Borca görə vətəndaşların kommunal xidmətlərdən istifadəsi dayandırılmayacaq | Banco.az

Borca görə vətəndaşların kommunal xidmətlərdən istifadəsi dayandırılmayacaq

Koronavirusla mübarizədə vətəndaşlardan evdə qalmaları və əllərini tez-tez yumaları tələb olunur. Təbii ki, insanlar evdə qaldıqları üçün kommunal xidmətlərdən də əvvəlki aylarla müqayisədə daha çox istifadə edirlər və bu, kommunal xərclərin artmasına gətirib çıxarır. İnsanların gəlirlərində azalmaların olduğu hazırkı dövrdə kommunal xidmət haqqına görə ödənişlərdə çətinliklərin olacağı istisna deyil. Bəs borca görə vətəndaşların qaz, işıq və suyu kəsiləcəkmi?

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu günlərdə heç kimin suyu kəsilməyəcək: "Əsas hədəfimiz odur ki, biz "Azərsu" ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirək. Ona görə də bu günlərdə sayğacları mənzilin daxilində olan ünvanlara heç bir əməkdaş getməyəcək, insanları narahat etməyəcək, onlarla heç bir təmas qurulmayacaq.

Müştəri informasiya sistemi proqramının imkanlarından istifadə etməklə həmin abonentlərin son 12 aylıq istehlakına baxaraq orta sərfiyyat müəyyənləşdirib ona uyğun bildiriş çap edib həmin mənzillərə çatdıracağıq. Vətəndaşlar elektron xidmətlərdən istifadə etməklə elə evlərindən onlayn rejimdə su pulunu ödəyə bilərlər. Qeyd edim ki, debitor borcların yığılması ilə bağlı heç bir tədbir görməyi planlaşdırmırıq, yəni əməkdaşlarımız borca görə gedib kiminsə suyunu kəsməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, vətəndaşlar borclarını ödəməlidirlər, lakin karantin dövründə borca görə vətəndaşların işığı kəsilməyəcək: "Sistemimizi qoruyub saxlamaq üçün istifadə olunmuş enerji haqlarının yığılması təbiidir. Mən enerji haqqını vaxtında ödəyən bütün abonentlərə təşəkkür edirəm, lakin bəzi vətəndaşlar imkanları olduğu halda yayınmağa çalışırlar.

Onlardan da xahiş edirik ki, enerji haqqını ödəsinlər. Təbii ki, bu günlərdə biz enerji haqlarının yığılmasına, hətta bir neçə ayın yığılmış borcuna görə enerji təchizatını dayandırmayacağıq".

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov qeyd edib ki, hazırkı vəziyyətdə borca görə vətəndaşların qazı kəsilməyəcək, əvvəlki qaydada onlara 30 gün möhlət veriləcək. "Smart" tipli qaz sayğacı olan vətəndaşlar isə müvafiq qaydada balanslarını artırıb təbii qazdan istifadə edə bilərlər.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et