Orta əmək haqqı və onun hesablanması qaydası - NÜMUNƏLƏRLƏ | Banco.az

Orta əmək haqqı və onun hesablanması qaydası - NÜMUNƏLƏRLƏ

Orta əmək haqqı nədir?

Əmək Məcəlləsinin 177 ci maddəsinə əsasən, orta əmək haqqı: işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

Orta əmək haqqının hesablanması qaydası

Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur.

Orta əmək haqqı müəyyən edilərkən Əmək Məcəlləsinin 157 ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bir məsələni də nəzərinizə çatdıraq ki, orta əmək haqqı ilə orta aylıq əmək haqqı arasında fərq var. 

Ən sərfəli kredit üçün müraciət et

Tutaq ki, bir işçinin 4 ayının əmək haqqısı aşağıdakı kimidir:

  • İyul – 500 Azn
  • Avqust – 650 Azn
  • Sentyabr – 400 Azn
  • Oktyabr – 700 Azn

Bu vəziyyətə görə orta əmək haqqı və orta aylıq əmək haqqının hesablanmasına baxaq.

Orta əmək haqqının hesablanmasında son iki ay əsas götürülür, bu aylarda olan iş günləri tapılır və orta əmək haqqı hesablanır. 2018 ci ilin təqviminə əsasən, sentyabr ayında 20 iş günü, oktyabr ayında isə 23 iş günü vardır.

Gündəlik əmək haqqı: (400+700)/(20+23)=25.58 Azn

Noyabr ayında 21 iş günü olacağı üçün, orta əmək haqqı 21*25.58=537 Azn olacaq.

Yuxarıdakı nümunəyə əsasən orta aylıq əmək haqqı isə belə olacaq:

(500+650+400+700)/4=562 Azn

Nüsrət Xəlilov