Kredit xətti nədir və o, adi kreditdən nə ilə fərqlənir? | Banco.az

Kredit xətti nədir və o, adi kreditdən nə ilə fərqlənir?

Kreditin rəsmiləşdirilməsi zamanı "kredit xətti" ifadəsi qarşınıza çıxa bilər. Əksər insanlar kredit xəttini adi kreditdən fərqləndirə bilmirlər.

Kredit xəttinin klassik kreditdən əsas fərqi ondan ibarətdir ki, kredit dərhal tam şəkildə verildiyi halda, kredit xətti üzrə vəsaitlər tədrici şəkildə verilir. Kredit xəttinin açılması ilə adi kredit müqaviləsinin imzalanması arasında demək olar ki, cüzi fərq vardır. Lakin bəzi nüansları diqqətdən qaçırmamaqda fayda var! Müqavilənin imzalanması zamanı nəzərə almaq lazımdır ki, kredit xətti üzrə 2 növ limit mövcuddur: kreditin verilməsi üzrə limit və borc limiti. Kreditin verilməsi üzrə limit - borcalanın kredit xəttindən istifadə müddətində ala biləcəyi kredit vəsaitlərinin ümumi məbləğini əhatə edir. Borc limiti isə borcalanın bank qarşısında borcunun maksimal məbləğidir. Həmin borcu ödəməklə borcalan yenidən kredit vəsaitlərindən istiadə edə bilər. Faktiki olaraq, bu əlamətlərə görə kredit xətti bərpa olunan və bərpa olunmayan xətlərə bölünür.

Kreditin digər növləri ilə müqayisədə, kredit xətti yalnız bir müqavilə imzalamaqla, bir neçə borcu eyni anda götürmək imkanı verir. Əslində bu üsul səhiyyə xərclərini və ya semestr üzrə təhsil xərclərini ödəmək məcburiyyətində olan borclanlar üçün olduqca faydalıdır. Qeyd edək ki, həm adi kredit, həm də kredit xətti üçün borcalanın qarşısına qoyulan tələblər eynidir.

Böyük ehtimalla bank sizdən ödəmə qabiliyyətinizi təsdiq etməyi tələb edəcək. Müqavilə uzun müddət qüvvədə olacağına görə, kredit təşkilatları, əksər hallarda, sığortanın rəsmiləşdirilməsini tələb edirlər.

Sevinc İbadova/Banco.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç