İtaliyanın avtomobil nəhəngi Alfa Romeo-nun yaranma hekayəsi | Banco.az

İtaliyanın avtomobil nəhəngi Alfa Romeo-nun yaranma hekayəsi

İtaliyanın avtomobil nəhəngi Alfa Romeo 1910 – cu ildə Milan şəhərində yaradılıb. Cavalier Ugo Stella fransız avtomobil istehsalçısı “Società Italiana Automobili Darracq” firmasındakı İtaliyaya məxsus səhmləri satın alaraq Alfa Romeo – nun əsasını qoyub.

İlk fabrik şimali Milan ərazisində açılır və şirkətin o vaxtlar adı “Anonima Lombarda Fabbrica Automobili” olur. Diqqət etsəniz, görərsiniz ki, bu adın baş hərfləri elə məhz ALFA sözünü yaradır.

İndi isə gəlin, şirkətin uğur hekayəsinə daha ətraflı nəzər salaq.

1910 – cu illər

Alfa şirkətinin gənc mühəndisi Guiseppe Merosi əslində velosiped fabrikində işləyirdi. Bununla yanaşı Bianchi və Fiat firmaları üçün motosiklet də dizayn edirdi.

Merosi Alfa şirkəti üçün ilk avtomobili dizayn edən şəxsdir. Bu avtomobil 4.1 litr həcmli 24 at gücündə mühərriklə təchiz olunmuşdu və avtomobilin maksimum sürəti 100 km/saat idi.

1914 – cü ildə avtomobil yarışlarına yönələn Alfa şirkəti Merosiyə 40-60 at gücündə bir mühərrik hazırlatdı. “Alfa Grand Prix” adı verilən bu avtomobildə 4 silindirli, 4.5 litr tutumlu mühərrik yerləşdirilmişdi və maksimum sürət 140 km/saat idi.

1915 – ci ildə I Dünya Müharibəsi uğursuzluğa düçar olduğundan şirkət istehsal üçün lazım olan sərmayəni tapa bilmirdi. Əslən Neapoldan olan elektrik mühəndisi Nicola Romeo Alfa şirkətinin bütün səhmlərini satın aldı və təyyarə mühərriki istehsalı ilə məşğul olmağa başladı.

Nicola Romeo

Şirkətin adı həmin tarixdən sonra “Alfa Romeo Milan” olaraq dəyişdirildi.

Müharibə dövründə avtomobil sektorunda da durğunluq hökm sürürdü. Guiseppe Merosi də şirkətin Neapolda yerləşən dəmiryolu fabrikinə göndərildi, ancaq şirkət müharibədən qalib çıxmağa nail oldu.

1918 – ci ilin qışında yatırımçılar şirkətin adının sonunda olan Milan hissəsinin götürülməsinə qərar verdilər və şirkət bugünkü adı olan “Alfa Romeo” ilə tanınmağa başladı.

1919 – cu ildə I Dünya Müharibəsinin başa çatması ilə Alfa Romeo avtomobil istehsalını davam etdirdi. Anbarda saxlanılan ehtiyyat hissələrdən avtomobillər qısa zaman ərzində istehsal edildi və yeni dizaynlar yaranmağa başladı.

Müharibə zamanı ehtiyyatda qalmayan “Grand Prix” modeli qatıldığı bir çox yarışlarda birinci oldu.

1920 – ci illər

1920 – ci illərə Merosinin şah əsəri sayılan RL modeli ilə daxil olan şirkət bu avtomobillə böyük uğur əldə etdi. Beynəlxalq miqyasda avtomobildən 2640 ədəd sifariş verildi.

Şirkət üçün yarışan Ugo Sivocci məşhur Monza arenasında yeni bir avtomobili sınaqdan keçirməyə başlamışdı, ancaq məşq prosesində qəza keçirərək həyatını itirdi.

Ugo Sivocci

Bu hadisədən sonra bütün Alfa Romeo yarış avtomobillərində onun xatirəsinə həsr olunmuş ağ rəngli üçbucaq fiqurunun içərisində 4 yarpaqlı yonca təsviri əks olundu.

Daha sonra Alfa avtomobilləri ilə yarışlara qatılan Gastone Peri dünya çempionu ünvanını əldə etdi. Bu qələbədən sonra şirkətin loqosuna dəfnə yarpağı əlavə edildi.

1930 – cu illər

30 – cu illərə şirkət yeni avtomobili 6C 1750 modelinin istehsalı ilə qədəm qoydu. Bu avtomobil də yarışlarda saysız-hesabsız qələbələr qazandı.

Le Mans avtomobil yarışlarında bu vaxta qədər mövcud olan ingilis və fransız hegemonluğunu qırmaq üçün 8C 2300 modeli dizayn edildi.

Dayanıqlılıq yarışlarına məxsusi olaraq hazırlanan P3 modeli isə ilk tək oturacaqlı və arxa hissədən çəkməklə hərəkətə gətirilən dizayn oldu.

1933 – cü ildə Ugo Gobbato şirkətə rəhbərlik etməyə başladı. Onun idarəçiliyi ilə Alfa Romeo – nun yarış fəaliyyətləri Ferrari komandasına transfer edildi.

