İnsanlar soruşurlar ki, sahibkarlıq anadan gəlmə xüsusiyyətdir ya sonradan yaranır. Mənə görə bu xüsusiyyət mənə genlərimdən keçib. Mən Brədfordda atamın santexnika dükanında böyümüşəm. O, öz şəxsi biznesini qurmaq arzusu ilə Hindistandan Britaniyaya köçmüşdü və həmişə deyirdi ki, mən dünyaya gəldikdən sonra o müvəffəqiyyət əldə etməyə başladığı üçün mənim ona uğur gətirdiyimə inanır. Xatırlayıram ki, atam iş görüşlərinə gedərkən mən bir butulka süd ilə maşında qapısı bağlı halda onun qayıtmasını gözləyərdim. Təəssüf ki, atam mən 15 yaşında olanda dünyasını dəyişdi.
Ailəm təhsil almağımı deyil iş həyatına başlamağımı istəyirdi. Onlar olduqca köhnə fikirli idilər və mənim evlənib evdar qadın olmağımın daha yaxşı olacağına inanırdılar. Belə düşüncə tərzləri hələ də qalmaqdadır. Lakin, gənc yaşlarından bəri mən bu maneələrə qarşı mübarizə aparmışam, çünki məndən tələb edilən şeyləri heç vaxt etməyəcəyəm. Anam mənim qəhrəmanımdır – belə ki, uşaq vaxtı o, məni balet məşqlərinə və ya dərslərə getməyim üçün evdən gizlin çıxardırdı. O, adətən deyirdi: “Mən səni dəstəkləyəcəm, lakin sən də mənim ümidlərimi doğrultmalısan.”
Universitetə daxil oldum və dərman satışları üzrə uğurlu karyera qurmağa başladım. O vaxta qədər mənimlə evlənmək istəyən təqribən 10 namizədi geri çevirdim. Lakin, sonra ailəmin bəyəndiyi bir insanla ailə həyatı qurdum. Onun da ailəsi həmçinin ənənəvi düşüncə tərzinə sahib idi, lakin mən işləməyə davam etdim.
Mənim üçün dönüm nöqtəsi işimdə istədiyim vəzifəcə irələməyə nail ola bilmədiyim zaman oldu. Mən “Bayer” də rəhbər vəzifəyə keçmək istəyirdim. Hər zaman etdiyim kimi hədəfimi müəyyənləşdirdim və ona çatmağı gözlədim. Buna nail ola bilmədikdə oturdum və düşünməyə başladım: Mən doğrudanmı kiminsə üçün sonda kifayət qədər yaxşı olmadığımı eşidim deyə səkkiz il çalışmışam? Cavab təbii ki xeyr idi. Bundan sonra mən 2011-ci ildə özümün şəxsi “Oberoi Consulting” adlı səhiyyə və İT (informasiya texnologiyaları) konsaltinq biznesimi qurdum. 2012-ci ildə isə kiçik bizneslə məşğul olanlara arxa-ofis ilə bağlı məsləhət vermək üçün “Oberoi Biznes Mərkəzi” ni təsis etdim və 2014-cü ildə sahibkarlara və startup şirkətlərinə göstərdiyimiz xidmətlərə görə Britaniya İmperiyası Ordeni ilə təltif olundum.
Ən böyük çətinliklərimdən biri digər insanlara inanmağı öyrənməklə bağlı oldu. Bu, mənim üçün asan deyildi. Sahibkarlar adətən təbiətən olduqca nəzarət etməyə meylli şəxslər olurlar və işə ilk başladığım vaxtlar heç bir idarəçilik praktikası yaşamadım. Yüksək performanslı komandaları qurmaq və onları motivasiya etməyin ən zəhmətli yolunu təcrübə etməli idim. Mənim kimi mükəmməlliyətçi bir insan üçün səhvlər hər nə qədər yol verilməz olsa da, komandanın uğursuzluqdan qorxmadan yol verilən səhvlərdən nəticə çıxarmaları olduqca vacibdir. Mən hələ də uğurlu rəhbərlik barəsində hər gün yeni məlumatlar öyrənirəm.
2016-cı ildə mən, Derbi şəhərində fəaliyyət göstərən ibtidai məktəb şagirdlərini səhər yeməyi ilə təmin etmək təşəbbüsünü həyata keçirdim və bir il bu işi maliyyələşdirdim. Hal-hazırda 16 belə məktəblə çalışırıq. Sevindirici haldır ki, bu təşəbbüsdən sonra şagirdlərin davamiyyətində, davranışlarında və dərsdəki uğurlarında inkişaf müşahidə olunur.
Ən böyük məqsədim digər insanları ruhlandırmaqdır, beləliklə onlar da öz potensiallarının fərqinə varacaqlar. Özünə inam istənilən biznes sahibi üçün əsas göstərcidir. Siz öz biznesinizə coşğu ilə yanaşmalı, daim məqsədyönlü olmalı və özünüzü işinizə həsr etməlisiniz. Bunlarla yanaşı hər zaman qurban verməyə hazır olmasınız. Uğursuzluq seçimlər arasında olmamalıdır.
Tamara Mustafayeva, banco.az