Loqolardakı rənglərin psixoloji təsirləri: Bənövşəyi | Banco.az

Loqolardakı rənglərin psixoloji təsirləri: Bənövşəyi

Bugünki məqaləmizdə bənövşəyi rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. “WebPageFX” adlı veb dizayn və marketinq şirkətinin bu mövzuda hazırladığı məqaləyə əsasən bənövşəyi rəng əsasən xəbərdaredici bir rəng olaraq qəbul edilir və bununla yanaşı mənəviyyat, sirr, qürur hissələrini də oyada bilir.

Zənginlik, ehtişam, lüks, uğur, müasirlik müdriklik göstəricisi olan bənövşəyi rəng, həmçinin kralları təmsil edən bir rəng olaraq qəbul edildiyi üçün tarix boyunca bir çox kral bu rəngdə libas geyinmişdir. Eyni zamanda xəyal gücünü canlandıran və gözləri ovsunlayan bir rəng olan bənövşəyi, gözəlliyi də tərənnüm edir. “Logo Design Guru” adlı internet saytında yayımlanan bir məlumata görə, bənövşəyi rəng daha çox dini qurumları və təhsil idarələrini təmsil etmək üçün istifadə edilir.

Marketinq baxımından yanaşdıqda isə görürük ki, bənövşəyi rəngdən daha çox gözəllik və yaşlanma əleyhinə məhsullar istehsal edən şirkətlər istifadə edir. Həmçinin insanları rahatlatmaq üçün istifadə edilən bənövşəyi rəng yaradıcı, xəyal gücü zəngin və ağıllı bir markanı təmsil edər. “The Logo Company” adlı internet saytının yayımladığı məlumata əsasən markalar fərqli təcrübə yaşamaq istəyən müştəriləri cəlb etmək üçün bənövşəyi rəngin yaratdığı “hər şey mümkündür” hissindən faydalanırlar. Bənövşəyi rəng, şirkətin təmsil etdiyi əsas xüsusiyyəti açıq şəkildə ifadə etməyi zaman kommersiya xidmətlərində nadirən istifadə olunur.

Yahoo

Ötən il Amerikanın telekommunikasiya şirkəti “Verizon” – a satılan texnologiya şirkəti “Yahoo” müasirliyi təmsil etdiyi üçün bənövşəyi rəngdə bir loqoya sahibdir. Eyni zamanda şirkət bu rəngin yaradıcı, xəyal gücü zəngin və ağıllı bir markanı təmsil etmə xüsusiyyətindən də faydalanmaq istəmiş ola bilər.

Cadbury

Ən sərfəli kredit üçün müraciət et

ABŞ – ın şirniyyat, qida və içki şirkəti “Mondelez International” ın sahib olduğu bir çox markadan biri olan Britaniya mərkəzli şirniyyat istehsalçısı “Cadbury” bənövşəyi rəngin meydana gətirdiyi imtiyaz hissindən istifadə etmək üçün tamamilə bu rəngdə olan bir loqodan istifadə edir.

Los Angeles Lakers

ABŞ – ın beynəlxalq basketbol liqası olan NBA – də yer alan komandlardan biri olan “Los Angeles Lakers” loqosunda sarı və bənövşəyi rəngdən birlikdə istifadə edir. Loqodakı bənövşəyi rəng gözü mərkəzə yönləndirərkən, sarı və bənövşəyi birlikdə istifadə edildikdə bənövşəyi rəngin dominant rolu ortaya çıxır. Lakers üçün bu, çox vacib bir nüansdır.

Aussie

Protector & Gamble (P&G) şirkətinin sahib olduğu çoxsaylı markalardan biri olan saç məhsulları istehsalçısı “Aussie” də loqosunda bənövşəyi rəngdən istifadə edən şirkətlərdən biridir. Nəticədə, saça forma verilməsi də yaradıcı bir prosesdir və bənövşəyi rəng də məhz bu xüsusiyyətə sahibdir.

Taco Bell

ABŞ – ın fast-fud restoranlar şəbəkəsi “Taco Bell”, rəqibləri arasında loqosunda bənövşəyi rəngdən istifadə edən yeganə şirkət olaraq bilinir. Fast-fud markası bənövşəyi rəngin lüks və imtiyazı təmsil etməsi səbəbilə bu rəngi seçir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et