İşi harada axtaraq? | Banco.az

İşi harada axtaraq?

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində toxunduğu məsələlərdən biri də məşğulluq probleminin həllidir. Ölkə başçısı bildirib ki, bu istiqamətdə yeni konsepsiyanın hazırlanmasına, potensial iş yerlərinin tapılmasına ehtiyac var: 

“Bu il üçüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimidir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılıb ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılıb, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıb, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. 

Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaq. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcək. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, bir də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülüb. Biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır”. 

Göründüyü kimi, artıq yeni iş yerləri üçün potensial sahələrin araşdırılması göstərişi verilib. Bəs bu sahələr hansılardır? Ekspertlərin fikrincə, bu istiqamətdə diqqət yetiriləsi əsas sektorlardan biri turizmdir. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyiş var. Hazırda respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 232-yə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5.4 dəfə artaraq 516-ya çatıb. Bunların 76 faizi regionlarda yerləşir. Bütün bunların nəticəsi olaraq 2012-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2003-cü illə müqayisədə 2.4 dəfə artaraq 2.484.048 nəfər olub. 10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 3.9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 3.4 dəfə artım olub. Azərbaycana gələn xarici turistlərin ölkəmizdəki xərcləri 2003-cü ildə 57.7 mln. ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2012-ci ildə 1.479,0 mln. ABŞ dolları olub. Bundan başqa, ölkə üzrə ÜDM-də turizmin çəkisi bu illər ərzində 2 dəfə artıb. Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Mütəxəssislər hesab edir ki, turizmin inkişafı yeni iş yerləri baxımından çox əhəmiyyətlidir. Bu sahə nə qədər inkişaf etsə, xüsusilə regionlarda insanların işlə təminatı məsələsi o qədər həllini tapmış olar. Bu, yerli əhali üçün də yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, maddi rifahın və sosial-mədəni səviyyənin artmasına səbəb olur. Yüksək işsizlik səviyyəsi olan ölkələr üçün bu, böyük əhəmiyyət kəsb edir. Turizm müəssisələrində bəzi iş yerləri mövsümi xarakter daşıyır və müəyyən hallarda daha çox qadın əməyinin (xadimə, paltaryuyan, mətbəx işçisi və s.) istifadəsini tələb edir. Bu isə qadınların da iş fəaliyyətinə cəlb olunması deməkdir. Regionlarda müxtəlif turizm növlərinin inkişafı müxtəlif kadrlara ehtiyac yaradır ki, bu da təhsilə marağı artırır, yeni iş yerlərinin açılması ilə nəticələnir, yerli sakinlər üçün isə gəlir mənbəyi deməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Azərbaycanda yeni iş yerləri üçün potensial sahələr qiymətləndirilən zaman ixrac potensialına malik olan sektorlar nəzərə alınmalıdır: “Bu, daha çox ölkədə aparılan sənayeləşmə siyasəti daxilində həyata keçirilməlidir. Ölkə prezidenti praktik olaraq öz çıxışında birmənalı şəkildə qeyd edib ki, Azərbaycan yerli istehsalın formalaşması və inkişafına xidmət edən sektorları dəstəkləyir. Bu baxımdan prioritet sektorlar məhz yerli istehsalın formalaşdırılmasına xidmət edən sektorlar olmalıdır. Bizim qiymətləndirməmizə görə, yerli kənd təsərrüfatı məhsullarının emalı sektoru məhz yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli ola bilər. Nəzərə alsaq ki, bu sektorun ixrac potensialı yüksəkdir və bu sahədə bir sıra innovativ layihələr, o cümlədən aqro-parkların yaradılması kimi proqramların həyata keçirilməsi planlaşdırılır, o baxımdan sözügedən sektorda yeni iş yerlərinin yaradılmasına nail olmaq daha asandır. Digər tərəfdən, yüngül sənaye də potensial dəstəklənə biləcək sektorlar sırasındadır və bu sektorun da ixrac potensialı yüksəkdir. Qonşu ölkələrə ixrac imkanlarını nəzərə aldıqda, kimya sənayesini bu aspektdən prioritet hesab etmək olar. Bütövlükdə prioritet sektorlar müəyyənləşdirilən zaman yalnız daxili bazardakı tələbat deyil, eyni zamanda ixrac potensialı da əsas meyar kimi nəzərə alınmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: kaspi.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et