Bugünki məqaləmizdə qəhvəyi rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. “99 designs” adlı internet saytının bu mövzuda hazırladığı məqaləyə əsasən qəhvəyi rəng ondan öz loqosunda istifadə edən markaya sağlam və ciddi bir görünüş verir. Qəhvəyi rəng markaların çox da üstünlük verdikləri bir rəng olmadığı üçün bu rəngdən istifadə edənlər rəqiblərindən daha çox diqqət cəlb edirlər.
“LogoDesignGuru” adlı internet saytının yayımladığı məlumata əsasən, qəhvəyi rəngi kişilərə xas bir rəng olmaqla yanaşı, dünyəvilik və etibarlılığı da təmsil edir. Eyni zamanda bu rəng, təbiəti də xarakterizə edir. Qəhvəyi rəng sadəliyi, səmimiliyi və bitərəfliyi səbəbilə ən çox tikinti və hüquq firmaları tərəfindən istifadə edilir. Bununla yanaşı torpağın rəngi olmasına görə kənd təsərrüfatı sənayesində də tez-tez müraciət edilir. Xüsusilə də qəhvə və şokolad başda olmaqla bəzi qida məhsulları da ən çox bu rəng ilə təmsil edilirlər.
UPS
ABŞ – ın çatdırılma xidməti şirkəti UPS rəqiblərindən fərqlənmək üçün qəhvəyi rəngdən istifadə edir.
M&M’s
ABŞ – ın şirniyyat, heyvan qidası və müxtəlif qida məhsulları istehsalçısı olan “Mars” şirkətinin sahibi olduğu markalardan biri olan “M&M’s” – in loqosunda təkcə qəhvəyi rəngdən istifadə edilmişdir. Bunun səbəbi “M&M’s” – in şokolad istehsalı ilə məşğul olması və qəhvəyi rəngin də şokoladı xatırlatmasıdır.
Gloria Jean’s Coffees
Avstraliyanın qəhvəxana şəbəkəsi olan “Gloria Jean’s Coffees” də öz loqosunda qəhvəyi rəngi seçərək “Starbucks” kimi böyük rəqiblərindən fərqlənir.
The Hershey Company
Dünyanın ən böyük şokolad istehsalçılarından biri olan ABŞ – ın “The Hershey Company” şirkəti də təbii olaraq qəhvəyi rəngə xüsusi əhəmiyyət verir. Qəhvəyi rəngli bir loqoya sahib olan marka, şokolad paketlərində də bu rəngdən tez-tez istifadə edir.
Tamara Mustafayeva, banco.az