Mərkəzi Bankdan açıqlama | Banco.az

Mərkəzi Bankdan açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında həyata keçirdiyi sterilizasiya əməliyyatlarını bəzi mətbuat orqanlarının yalnış şərh etdiyi barədə məlumat yayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bank özünün rüblük pul siyasəti icmalında manatın məzənnəsinin sabitliyini təmin etmək məqsədilə valyuta bazarında həyata keçirdiyi sterilizasiya əməliyyatları barədə müntəzəm olaraq məlumatlar yayımlayır. Bankdan bildirilib ki, valyuta sterilizasiyası xarici valyutanın kəskin ucuzlaşmasının və ya milli valyutanın əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq məqsədilə izafi xarici valyutanın alışıdır: “Adətən ölkənin tədiyyə balansında profisitin olduğu və valyuta bazarında təklifin tələbi üstələdiyi hallarda mərkəzi banklar tərəfindən valyuta alışları həyata keçirilir. Lakin, bu günlərdə Azərbaycanın bəzi mətbuat orqanları Mərkəzi Bankın valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatı ictimaiyyətə yalnış şərh edərək bunu valyuta xərcləməsi kimi çatdırıb”.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, son illərdə ölkənin tədiyyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir.

Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1385 mln. dollar, 2011-ci ildə 4153 mln. dollar, 2012-ci ildə 1584 mln. dollar, 2013-cü ildə 2457 mln. dollar, 2014-cü ilin 6 ayında isə 967.4 mln. dollar məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7% artaraq  15163 mln. dollar səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir.

 

  APA

Ən sərfəli krediti almaq üçün müraciət et