Mark Benioff yeni kapitalizm formasını təklif edib | Banco.az

Mark Benioff yeni kapitalizm formasını təklif edib

Amerikalı biznesmen, xeyriyyəçi və “Salesforce” şirkətinin rəhbəri Mark Benioff «Kapitalizm ölüb» fikrini irəli sürüb. Onun fikrincə, ictimai rifaha fokuslanan yeni kapitalizm növü formalaşdırmağın vaxtı çatıb. 

Milyarder San-Fransisko şəhərində TechCrunch konfransında çıxışı zamanı bu fikirləri dilə gətirib. O deyir ki, sırf pul qazanmaq üçün çalışan sahibkarlar müasir dünyanın şərtləri ilə uzun müddət ayaqlaşa bilməyəcəklər. Benioffun fikrincə hazırda biznes, ictimai rifahda maraqlı olmalıdır. 

«Kapitalizmin yeni yaranmalı olan tipi Milton Fridmanın kapitalizminə, sadəcə pul qazanmağa oxşamamalıdır. Əgər sizin əsas qayəniz pul qazanmaqdırsa, uzun müddət baş icraçı direktor və ya şirkət təsisçisi kimi gəzə bilməyəcəksiniz. Bundan daha artığı olmalısınız». 

Ən sərfəli kredit üçün müraciət et

Sahibkar həmçinin həmkarlarını daha humanist olmağa və biznesin etik tərəfinə diqqət yetirməyə səsləyib. 

«Əgər şirkətinizdə ən yüksək dəyər inam deyilsə, onda bütün digər maraqlı tərəflər — sizin əməkdaşlarınız, müştəriləriniz, investorlarınız sizi tərk edəcək». 

Benioff Silikon Vadisinin ən proqressiv rəhbərlərindən biridir. Onun şirkəti qadın işçilərin maaşlarının qaldırılmasına milyonlarla dollar vəsait xərcləyib. Kişi və qadın işçilər arasındakı maaş fərqini azaltmağa hesablanmış bu addım təqdirəlayiqdir. 

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et