Konstitusiya Məhkəməsindən sığortaçılar ilə bağlı – YEKUN QƏRAR | Banco.az

Konstitusiya Məhkəməsindən sığortaçılar ilə bağlı – YEKUN QƏRAR

Uzun müddətdən sonra sığortaçıları narahat edən məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirib.

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 2016-cı il 18 may tarixli qərarını ləğv edib. Bu isə o deməkdir ki, sığorta agentləri 20% əvəzinə, yenidən 4% vergi ödəməkdə davam edəcəklər.  

Qeyd edək ki, son iki il ərzində sığorta agentləri ilə vergi qurumları arasında vergi tutmanın həcmi ilə bağlı mübahisə yaranmışdı. 

2014-cü ildən başlayaraq vergi orqanları sığorta agentlərindən 4% əvəzinə, kütləvi surətdə 20% ilə mənfəət vergisi hesablamağa başladılar. 

Bununla bağlı isə ötən ilin mayın 18-də Ali Məhkəmənin qərarı olmuşdu. Məhkəmə 20%-lik vergi tətbiqini qüvvədə saxladığından sığortaçıların bəziləri artıq ümidlərini kəsmişdilər. 

Bəzi sığorta agentləri ağır vergi yükü şəraitində işləməyə davam etsələr də, sığorta vasitəçilərinin bir qismi artıq fiziki şəxs olaraq sahibkarlıq fəaliyyətlərini dayandırırdılar. 

Yaranan vəziyyətə mart ayının 10-da Konstitusiya Məhkəməsi aydınlıq gətirib və sığorta agentlərinə tətbiq edilən 20%-lik vergini ləğv edib. 

Ən sərfəli kredit üçün müraciət et

Vergi üzrə ekspert Vəli Əliyev açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin ləğv etdiyi Ali Məhkəmənin 2016-cı il 18 may tarixli qərarı üz qarasıdır. 

Bu qərara əsasən, Ali Məhkəmə hesab edib ki, sığorta agenti kimi fəaliyyət göstərən şəxslər, sən demə, sığorta təşkilatı hesab edilməlidir. 

Başqa sözlə desək, “sığorta təşkilatı” sözü ilə sığorta agenti olan fiziki şəxs eyni mənalıdır. Konstitusiya Məhkəməsinin qərarı isə bunun əksini sübut etdi.

Ekspert bildirib ki, Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci ildən başlayaraq 2014-cü ilə qədər sığorta agentləri sadələşmiş vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınaraq agent komissiyasından 4% dərəcə ilə vergini büdcəyə hesablayıb ödəyirdilər. 

2014-cü ildən isə vergi orqanları sığorta agentlərinə qarşı səlib yürüşünə çıxmışdılar: “Sığorta agentlərinin bir qismi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təzyiqlərinə dözməyərək hesablanmış vergini ödəmək məcburiyyətində qaldılar. 

Bir qismi isə mübariz olaraq öz hüquqlarını müdafiə etməyə başladılar. Bizə isə bu mübarizədə qalib çıxmış sığorta agentlərini təbrik etmək düşür”.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et