Microsoft və Walmart, Amazona qarşı güclərini birləşdirdilər | Banco.az

Microsoft və Walmart, Amazona qarşı güclərini birləşdirdilər

Amazonun bazarda birinciliyi ələ alması bir sıra rəqibləri narahat etməyə başlayıb. Bu şirkətlər arasında Microsoft, Walmart şirkətləri xüsusilə diqqəti cəlb etməkdədir. Çünki məhz bu iki şirkət Amazona qarşı güclərini birləşdirib. Bu haqda məlumatı tanınmış xəbər agentliyi The Verge yayımlayıb. Verilən məlumatda şirkətlərin beş illik müqavilə imzalaması haqda məlumat öz əksini tapıb.

Razılaşmaya əsasən, Walmart öz layihələrində yer alan süni intellektlə bağlı bütün məsələlərdə Microsoft-un xidmətlərindən istifadə edəcək. Şirkətlərin belə birləşməsinə səbəb kimi Amazon və Walmart-ın eyni sferada fəaliyyət göstərməsi, başqa sözlə rəqib olması və eyni zamanda Amazon rəhbəri Ceff Bezosun bulud texnologiyasında Microsoftla rəqabətə girməsi ilə əlaqədardır. Bu haqda məlumatı öz çıxışında Microsoftun CEO-su Satya Nadella bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Lakin verilən məlumatlara görə, əməkdaşlıq yalnız bununla bitmir. Microsoft şirkəti rəqibinin Amazon Go layihəsinə oxşar layihə üzərində işlər aparır və lazım olacaq avadanlıqları da Walmartdan almaq niyyətindədir. Əməkdaşlığın sonda nə kimi faydalar gətirəcəyini isə zaman göstərəcək.

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Bloomberg Amazonun yaradıcısı Ceff Bezosun dünyanın ən varlı adamı olduğunu açıqladı. Onun sərvəti 150 milyard dollar olaraq qiymətləndirildi və bu tarixdə ilk belə biznes göstəricisi idi. Siyahıda onu Microsoftun başçısı Bill Qeyts izləyir. Walmart-ın üç nümayəndəsi də öz növbəsində ikinci onluqda yer alır. Həmçinin Amazon şirkəti kapital qoyuluşuna görə yalnız Apple şirkətindən geri qalır. Bu baxımdan Microsoft 4-cü, Walmart isə 19-cu yerdədir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et