Loqolardakı rənglərin psixoloji təsirləri: Yaşıl | Banco.az

Loqolardakı rənglərin psixoloji təsirləri: Yaşıl

Bugünki məqaləmizdə yaşıl rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. “WebPageFX” adlı veb dizayn və marketinq şirkətinin bu mövzuda hazırladığı məqaləyə əsasən, yaşıl rəng, insanlar tərəfindən əsasən təbiət, sağlamlıq, yaxşı şans və qısqanclıqla əlaqələndirilir. Eyni zamanda bu rəng pulu da xarakterizə edir.

Bir çox insanın ilk olaraq təbiətlə əlaqələndirdiyi yaşıl rəngin depressiyanı aradan qaldırmaqda təsirli olduğu düşünülür. Bundan başqa aparılan bir araşdırmaya görə, yaşıl rəngin üstünlük təşkil etdiyi mühitdə işləyən insanların daha az qarın ağrısı yaşadıqları aşkar edilmişdir. Gecə eynəklərində də ən çox yaşıl rəngdən istifadə edilir, çünki insan gözünün ən həssas olduğu rəng yaşıldır və insan gözü ən çox yaşılın tonlarını ayırd edir. Həmçinin yaşıl böyüməyi və inkişafı da xarakterizə edir.

Marketinq baxımından yanaşdıqda yaşıl rəng mağazalarda insanları rahatlatmaq üçün istifadə edilir. Zənginlik simvolu olan bu rəng, həmçinin uzun zamandır ki, məhsuldarlığın da göstəricisidir. Yaşıl rəng ilə bağlı qeyri-adi hesab edə biləcəyiniz bir məlumata nəzər salaq. 15-ci əsrdə gəlinliklər üçün yaşıl rəngdən istifadə edirdilər.

Təxmin edə biləcəyiniz kimi ətraf mühitlə bağlı fəaliyyət göstərən bir çox şirkət loqolarında yaşıl rəngə müraciət edirlər. Bu baxımdan kənd təsərrüfatı, utilizasiya, ətraf mühit planlaşdırması, baxça və günəş enerjisi sahələrində fəaliyyət göstərən müəssisələr əksərən yaşıl rəngdən istifadə edirlər. Eyni zamanda zənginlik göstəricisi olduğu üçün bəzi maliyyə şirkətləri də bu rəngə loqolarında yer verirlər. Çoxcəhətliliyin ən yüksək səviyyəsi olan yaşıl rəng bir çox markanın xarakteristik xüsusiyyətləri ilə əlaqədar olmasa da, güclü mədəni çağırışlara sahibdir.

Whole Foods

E-ticarət nəhəngi “Amazon”-un ötən il 13.7 milyard dollar qarşılığında tərkibinə daxil etdiyi qida pərakəndəçisi “Whole Foods” insanların yaşıl ilə sağlamlığı əlaqələndirməsindən öz leyhinə istifadə etmək üçün yaşıl rəngdə bir loqodan istifadə edir.

Animal Planet

Ən sərfəli kredit üçün müraciət et

“Discovery Channel”-ın da sahibi olan “Discovery Communications” şirkətinə bağlı bir sənədli film kanalı olan “Animal Planet” sözsüz ki, yaşıl rəngin təbiəti xarakterizə etməsindən ötrü bu rəngdən öz loqosunda istifadə edir.

BP

Britaniyanın çoxmillətli enerji və qaz şirkəti olan “BP” fəaliyyət göstərdiyi sahənin ətraf mühitə dost olmamasını bir az da olsa lehinə çevirmək və ətraf mühitin qayğısına qalan bir marka olması təsirini yaratmaq üçün loqosunda yaşıl rəngdən istifadə edir.

Starbucks

Hərhalda  bu siyahıda dünyanın ən böyük qəhvəxana şəbəkəsi olan “Starbucks”-a yer verməmək olmazdı. Üzərində dəniz qızı təsviri olan loqosu ilə tanınan marka bu rəngin diqqət çəkici olması ilə yanaşı, ətraf mühit və sağlamlıqla əlaqəli olmasından da faydalanır.

WhatsApp

Demək olar ki hər birimizin gündəlik həyatının bir parçasına çevrilmiş mesajlaşma mübadilə sistemi olan "WhatsApp" da yaşıl rəngin özünə xas xüsusiyyətlərinin gücündən yararlanır.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et