Related image

Ugo Gobbato

O dövrdə alman yarış avtomobil markalarının dominant rola sahib olduğu bir şəraitdə Alfa Romeo – da yeni addımlar atdı. Luigi Bazzi “Bi-motore” adlı bir avtomobil dizayn etdi. Bu avtomobildən təkcə 2 ədəd istehsal edildi və həmin dövrün sürət rekordunu yenilədi.

1939 – cu ildə Ugo Gobbato Neapol şəhərində yeni mühərrik fabriki təsis etdi. Həmin dövrdə dünyanın ən nüfuzlu təyyarə firmalarının mühərrikləri burada istehsal edilirdi.

Ən sərfəli kredit üçün müraciət et

1940 – cı illər

28 aprel 1945 – ci ildə Ugo Gobbato işə gedərkən naməlum bir şəxs tərəfindən qətlə yetirildi. Alman və italyan faşistlərlə əlaqə qurmaqda ittiham edilən Gobbatonun ölümü və davam edən müharibə səbəbilə Alfa Romeo çətin bir dövrə qədəm qoydu.

Paskal Qallonun rəhbərlik etməyə başladığı şirkətin baş mühəndisi Orazia Satta Puliga oldu. Bu dövrdə şirkət hərbi istehsalı dayandıraraq daha kütləvi istehsala başlamağa qərar verdi.

Paskal Qallo

Müharibədən sonra İtalyan tərzini əks etdirən Freccia Doro adlı model görünüşü ilə göz qamaşdırırdı.

1950 – ci illər

Müasir və rahat bir avtomobil olan “Alfa Romeo 1900” modeli orta təbəqəyə məxsus ailələr üçün olduqca yaxşı bir seçim idi. Qiyməti münasib olmaqla yanaşı çox yaxşı performans göstərən modelin satışları da uğurlu olmuşdu.

Bu dövrdə Formula 1 yarışlarında Alfa Romeo üstünlüyü görünürdü. Manuel Fangio – nun rəhbərlik etdiyi yarış heyəti 159 modeli ilə iki dəfə Formula 1 qalibi oldu. Rəqiblərinə qarşı böyük üstünlük əldə edən Manuel Fangio bu uğurları ilə Formula 1 tarixinə adını yazdırdı.

Manuel Fangio

Məşhur “Giuiletta” modeli də bu dövrün məhsuludur. Hətta həmin dövrdə şirkət yarışlardan uzaqlaşmağa hazırlaşır və sözügedən modelin təkmilləşdirilməsi ilə bağlı çalışırdı.

1960 – cı illər

Guiseppe Luraghi

1960 – cı illərdə şirkətin rəhbərliyinə Guiseppe Luraghi gəldi. Neapol yaxınlarında daha yeni bir fabrik də açan Luraghi şirkətin böyüməsində böyük rol oynadı.

1962 – ci ildə “Giulia” adlı yeni model istehsal edildi.

Bir il sonra şirkət avtomobil yarışlarına yenidən qatılma qərarı aldı.

1970 – ci illər

1970 – ci ildə “Alfa Romeo Montreal” adlı yeni model tanıdıldı. 8 silindirli mühərrikə sahib olan bu avtomobil 200 at gücündə idi və saatda 250 km sürətə çata bilirdi.

1974 – cü ildə şirkətin baş dizayneri Rudolf  Hruska oldu. O, şirkət haqqında belə deyirdi:

“Alfa Romeo təkcə bir avtomobil şirkəti deyil. Alfa Romeo bir növ aludəlik, həyat tərzidir. Şirkətin kökündə emosiyalar və əzm dayanır.”

1980 – ci illər

1980 – ci illərdə Alfetta modeli V6 mühərriki ilə gücləndirildi və Amerika və Avropa başda olmaqla dünya üzrə bir çox yarışların kralı oldu.

1986 – cı ildə Alfa Romeo şirkəti Fiat şirkətinə satıldı və Milan şəhərində Alfa Romeo dizayn və Ar-Ge mərkəzi quruldu. 145, 147, 156 kimi modellər burada dizayn edildi.

1990 – cı illər

1992 – ci ildə təhlükəsizliyin ön planda olduğu bir model olan “Alfa Romeo 155” tanıdıldı.

2000 – ci illər

2005 – ci il şirkət üçün mühüm dönüş nöqtəsi oldu, çünki şirkət 159 modelini bazara çıxardı. Bu yeni modeldə təhlükəsizlik, idman görünüşü, rahatlıq ön planda idi.

2010 – cu illər

Ötən il ilk dəfə SUV seqmentində (yolsuzluq avtomobilləri) bir avtomobil istehsal edən şirkət “Stelvio” modeli ilə lüks SUV seqmentinin iddialı nümayəndələrindən birinə çevrildi və italyan dizaynı ilə texnologiyanın necə uğurla birləşə biləcəyini bir daha sübut etmiş oldu.

Həmçinin oxu: Lüks avtomobil rəqabəti: BMW vs Mercedes-Benz

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et