Kredit kartlarının sayı 10 dəfə artmışdır | Banco.az

Kredit kartlarının sayı 10 dəfə artmışdır

Bank sisteminin inkişafı özünü həmçinin xidmət sahələrinin və məhsullarının genişlənməsində göstərir. Belə ki, Azərbaycanda əhalinin debet və kredit kartlarından istifadə tempi sürətlənmişdir.

2010-cu illə müqayisədə 2014-cü ilin iyununda dövriyyədə olan ödəniş kartlarının sayı 50% artaraq 6 mln-a bərabər olmuşdur. Mərkəzi Bankın statistik məlumatlarına əsasən debet kartları əmək haqqı, sosial və digər kartlar üzrə təsnifləşdirilmişdir. Əmək haqqı kartlar debet kartlarının ümumi sayında  xüsusi çəkisi ilə seçilirlər. Belə ki, 2014-cü ilin iyun ayına ümumi debet kartlarının 28%-i əmək haqqı kartları təşkil etmişdir.

Artım tempinə görə kredit kartları üstünlük təşkil edir. Əgər 2010-cu ilin əvvəlinə kredit kartlarının sayı 116 min idisə, 2014-cü ilin ortasında bu göstərici 1,14 mln-a çatmışdır. 3 il ərzində kredit kartlarının sayı təxminən 10 dəfə artmışdır.

2014-cü ilin iyun ayı üzrə debet və kredit kartları ilə 6,4 mln əməliyyat aparılmışdır ki, bunun da ümumi həcmi 907 mln manat olaraq qiymətləndirilir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ilin ilk ayında bu göstərici 2,2 mln əməliyyat sayı ilə 293 mln manata bərabər olmuşdur. 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda kartlar vasitəsilə hesablaşmalar əsasən ATM-lər POS-terminallar vasitəsilə həyata keçirilir. Burada isə ATM-lərin xüsusi çəkisi hiss olunacaq qədər yüksəkdir. Belə ki, hələ də Azərbaycanda nağdsız hesablaşmalar kifayət qədər inkişaf etməmişdir və əhali bankomatlardan əsasən nağd pul vəsaiti çıxarmaq məqsədilə istifadə edir. 2010-cu ilin mart ayında bankomat vasitəsilə həyata keçirilmiş 554 mln manatlıq əməliyyatdan yalnız 5 mln manatı nağdsız hesablaşmanın payına düşürdü. Bu isə heç 1% belə eləmir.

2014-cü ilin iyun ayı üzrə isə bankomatla həyata keçirilmiş əməliyyatların həcmi 814 mln manata qədər artmışdır ki, bunun da 22 mln manatı (2,7%) nağdsız hesablaşmalardan ibarətdir.

Eyni hal POS-terminallardan istifadə zamanı müşahidə olunsa da, bu nisbət daha yüksəkdir. Belə ki, cari ilin son rübündə POS-terminallar vasitəsilə 843 min dəfə ümumilikdə 90 mln manatlıq əməliyyat həyata keçirmişdir. Bu əməliyyatların 33,3%-i nağdsız hesablaşmaların payına düşür. 

Ən sərfəli krediti almaq üçün müraciət et