Maliyyə Nazirliyi iqtisadi proseslərin dövlət büdcəsinə təsirini təhlil edir | Banco.az

Maliyyə Nazirliyi iqtisadi proseslərin dövlət büdcəsinə təsirini təhlil edir

Koronavirus pandemiyası çərçivəsində baş verən hadisələr və neftin qiymətindəki ucuzlaşmanın dövlət büdcəsinə təsiri Maliyyə Nazirliyi tərəfindən təhlil edilir.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev dövlət büdcəsinə gözlənilən dəyişiklikləri şərh edərkən bildirib.

“Yeni növ koronavirus pandemiyası dünya iqtisadiyyatında neqativ meyllərin artmasına, qlobal istehlakın daralmasına, o cümlədən neftə və neft məhsullarına tələbin azalmasına səbəb olub. Buna cavab olaraq “OPEC +” formatında əsas neft hasil edən ölkələr arasında hasilatın azaldılmasına dair cari ilin mart ayında razılığın əldə edilməməsi və artan həcmlərdə xam neftin bazarlara təklif edilməsi dünya bazarlarında neftin qiymətinin kəskin – 65 faizədək ucuzlaşmasına gətirib çıxardı.

Pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə tətbiq olunmuş karantin və sosial təcrid tədbirləri ilə birlikdə bunlar Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür, gəlirlərimizin azalmasına, ölkədə işgüzar fəallığın və iqtisadiyyatın artımının zəifləməsinə səbəb olur.

Bu proseslərin dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə təsiri Maliyyə Nazirliyi tərəfindən təhlil edilir və hökumətin digər qurumları ilə əlaqələndirilməklə vəziyyətə uyğun müvafiq addımlar atılacaqdır.”,- deyə o qeyd edib.

Xatırladaq ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134 500,0 min manat, xərcləri 26 894 700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 797 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 850 104,0 min manat) məbləğində təsdiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

2020-ci ilin büdcəsində neftin 1 barelinin satış qiyməti 55 ABŞ dolları nəzərdə tutulub.

2020-ci il dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd olunurdu ki, icmal büdcə gəlirlərinin 52,7 %-i neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma icmal büdcə gəlirlərinin azalmasına və icmal büdcə kəsirinin artmasına təsir edəcək. 2020-ci il üçün icmal büdcə gəlirlərinin hesablanması zamanı 55 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 40 ABŞ dollarına enərsə, icmal büdcə gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6% azala bilər.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et