"İşləyən anaların uşaqları daha uğurlu və qayğıkeşdir" - ARAŞDIRMA | Banco.az

"İşləyən anaların uşaqları daha uğurlu və qayğıkeşdir" - ARAŞDIRMA

İşləyən anaların əksəriyyəti vicdan əzabı çəkir ki, övladlarına çox vaxt ayıra bilmirlər. Ancaq yeni tədqiqatlar göstərir ki, bu duyğu əsassızdır.

Harvard biznes məktəbinin tədqiqatçıları iyirmidən çox ölkənin məlumatlarını təhlil edib. Bu məlumatlar 2002-2012-ci illərdə aparılmış böyük araşdırmanın nəticəsidir. Məlum olub ki, evdar qadınların qızları (66%) ilə müqayisədə işləyən anaların qızlarının (69%) gələcəkdə karyera qurmaq şansı daha yüksəkdir. Həm də onlar işdə daha çox vaxt keçirirlər, orta hesabla 6% daha çox qazanırlar, yüksək vəzifələrə çəkilmək şansları da 18% ilə müqayisədə 22%-dir. Eyni zamanda ev işlərinə daha az vaxt sərf edirlər.

Araşdırmanın əsas müəllifi professor Ketlin Makginn deyir: “Mən güman edirəm ki, işləyən analarını müşahidə edən qızlarda təsəvvür formalaşır ki, özünü gələcəkdə necə aparmaq lazımdır”.

Həmçinin oxu: “Amazon”un 4%-ini almış Makkenzi Bezos əslində kimdir? 

Bəs oğlanlar? Ananın işləməsi faktı oğlan uşaqlarının gələcək əmək fəaliyyətinə heç bir təsir göstərməyib. Lakin işləyən anaların oğulları yaxınlarına münasibətdə daha qayğıkeş olur və ev işlərində kömək etməyə də meyllidirlər. Evdar qadınların oğulları ilə müqayisədə daha çox kömək edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar 25 ölkədə aparılmış beynəlxalq sosial tədqiqatlar nəticəsində əldə olunub. Respondentlərdən analarının onlar 14 yaşdan kiçik ikən işləyib-işləmədiyi soruşulub. Müəyyən edilmiş korrelyasiya (iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir) qadının cəmiyyətdəki rolu barədə ictimai fikirlərin qarışıq olduğu ABŞ və İsrail, qadının cəmiyyətdəki roluna mühafizəkar yanaşmanın hökm sürdüyü Meksika və Rusiya kimi ölkələrə daha çox aiddir. Qadınların hüquq bərabərliyinin aksioma çevrildiyi Skandinaviya ölkələrində qadının karyeranı və ya sırf ailəni seçməsi uşaqların gələcəyinə, demək olar ki, təsir etmir.

“İşləyən analar özlərini günahlandırırlar ki, bütün vaxtlarını evdə keçirsəydilər, uşaq üçün daha yaxşı olardı. Amma bizim nəticələrimiz göstərdi ki, analarının bir müddət işdə olması onlar üçün daha yaxşıdır”,– Ketlin Makginn bildirir.

Həmçinin oxu: Xəyallarınızdakı işi necə tapa bilərsiniz?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et