plasebo effektinə təsir edən amillər hər zaman araşdırmaçıların diqqətini çəkirdi. Əsas amillər olaraq, ilk növbədə pasientin dərmana nə qədər inamla yanaşması, həkimdən gələn müsbət fikirlər və genlər qəbul olunmuşdur. Plasebo bədəninizdəki hormonları oyadır. Təbii ki, dərmandan deyil düşüncələrdən.  Maraqlısı odur ki, plasebonun da əks-təsirləri ola bilir. Nosebo adlanan bu hal baş ağrısı və digər təsirlər ortaya çıxara bilər.

Bir sözlə, düşüncənizin nə qədər xoşbəxtliyə, ümidə və inama doğru yönəlməsi bütün organizminizdə gözəl təsirlər yaradır. Siz nəyi düşünürsünüzsə, ona çevrilirsiniz.

“Gələcəyi idarə edə bilməzsiniz” deyənlərə inanmayın dostlar, sizin o qədər güclü düşüncələriniz var ki, gələcəyi də, bu günü də, hətta keçmişi də idarə edə bilir. Nəyə necə baxdığınız, hadisələrə yanaşma tərziniz sizi formalaşdırır. Nyutonun da dediyi kimi, bütün təsirlər özünə bərabər əks təsir doğurur. Verdiyinizi alacaqsınız.

Sevinc Hüseynova, Banco.az